Jurnalist həmkarlar ittifaqlarının durumu müzakirə edilib

Jurnalistlərin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi həyata keçirilir. Dünən layihə çərçivəsində “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanın media cameəsinin nümayəndələri ilə yanaşı beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin təmsilçiləri, xarici ekspertlər də iştirak edib.

Jurnalistlərin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi həyata keçirilir. Dünən layihə çərçivəsində "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycanın media cameəsinin nümayəndələri ilə yanaşı beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin təmsilçiləri, xarici ekspertlər də iştirak edib. Tədbiri giriş sözü ilə açan Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihə barədə məlumat verib. Bildirib ki, layihənin icrasına 2014-cü ildən başlanmalı idi. Lakin müəyyən texniki prosedurlar, sənədləşmə işləri ilə əlaqədar onun icrası uzanıb və layihə bu ildən etibarən icra edilməyə başlanılıb. Layihə çərçivəsində "Həmkarlar ittifaqı təşkilatının üzvünün məlumat kitabı" və "Əmək hüquqları və onların qorunması mexanizmləri: Kollektiv danışıqlar və kollektiv müqavilələr" kitabçaları çap edilib.

Beynəlxalq Jurnalistlər Federasiyasının layihələr departamentinin rəhbəri Adrien Collin bildirib ki, Cənubi Qafqazda jurnalistlərin bir sıra problemləri var. Onun sözlərinə görə, əmək müqavilələrinin, həyat sığortasının, iş yerində təhlükəsizliyin olmaması və digər təzyiqlər var. Siyasi iradə olmasa, çətinliklərin öhdəsindən gələ bilməyəcəyik: "İş verənlər həmkarlar ittifaqları yaratsalar da, bunların işçilər üçün bir faydası var. Azərbaycanda qanunvericilik yüksək səviyyədə olsa da, jurnalistlərin əmək hüquqları sahəsində problemlər qalır. Sovet irsi dəyişdirilməli, sağlam bazar iqtisadiyyatına keçilməlidir. Jurnalistlər bu gün hüquqlarını müdafiə etmək əvəzinə, işdən çıxırlar, həmkarlar ittifaqlarının onlara kömək edəcəyinə inanmırlar. Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistlərə hər zaman kömək etməyə hazırdır. Jurnalistlərin yaxşı iş yeri olsa, onlar daha keyfiyyətli iş təqdim edəcəklər".

Sonra söz alan JuHİ sədri deyib ki,sovetlər dövründə olduğu kimi, bu gün də Azərbaycanda həmkarlar təşkilatlarına sanatoriyalara, kurortlara göndərişlər verən qurumlar kimi baxılır. Əslində isə həmkarlar ittifaqlarının missiyası başqadır.

Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun sədrliyi ilə "Azərbaycanda sosial dialoq və əmək standartları: Mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar" adlı birinci sessiya işə başlayıb. Ə. Amaşov beynəlxalq təcrübədə işçilərin hüquqlarının həmkarlar təşkilatları tərəfindən qorunduğunu söyləyib. Azərbaycanda media sahəsində mövcud olan vəziyyətə də toxunan Mətbuat Şurasının sədri bu sahədə vəziyyətin qənaətbəxş olduğunu söyləyib. Qeyd edib ki, xüsusilə 2009-cu ildə KİVDF-nin yaradılmasından sonra müsbət tendensiya müşahidə edilməyə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlərin sosial problemlərinin həlli istiqamətində KİVDF-nin strategiyasından danışıb, Bildirib ki, Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranana qədər redaksiyaların 90 faizində mühasibatlıq sənədləri yox idi. Fondun icraçı direktoru bildirib ki, həmin vaxt redaksiyaların çoxunda əmək müqavilələri olmayıb, əmək haqları "paket" halında verilib: "Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət yenə belədir, əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra halda jurnalistlərin əmək haqlarını aşağı göstərir. Onlar 22 faiz sosial ödənişlərlə bağlı bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistem artıq tətbiq olunur, əmək müqavilələri ilə bağlı məlumat avtomatik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Jurnalistlər bunu bilməlidirlər".Vüqar Səfərli çıxışında yeni binada mənzil almaq üçün namizədliyi irəli sürülən jurnalistlərin əmək stajı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğular göndərildiyinə də toxunub. Bildirib ki, 2006-cı ildən əmək fəaliyyəti ilə bağlı bütün məlumatlar qeydə alınıb, elektron qaydada saxlanılır, sosial kartlar mövcuddur: 2Şübhə doğuran jurnalistlərin əmək stajı ilə bağlı sorğulara cavablardan məlum olub ki, bir çox halda əmək kitabçasına iş stajı barədə möhür vurulub, ancaq bu, saxtadır. Bu, əslində cinayətdir".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin hüquq müfəttişi Ruslan Bağırov "Azərbaycanda beynəlxalq əmək standartlarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər, əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda çıxış edib.

"Əmək hüquqlarının qorunmasında mövcud vəziyyət, əmək standartlarının inkişaf etdirilməsinin modern yolları" mövzusunda çıxış edən İqtisadi-Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov nəzərə çatdırıb ki, son illər əmək hüquqlarının qorunması ilə bağlı atılan əsas addım əmək müqavilələrinin elektron qaydada qeydiyyatının aparılmasıdır: "İş yerlərində əmək müqavilələrinin bağlanıb-bağlanmamasının yoxlanılması praktiki olaraq çətin, bəzi hallarda mümkünsüzdür. Ancaq əmək müqavilələrinin elektron qaydada sistemə daxil edilməsi ilə nəzarətin həyata keçirilməsi daha asan olacaq. Digər tərəfdən, işçi ilə əmək müqaviləsi bağlanmırsa, qeyri-leqal iş fəaliyyətindən söhbət gedirsə, işçinin əmək hüquqlarının qorunması mümkün olmur. Çünki əmək hüquqları əmək müqaviləsinin bağlanması ilə yaranır. Onu da nəzərə almaq lazımdır ki, işçilərlə xidməti müqavilə bağlanması əmək hüquqları yaratmır. Təəssüf ki, son dövrlər xidməti müqavilələr təklif edən iş yerlərinin sayı artır. Xidməti müqavilə ilə şəxs xidmət yerinə yetirir, bu xidməti müqavilələri ləğv etmək də çox asandır".

"Azərbaycan jurnalistlərinin mövcud sosial durumu: Sosial hüquqların qorunmasında həmkarlar təşkilatlarının rolu" mövzusunda çıxış edən M. Ələsgərli bildirib ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın müxtəlif ölkələrinin 600 min jurnalistini ətrafında birləşdirir: "Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistlər üçün layiqli iş şəraitinin yaradılmasının vacibliyini

əsas götürür. Layiqli iş yeri jurnalistin iş yerində təhlükəsizliyinin qorunması, yaxşı əmək haqqı verilməsi, əmək hüquqlarının qorunmasını və digər məsələləri nəzərdə tutur. Azərbaycanda jurnalistlərin sosial rifahının yüksəldilməsi xüsusi diqqət mərkəzindədir. Ancaq ilk növbədə redaksiyaların özündə ilkin həmkarlar təşkilatları yaradılması zəruridir. Çünki redaksiyalarda olan həmkarlar təşkilatları o jurnalistlərin problemlərini daha yaxşı bilir, gündəlik redaksiya rəhbərliyi ilə danışıqlar apara bilər. Jurnalistlərin əmək hüquqlarının qorunması son nəticədə peşəkar jurnalistikanın inkişafına səbəb olur. Bu gün ölkədə jurnalistlərin 87 faizinin əmək müqaviləsi var. Ancaq məsələ ondadır ki, bəzi hallarda rəsmiləşdirilən əməkhaqqı ilə mövcud əmək haqqı arasında fərq var. Jurnalistlər bilməlidirlər ki, əmək haqlarının aşağı göstərilməsi gələcəkdə pensiya təminatına mənfi təsir göstərəcək".

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün medianın məhdud vasitələrlə fəaliyyət göstərdiyini bildirib: "Söhbət ilk növbədə maliyyə vəsaitlərinin məhdudluğundan gedir. Öncə medianın gəlirlərini beynəlxalq səviyyəyə çatdırmaq lazımdır. Əks halda, indi bu vəsaitlərin bir qismini vergilərə yönəltmək çox çətindir. Biz media olaraq böyüyə bilmirik. Bu gün Azərbaycanda yazılı media KİVDF-nin sayəsində ayaqda qalır. Əgər KİVDF-nin dəstəyi olmasaydı, "Yeni Müsavat" qəzetini saxlamaq mümkün olmazdı".

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas ilk növbədə KİV-in reklam probleminin həll olunmasını vacib sayıb.

Sonra konfrans öz işini Orta Asiya və Güney Qafqaz Söz Azadlıq Şəbəkəsinin rəhbəri Azər Həsrətin rəhbərliyi ilə davam etdirib. Sessiyada "Avropada jurnalistlərin həmkarlar hərəkatına baxış: əmək hüquqları və onların qorunmasındakı problemlər" mövzusunda çıxış edən Avropa Jurnalistlər Federasiyasının təmsilçisi Mehmet Köksal deyib ki, bu tədbirdə də media rəhbərləri reklam gəlirlərinin, maliyyə durumlarının əmək fəaliyyətinin leqal təşkilində çətinlik yaratmasından şikayətlənir: "Harada jurnalistlər rahat şəkildə çalışırlarsa, daha faydalı olurlar. Biz bunu dəstəkləyirik. Apardığımız araşdırmalara əsasən jurnalistlərin 80 faizi əmək haqlarının az olduğu qənaətindədir, 83 faizi bu və digər səbəblərdən jurnalistikadan getmək barədə düşünür. Ancaq xalqların sosial mediadan daha çox KİV-lərə inandığı da üzə çıxıb. Bütün bunlara görə də jurnalistlərin həmkarlar təşkilatlarının fəaliyyətinin aktivləşməsi vacibdir".

"Kollektiv müqavilələr, onların bağlanması mexanizmləri və əhəmiyyəti" mövzusunda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq müfəttişi Sevil Zeynalova bildirib ki, həmkarlar təşkilatlarının əsas məqsədi işçilərin əmək hüquqlarının qorunmasıdır: "Bir müddət əvvəl Müəllimlər Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdi, çoxlu sayda müəllim işsiz qalmışdı. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Müəllimlər Universitetinin 300-ə qədər işsiz qalmış əməkdaşlarının birləşmədən sonra Pedoqoji Universitetdə işlə təmin olunmasına nail oldu. Bu baxımdan iş verənlərlə kollektiv müqavilələrin imzalanması böyük əhəmiyyət daşıyır. Kollektiv müqavilə işverənlə həmkarlar ittifaqı, yaxud işverənlə əmək kollektivinin birgə yaratdığı qurum arasında imzalanır".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquqşünası Könül Ələkbərova "Kollektiv sövdələşmə və kollektiv müqavilənin Azərbaycanda tətbiqi durumu" mövzusunda danışıb. Sonra konfrans öz işini müzakirələrlə davam etdirib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31