Hələ -ov, yev-lərdən qurtula bilməmişik
Son günlər cəmiyyətdə əsas müzakirə edilən məsələlərdən biri də xarici dillərlə bağlıdır. Daha doğrusu rus dilinin xarici dil kimi tədrisi ideyası, təşəbbüsüdür. Bir çoxları rus dilinin orta məktəblərdə xarici dil kimi tədrisini təklif etdiyi halda, digərləri qətiyyətlə buna qarşı çıxır, rus dilini yaxına biraxmaq istəmirlər.
30 İyun 2017 15:05 Sosialİlqar Altay: "Milli dilimizi yenidən qurub, formalaşdırıb inkişaf etdirmək əvəzində zorla milli qürur adıyla onu beynəlxalq arenaya çıxarmaq istəyirik"
Son günlər cəmiyyətdə əsas müzakirə edilən məsələlərdən biri də xarici dillərlə bağlıdır. Daha doğrusu rus dilinin xarici dil kimi tədrisi ideyası, təşəbbüsüdür. Bir çoxları rus dilinin orta məktəblərdə xarici dil kimi tədrisini təklif etdiyi halda, digərləri qətiyyətlə buna qarşı çıxır, rus dilini yaxına biraxmaq istəmirlər. Ümumiyyətlə, sözügedən məsələ uzun illərdir ki, hətta Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etdikdən sonra tez-tez gündəmə gələrək cəmiyyətdə müəyyən fikir ayrılıqları, ziddiyyətlərə səbəb olur. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da proseslərə fərqli prizmadan yanaşır. O, bildirib ki, hər şeydən əvvəl, dil bir milli atribut olmaqla bərabər, həm də bayraq, gerb, himndən fərqli istifadə vəsaiti, vasitəsidir. Onun sözlərinə görə, dil cəmiyyətdəki ünsiyyət, mübadilə üçün vacib vasitədir: "Və həm beynəlxalq müstəvidə də anlaşma və anlama hərəkətləri üçün vasitədir. İndi gəlin, mənim dilim, bir vasitə kimi bu gün düşünək ki, nəyə qadirdir? Bazası 1918-də ilk Cumhuruyyətdə alayarımçıq formalaşmış içi ərəb-fars sözləri ilə dolu, qarışıq, sistemsiz bir dil. Sonra da Sovetlər vaxtı içinə rus sözləri girdi. Müstəqillikdən də bəri bəzi ingilis və Türkiyə türkcəsi sözləri. Hələ bir, düz-əməlli, bu dilin üstündə alimlər oturub işləməyiblər, hələ -ov, yev-lərdən, zadə-lərdən qurtula bilməmişik. İndi təsəvvür edək ki, yola çıxırıq. Alman "mersedes"i, rus "jiquli"si və bizim də tutaq ki, aşağılanmayaq, amma real, bir "zaparoje" kimi səviyyəli öz maşınımız var. Biz uzaq yola, xaricə çıxmalıyıq, nə sürək? Lap milli, doğma deyib, sevdiyimiz bu "zaparoje" ilə hara, necə gedək? Bizə axı getmək lazımdı, yoldayıq, zaman da gözləmir. Məcburuq ki, "mersedes" də olmasa, heç olmasa rusun "jiquli"sini istifadə edək. Milli dil deyib qışqırıq salmaqla deyil axı. Qışqıranda, hay-küy, hikkə ilə bu düzələrsə, gəlin elliklə milli hikkələnək, xarici hər şeyi rədd edək, nə olsun? Onda, Amerikanlan "Boeng"inə niyə minirik, gözləyək ki, öz uçaq bazamız olsun? Xaricin kompüter texnologiyası nəyə lazımdır? Bizim milli ədəbiyyat deyən alim ictimai xadimlər danışanda Heğel, İbn-Sinadan, Kantdan misal çəkirlər. Öz dahi milli mütəfəkkir alimindən çək də. Gərək yetişsin axı. Rus və Türk dili ilə dilimizi müqayisə etmək olar ki, onun bu vəziyyətində? Türk dilini, Atatürk yeni Türkiyəni quran kimi, birinci ərəb əsarətindən xilas etdi. Xüsusi komissiya təşkil etdi bu barədə. Nümayəndə heyəti göndərdi Orta Asiyaya, Qazaxstana. Qədim Türk sözlərini axtarıb, tapıb Türkiyəyə daşımaq üçün. Neçə il alimlər oturub yeni türk əlifba, dilini formalaşdırdılar". İlqar Altay qeyd edib ki, biz isə, milli dilimizi yenidən qurub, formalaşdırıb inkişaf etdirmək əvəzində zorla milli qürur adıyla onu beynəlxalq arenaya çıxarmaq istəyirik: "Hələ bir inciyirik ki, xaricilər, heç olmasa, Türkiyə türkləri bizim dildə danışmır. Açın baxın, görün internetdə hansı lüğətimiz, tərcümələrimiz və s. kimi imkanlar istifadə üçün yetərlidir. İngilisi öyrənən Azərbaycan sektoru hətta məcburdu ruscadan çıxsın ona. Çünki, lüğət, söz bolluğu, qrammatika, müasir dərslik kifayət deyil. Latın əlifbamıza gətirib "ə" hərfini salmışıq, nə kompüter götürür, nə də ki, dünya qalıb çaş-baş ki, bu nə hərfdi. Rəhmətlik Elçibəy dedi ki, nolar gəlin bu "e"-nin başına iki nöqtə qoyaq, olsun "ə", Türkiyədəki kimi. Dedilər yox, milli qürur da var. Milli qürurun altında milli çalışqanlıq, milli yaradıcılıq, milli hasilat olmalıdır, milli tənbəllik, bekarçılıq yox. O bəzi dindarlar kimi, orta əsr nağıl-kitabını qürurla bir dərin elm hesab edib yeniliyi, başqalarını, təkamül inkişafı bəyənməmək inadcıllığı, inkarçılığı ilə nə düzəlir? Müasir dünya belədir. Bu saat hamı, bütün ölkə-millətlər marafona çıxıblar. Sürətlə dayanmadan, amansız bir rəqabətlə irəli gedirlər. İnkişaf marafonu. Sənə də deyirlər ki, maşının varsa, yığıb hazırlamısansa, gəl qoşul yarışa, bizlə. Maşının yoxdursa, ya hazır deyilsə, gəl min bizimkilə gedək, hələlik, özününkünü düzəldib qaydaya qoyanacan. Yox, o da yoxdursa və bunu da istəmirsənsə milli, dini, coğrafi və s. qürur deyib duracaqsansa, onda özün bilərsən, biz getdik, qal burda, yerində say". İlqar Altay deyib ki, hazırda cəmiyyədə müzakirə obyektinə çevrilən mövzu doğurdan ağırdır, ağrılıdır, narahatedicidir, toparlayıb lakonikləşdirmək olmur: "İllər, əsrlərlə formalaşıb bərkimiş bir milli formatın tənqidi çətindir, ağır hissiyyatdan keçir".
Süleyman