Müştəri cəlb etmək istəyi vətənpərvərlik hissini üstələyib
Dünyanın bir çox lkələrində olduğu kumi Azərbaycanda da reklam sahəsində problemlər yaşanmaqdadır. Ancaq həmin problemlərin əksəriyyətinin özünəməxsus olduğunu nəzərə alsaq, onların böyük bir hissəsinin aradan qaldırılması mümkün olar. Məlumat üçün qeyd edək ki, reklam sahəsində ən çox problemlər bu sahəni tənzimləyən qanunvericiliyin icrası ilə bağlıdır.
9 İyun 2017 13:39 SosialSahibkarların əcnəbi dillərdə reklamları Bakını zəbt edib
Dünyanın bir çox lkələrində olduğu kumi Azərbaycanda da reklam sahəsində problemlər yaşanmaqdadır. Ancaq həmin problemlərin əksəriyyətinin özünəməxsus olduğunu nəzərə alsaq, onların böyük bir hissəsinin aradan qaldırılması mümkün olar. Məlumat üçün qeyd edək ki, reklam sahəsində ən çox problemlər bu sahəni tənzimləyən qanunvericiliyin icrası ilə bağlıdır. Məlumdur ki, Azərbaycan Respublikası ərazisində reklamda dövlət dili işlənməli və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Yalnız zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Reallıqda isə tamamilə başqa mənzərənin şahidi oluruq. Demək olar ki, paytaxtın küçələrindəki reklamların əksəriyyəti əcnəbi dillərdədir. Bu sahədə elə vəziyyət yaranıb ki, nə azərbaycanlılar özləri, nə də xarici vətəndaşlar küçələri seyr etdikdə buranın hansı ölkə olduğunu anlaya bilmirlər. Çünki, paytaxt küçələrində Azərbaycanı tanıdan heç bir nişanəyə rast gəlmək mümkün deyil. Bütün restoran və barların adı xarici dildə olmaqla bərabər əcnəbi adlarla verilib, inzibati binalar və beynəlxalq təşkilatların lövhələrində isə Azərbaycan dilində olan tanıtım reklamları elə vəziyyətdə verilib ki, oxunması belə mümkün deyil. Hələ Azərbaycan dilində verilən reklamlarda dil üslubu və orfoqrafik səhvləri demirik. Paytaxt Bakının küçələrinin qısaca seyri deməyə əsas verir ki, ölkədə Azərbaycan dilinə hörmətsizlik baş alıb gedir. Dükanların, otellərin, restoranların, kafelərin, çayxanaların əksəriyyətinin adı xarici, əsasən ingilis dilində yazılır. Son vaxtlar isə buna ərəb və fars dillərinə yazılan tanıtım reklamları da əlavə olunub. Bu hala mərkəzi küçələrdə daha çox rast gəlinir. Hətta paytaxtın mərkəzində olarkən özümüzü Azərbaycanda deyil, hansısa bir xarici ölkədə təsəvvür edirik. Məncə belə vəziyyət Bakının gündən-günə gözəlləşdiyi qədər fəxr ediləsi hal deyil. Bakının gözəlləşməsi və müasirləşməsi heç bir halda onun milliliyini itirməsi ilə nəticələnməməlidir. Məlumat üşün qeyd edək ki, paytaxtın Nizami küçəsində ("Torqovı") bir sıra obyektlərin adlarının tərcüməsi mümkün də deyil. Hətta kafe, restoran sözlərini "reustorant", "cafe" yazırlar. "Pizza İnn", "Amazon Cafe", "Balizza cafe", "Bookcafe" "Ali & Nino", "Teatral Tea club" və s. buna misal göstərmək olar. Görünür, kafe, restoran, mağazalara Azərbaycan dilinə aidiyyəti olmayan adlar qoymaqla sahibkarlar qarşılarına əcnəbi müştərilərin cəlb edilməsi məqsədini qoyublar. Lakin belə sahibkarlar vətənpərvərlik hissindən uzaq olduqlarından düşünmürlər ki, hər bir əcnəbinin Azərbaycan dilində bir söz öyrənməsi əslində onun Vətəninin, dilinin təbliği deməkdir. Bunun üçün isə ən yaxşı vasitə ictimai iaşə obyektlərinə doğma dildə adların verilməsidir. Lakin bu azmış kimi hətta mağazalarda, restoranlarda xidmətçilər də öz dilimizdə danışmırlar. Üstəlik menyular da əcnəbi dilləində hazırlanır. Paytaxtın mərkəzi küçələrinin birində fəaliyyət göstərən geyim mağazasında çalşan satıcı ilə apardığımız söhbət zamanı bəlli oldu ki, sahibkarlar nəinki obyektlərində danışıqların Azərbaycan dilində aparılmasında maraqlı deyil, heç bu dildə danışanı işə götürmürlər. Satıcı belə vəziyyətin yaranmasını mağazaya gələn müştərilərin əksəriyyətinin əvnəbi dilli olması ilə izah etdi: "Alıcıların 80 faizi rus dilində danışır. Mənim rus dili səviyyəm bir az aşağı idi deyə müdir məni satıcı kimi işə götürmək istəmirdi. Deyirdi ki, rus dilini bilmirsənsə, müştəri ilə necə danışacaqsan?" Məlumat üçün qeyd edim ki, bizim Rusiyanın təsiri altında olan kimi təqdim etdiyimiz Orta Asiya ölkələrində belə mağazalarda əcnəbi dilində danışmaq yasaqdır. Məsələn, Özbəkistanda mağazalarda rus dilində danışan müştərilərə xidmət göstərməkdən imtina edilir. Şəxsən mən bunun şahidi olmuşam və yalnız azəri terkçəsində danışmaqla alver edə bildim. Azərbaycanda isə bu sahələrdə qeyri-millətdən olanlar işə götürülür ki, əcnəbi dillərdə sərbəst danışa bilsinlər.
Nəhayət Azərbaycanın hər yerində, xüsusilə paytaxt Bakıda mövcud olan, müxtəlif məqsədlər üçün istifadəyə verilən obyektlərin, kafe və restoranların adları, eləcə də müəyyən reklamların xarici dillərdə yazılması ilə bağlı problem həllini tapacağına ümudsiz deyilik. Belə ki, dövlət başçısı tərəfindən təsdiq edilən "Reklam haqqında" qanunun icraya yönəldilməsilə sözügedən problemin həllini tapacağı gözlənilir. Belə ki, Qanunda reklama dair ümumi və xüsusi tələblər, məhdudiyyətlər müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Bir sıra reklam subyektlərinin məsuliyyəti gücləndirilib. Layihənin müəlliflərindən olan Əli Məsimli deyib ki, qanunun işlək vəziyyətə gəlməsi üçün bir qədər gözləmək lazımdır: "Qanunun necə işləyəcəyi bir müddət sonra məlum olacaq. Qısa müddətdə hər şeyin dəyişməsini gözləmək olmaz. "Reklam haqqında" qanunda ictimaiyyət üçün kifayət qədər maraqlı məqamlar var". O, bildirib ki, qanun tam işlək vəziyyətə gətirildikdən sonra xarici dildə olan müxtəlif obyektlərin, kafe və restoranların adları, həmçinin digər narazılıq doğuran məqamlar ortadan qalxacaq: "Qanunda reklamların hansı dildə yazılması məsələsi birmənalı şəkildə Konstitusiyaya uyğun öz əksini tapıb. Hər hansı ad əvvəlcə Azərbaycan dilində, sonra isə hərflərinin ölçüsü öz dilimizdəkindən kiçik olmaq şərti ilə yazıla bilər. Əksini qanun qadağan edir".
Nurlan