Pambıqçılığın inkişafı ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək

Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkədə qeyri-neft sektoruna diqqəti daha da artırmış oldu.

Rövşən Ağayev: "Pambıq lifi toxuculuq sənayesi üçün xammal bazası rolunu oynaya bilsə, ölkənin iqtisadi qazancları əhəmiyyətli dərəcədə artar"

Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkədə qeyri-neft sektoruna diqqəti daha da artırmış oldu. Dövlət başçısının birbaşa nəzarəti altında hökumətin hazırladığı antiböhran tədbirlərində qeyri-neft sektoruna aid olan müxtəlif istiqamətlərin inkişaf etdirilməsi əksini tapırdı ki, bu sırada pambıqçılıq da mühüm yer tutur. Bu gün də ölkədə pambıqçılığın inkişaf etdirilməsi əsas diqqət mərkəzində olan məsələlər sırasındadır. Ötən həftə sonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi də bunun bariz nümunəsidir. Bu gün pambıqçılığın Azərbaycanda tənəzzülə uğradığını deyən dövlət başçısı bu sahənin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Prezident bildirib ki, biz Azərbaycana valyuta axınını təmin etməliyik: "Ona görə, ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa "Ağ qızıl" deyirlər. Bu il pambıqçılığın bərpasının birinci ilidir. Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən azı 100 min ton pambıq yığılmalıdır".

Bəs görəsən hazırda bu istiqamətdə vəziyyət necədir? İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, hazırda kəndlilər tarladan yığdıqları xam pambığın hər tonu üçün emal müəssisələrindən orta hesabla 450 manat vəsait alır. Onun sözlərinə görə, birinci növ pambıq üçün təxminən 500 manat, sonuncu növ üçün isə bu məbləğ 400 manat təşkil edir: "Emal müəssisələri fermerlərə verdikləri toxuma, zərərvericilərə qarşı mübarizə ilə bağlı dərmanlara, göstərdikləri texniki xidmətə (çiyid səpini, dərmanlama, pambığın kombaynla yığılması, zavoda daşınması) görə hər ton üçün təxminən 200 manat öz gəlirindən emal müəssisəsinə qaytarır. Nəticə etibarı ilə əgər fermer 1 hektar torpaqdan 3 ton xam pambıq yığırsa, qeyd olunan xərcləri çıxandan sonra 700-750 manat qazanc əldə edə bilir. Lakin torpaq sahibi suvarma və texnikanın tarladan götürə blmədiyi pambığın əllə yığılan hissəsini kənar muzdlu işçilərin yardımından istifadə etdikdə, gəlirlər bir qədər də azalır və təxminnə 500 manata enir". Bəs emal müəssisəsinin qazancı potensial olaraq nə qədər ola bilər? İqtisadçı deyir ki, beynəlxalq təcrübədə (məsələn, Türkiyə) zavoda qəbul edilmiş xam pambığın ilik emalında hər ton pambıqdan təxminən 40 faiz (400 kq) lif, 45-50 faiz (450-500 kq çiyid) alınır: "Hazırkı dünya bazar qiymətləri ilə 400 kq pambıq lifinin ixrac qiyməti 720 USD (hazırkı məzənnə ilə 1170 manat) təşkil edir. Xam pambığın hər tonunun maya dəyəri (450 -500 manat) çıxıldıqdan

sonra yerdə qalan təxminən 650-700 manat emalçıya yalnız ixracdan gələn ümumi gəlirdir. Bu məbləğdən pambıqayırma zavodunun xərcləri (işçi qüvvəsi, ödənilən vergilər, emalın təşkili üçün kommunal xərclər, amortizasiya ayırmaları və s.) çıxıldıqdan sonra yerdə qalan məbləğ emalçıların xalis qazancını təşkil edir. Əgər emal müəssisənin dəyər zəncirini davam edtirmək üçün istehsal infrastrukturu varsa, 1 ton xam pambıqdan gəlirləri lif ixracı ilə məhdudlaşmayacaq. Məsələn, beynəlxalq təcrübədə (məsələn, Türkiyə) çiyidin yağ çıxımı 14-17 faizdir. Hər ton xam pambıqdan əldə olunan 450-500 kq çiyiddən də 70-80 kq xam yağ alınır. Əlavə olaraq, 300 kq-a yaxın heyvan yemi yaranır. Hətta emal müəssisəsi özü yağ istehsalı imkanına malik olmasa belə, çiyidi xammal kimi bu sahədə ixtisaslaşmış müəssisəyə sata bilir. Məsələn, Azərbaycanda Şirvan şəhərində belə zavod mövcuddur. Başqa sözlə, emal müəssisəsinin hər ton xam pambıqdan qazancının üzərinə emal məhsullarından (çiyid, yağ və ya heyvan yemi) əldə olunan qazancları da əlavə etmək lazımdır". Rövşən Ağayev bir məqamı da qeyd edib: "Əgər pambıq lifi toxuculuq sənayesi üçün xammal bazası rolunu oynaya bilsə, ölkənin iqtisadi qazancları əhəmiyyətli dərəcədə artar. Məsələn, Türkiyədə ən son məlumata görə, toxuculuq sənayesi 2 milyard dollar dəyərində pambıq lifini xammal kimi qəbul edir. Bunun bazasında təxminən 15 milyard dollar əlavə dəyər yaradır. Bu sektor isə bütövlükdə 2 milyon nəfərə yaxın insan üçün məşğulluq imkanı yaradır. Yeri gəlmişkən, pambıqçılığın indiki alış qiyməti ilə fermerlər üçün normal gəlir gətirən bir sahə olması üçün hər hektarın məhsuldarlığının 3.5-4 tondan aşağı olmaması lazımdır. Başqa bir vacib məqam: pambıq emalı sektorunda indiki kimi 2 deyil, daha çox sayda bir-birilə rəqabət aparan şirkətin çalışmaq imkanı olmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31