Övladların valideyn qarşısındakı vəzifələri

Övladlarını cəmiyyətə tərbiyəli, yararlı bir insan kimi təqdim etmək hər bir valideynin ən böyük arzusu, hətta ən əsas vəzifəsidir. Azərbaycanda valideynlərin bir çoxu uşaqlarını mühafizəkar üsullarla tərbiyə etməyə üstünlük verir. Bəzi valideynlər hətta zorakı üsullardan istifadə edir. Bu baxımdan, övlad tərbiyə etmək valideynlərin üzərinə düşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir.

Onlardan valideynlərin xeyrinə aliment tutula bilər
 

Övladlarını cəmiyyətə tərbiyəli, yararlı bir insan kimi təqdim etmək hər bir valideynin ən böyük arzusu, hətta ən əsas vəzifəsidir. Azərbaycanda valideynlərin bir çoxu uşaqlarını mühafizəkar üsullarla tərbiyə etməyə üstünlük verir. Bəzi valideynlər hətta zorakı üsullardan istifadə edir. Bu baxımdan, övlad tərbiyə etmək valideynlərin üzərinə düşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir. Amma təəssüflə qeyd etməliyik ki, son zamanlar Azərbaycanda uşaqların üzləşdiyi problemlər, onların dilənçiliyə vadar edilməsi, yaxud da ailə tərbiyəsi görməyən uşaqların cəmiyyətə vurduğu ziyan-zərərlər həddi aşıb. İslamda övladın ata-ana qarşısında onlarla əlaqədar işlər xüsusunda icrası vacib olan vəzifəsi ikidir. Birincisi valideyinlərə yaxşılıqdır ki, bu hər bir övladın vəzifəsidir. Valideynlərə yaxşılıq deyərkən yoxsul və möhtac olduqları təqdirdə onlara maddi yardım etmək, yaşayış ehtiyaclarını təmin etmək, həmçinin, insan təbiətinin tələb etdiyi miqyasda, normal həddə olan istəklərini həyata keçirmək nəzərdə tutulur və bu qədərindən imtina etmək ata-ananın övlada qarşı yaxşı davranışları müqabilində naşükürlük hesab edilir. Valideynlərin vəziyyətinin maddi və fiziki sağlamlıq imkanları, yoxsul olub-olmamaq, bədən baxımından güclü və zəif olmaq və s. baxımından müxtəlif olması nəzərə alınmaqla bu yaxşılıq da fərqlidir. Digəri isə hərçənd valideyn övlada zülm etmiş olsa da, onlarla yaxşı davranmaq, istər danışıq, istərsə rəftar baxımından onlara qarşı ədəbsizlik etməməkdir. Hədislərdə deyildiyi kimi: "Əgər səni vursalar, de:"Allah sizi bağışlasın". Ata-ana qarşısında onun özü ilə əlaqədar işlər xüsusunda, məsələn, valideyn ondan hər hansı bir yerə getməməsini, yaxud hər hansı bir işi görməməsini istədikdə və övladın qarşı çıxması ilə ata-ana, yaxud onlardan biri narahat olduqda övladın vəzifəsi iki cür ola bilər: Onların narahat olması övladlarına qarşı qayğı və şəfqətdən irəli gəlirsə, bu halda istər ata, yaxud ana onu bir hərəkətdən çəkindirdikdə, istər hər hansı bir işi görməyə sövq etdikdə, istərsə yalnız övladın onların istəyinə qarşı çıxmasından narahat olduqda övladın onların istəyinə bu şəkildə qarşı çıxması haramdır. Buna əsasən, əgər valideyn övladın dostluq etdiyi bəzi şəxslərlə əlaqəsindən narahatdırsa və qəlbən inciyirsə, hərçənd valideyn bu əlaqəyə qadağa qoymasa da, övladın bu yoldaşlıqdan uzaqlaşması vacibdir. Onların narahat olması övladlarına qarşı qayğı və şəfqətdən irəli gəlmirsə, övladı bir şeyə sövq edərkən, yaxud bir şeydən çəkindirərkən yalnız öz şəxsi mənafelərini nəzərə alırlarsa, bu halda onlara qarşı çıxmaq olar. Əlbəttə, bunu da nəzərə almaq lazımdır ki, bu qarşı çıxma və itaətsizlik əvvəlki məsələdə izah edilən valideynlərlə yaxşı davranmaq vəzifəsinə zidd sayılacaq şəkildə olmamalıdır. Həmçinin, əgər valideyn pis xislətləri, rəzil əxlaqi keyfiyyətləri səbəbi ilə övladı yaxşı iş görməkdən çəkindirir və pis iş görməyə sövq edirsə, onlara itaət vacib deyil. Lakin, bunlar heç bir halda övladın valideyin qarşısındakı borcdan imtina etməyə əsas vermir. Hazırda Azərbaycan cəmiyyətində qəribə bir ənənə yaranıb ki, oğlan uşaqları evləndikdən dərhal sonra valideyinləri ilə yaşadıqları birgə təsərrüfatdan ayrılaraq müstəqil həyata qədəm qoyurlar. Bununla da valideyinləri qarşısında olan övladlıq borcu tamamilə unudulur. Nəticədə yaşlı, ahıl valideyinlər acınacaqlı vəziyyətə düşmüş olur. Amma nəzərə almaq lazımdır ki, valideynlərin uşaqlarını saxlamaq üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Lakin reallıqda hər iki məsələ ilə bağlı problemlər müşahidə olunmaqdadır. Məsələnin mənəvi tərəfi olduğu kimi hüquqi tənzimlənməsi də movcuddur. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlının sözlərinə görə, Ailə Məcəlləsində əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit olunub. Hüquqşünas deyir ki, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur: "Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən aliment tələbi valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verilməsindən asılı olmayaraq məhkəmə onların hamısını nəzərə ala bilər". BHM əməkdaşı qeyd edib ki, müəyyən olunmuş aliment aliment ödəməli olan şəxsin qazancından və digər gəlirlərindən tutulur. Qazanc və digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən tutulur. Bu vəsaitlər çatışmadıqda isə tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər. Hüquq məsləhətçisinin sözlərinə görə, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar, həmçinin valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Zamanlı bildirib ki, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər: "Uşaqların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla müəyyən edilir". 
Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31