“Mənim azadlığım orda bitir ki, orda sənin azadlığın başlayır”

Etiraf edilməlidir ki, Azərbaycanın sosial və iqtisadi inkişafı islahatların davamlılığını bir tələb kimi ortaya qoyur. 26 sentyabr ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklər də məhz bu zərurətdən irəli gələn məsələlər sırasındadır. Konstitusiyaya növbəti əlavə və dəyişikliklərdə insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edən düzəlişlərin əksini tapması da vacib elementlərdən hesab olunur.

Elşad Nəsirov: "İnsan hüquqları dövlət mənafeyi, habelə digərlərinin hüquq və azadlıqlarının qorunması naminə məhdudlaşdırıla bilər"
 

Etiraf edilməlidir ki, Azərbaycanın sosial və iqtisadi inkişafı islahatların davamlılığını bir tələb kimi ortaya qoyur. 26 sentyabr ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklər də məhz bu zərurətdən irəli gələn məsələlər sırasındadır. Konstitusiyaya növbəti əlavə və dəyişikliklərdə insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edən düzəlişlərin əksini tapması da vacib elementlərdən hesab olunur. Maraqlıdır sözügüdın yeniliklər ölkəmizə nə verəcək? Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının baş müəllimi, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Elşad Nəsirov bildirib ki, istənilən cəmiyyəti dövlətsiz, istənilən hüquqi, demokratik dövləti konstitusiyasız təsəvvür etmək mümkün deyil. Konstitusiya cəmiyyət, dövlət, vətəndaş arasındakı münasibətlərin əsasını, özəyini tənzimləyir, insanın cəmiyyətdə yerini müəyyən edir. Konstitusiya demokratiyanın ən vacib institutlarından, bəşəriyyətin ən mühüm nailiyyətlərindən biridir, hər bir dövlətin hüquq sistemində xüsusi yerə malikdir. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyası qəbul olunduğu dövrdə həmin dövr üçün ən təkmil konstitusiyalardan biri olmuşdur. Lakin cəmiyyət və dövlət həyatında baş verən fundamental dəyişikliklər, demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlar, insanın, onun hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması və təmin olunması strategiyası ilə bağlı dövlətin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə sadiqliyi və bu sahədə beynəlxalq hüquq normalarının üstünlüyünün qəbul olunması, Azərbaycanın dünyaya, ilk növbədə Avroatlantika məkanina sürətli inteqrasiyası, çoxsaylı beynəlxalq təşkilatlara üzv olması, habelə dünya dövlətləri ilə beynəlxalq hüquq prinsipləri çərçivəsində səmərəli əməkdaşlıq göstərməsi, ölkə iqtisadiyyatının surətli inkişafı və onun dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilməsi, "Əsrin müqaviləsi"nin icrası prosesində Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçılarından birinə, həmçinin regionun aparıcı dövlətinə çevrilməsi, beynəlxalq əhəmiyyətli çoxsaylı layihələrin həyata keçirilməsi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə etibarlı tərəfdaş qismində çıxışı, elmi-texniki tərəqqinin nailiyyətlərinin həm cəmiyyətin siyasi idarəçilik mexanizminin, həm də dövlətin iqtisadi inkişafınin təmin olunmasına təsirinin yüksək dəyərləndirilməsi kimi əhəmiyyətli məsələlər Konstitusiyada artıq iki dəfə düzəlişlərin edilməsini zəruri etmişdir. Nəticə etibarilə 24 avqust 2002-ci ildə Konstitusiyanın 24 maddəsində 32, 18 mart 2009-cu ildə isə 29 maddəsində 41 əlavə və dəyişiklik edilərək, bir daha təkmilləşdirilmiş, konstitusion norma və prinsiplər dövrün tələblərinə uyğunlaşdırılmış və Azərbaycanın gələcək inkişafı üçün hüquqi zəmin yaratmışdır: "Azərbaycanın ilk milli Konstitusiyasının qəbulundan sonra keçən bu müddətdə aparılan siyasi və iqtisadi islahatların, həyata keçirilən demokratik dəyişikliklərin, ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsinin, respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında böyük uğurların əldə edilməsinin təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzolunmaz xidmətləri dayanır. Onun müəllifi olduğu demokratik, hüquqi dövlət quruculuğu konsepsiyası, sosial-iqtisadi inkişaf strategiyası, azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər və mültikulturalizm prinsipləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün yüksək idarəetmə qabiliyyətinə malik olan cənab İlham Əliyev dünya siyasətinin əsaslarını diqtə edən hegemon dövlətlərlə yanaşı, region dövlətləri ilə də balanslaşdırılmış, qətiyyətli və uzaqgörən xarici siyasət kursunu davam etdirməklə müharibələrin tüğyan etdiyi, terrorçuluğun və dini ekstremizmin geniş vüsət aldığı indiki şəraitdə Azərbaycanın təhlükəsizliyini təmin edir, onun alternativi olmayan rəhbərliyi altında Azərbaycan hərtərəfli və dinamik inkişaf yolundadır, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə edilir, insan ləyaqətinin və insanpərvərlik prinsiplərinin ali dəyərlər kimi qorunması istiqamətində ardıcıl iş aparılır, demokratik, hüquqi dövlət quruculuğu davamlı olaraq inkişaf etdirilir. Müasir dövrdə ictimai münasibətlərin inkişaf tempindən geri qalmayan qanunvericilik sisteminin daimi inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif sferalarının surətli inkişaf dinamizminə cavab verə biləcək əməli idarəçilik mexanizminin formalaşdırılması, habelə İKT sistemlərinin əks təsirindən qorunma zərurəti ilə şərtlənən yeni təhlükəsizlik sistemlərinin yaradılması və inkişaf etdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən birini təşkil edir". Onun sözlərinə görə, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı Konstitusiyanın 23 maddəsində 34 əlavə və dəyişikliklərin edilməsini, həmçinin Konstitusiyaya, onun strukturunu dəyişən 6 yeni maddənin əlavəsini nəzərdə tutur. Təklif olunan düzəlişləri iki əsas istiqamət üzrə qruplaşdırmaq mümkündür: insan hüquq və azadlıqlarının məzmun etibarilə zənginləşdirilməsi, beynəlxalq universal və regional xarakterli hüquqi aktlara uyğunlaşdırılması, təminatlarının və müdafiə mexanizmlərinin təkmilləşdirilməsi; hakimiyyət bölgüsü prinsipinin, "çəkindirmə və tarazlaşdırma" mexanizminin, habelə siyasi idarəçilik və yerli özünüidarə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi: "İnsan hüquqları insan azadlığının ölçüsünü müəyyən edir və insan azadlığı mütləq ola bilməz. Əgər belə olsaydı hər bir insan, iradəsi buyurduğu hər bir hərəkəti etmək imkanına malik olardı, bu hal başqalarının maraq və mənafelərinə xələl gətirərdi və nəticə etibarilə insanlar arasında daimi təbii müharibə vəziyyəti mövcud olardı. Mənim azadlığım orda bitir ki, orda sənin azadlığın başlayır. Deməli, insan hüquqları dövlət mənafeyi, habelə digərlərinin hüquq və azadlıqlarının qorunması naminə məhdudlaşdırıla bilər. Lakin bir məsələni də qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarına dair məhdudiyyətlər hər hansı bir normativ hüquqi aktda deyil, yalniz Konstitusiyanın özündə və ya Konstitusiyanın birbaşa yol verdiyi halda qanunda müəyyən oluna bilər. Konstitusiyanın 71-ci maddəsinin III hissəsində qeyd olunur ki, "müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər". Qeyd olunan hallardan hər hansı biri ilə bağlı məhdudlaşdırılmış hüquq və azadlıqlardan istifadə imkanı müvafıq halın başa çatması ilə bərpa olur və şəxs müvafiq hüquqlarından tam həcmdə istifadə etməyə başlayır. Deməli, birinci halda, yəni "insan hüquq və azadlıqlarının məhdudlaşdırılması" dedikdə müvafiq hüquq və azadlığın konstitusion qaydada çərçivəsinin müəyyən olunması, məzmun etibarilə bu hüquqa münasibətdə bir sira məhdudiyyətlərin nəzərdə tutulması başa düşülürsə, "insan hüquq və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılması" dedikdə artıq Konstitusiyada təsbit olunmuş hüquq və azdlıqların məzmununa toxunmadan Konstitusiyada və qanunlarda nəzərdə tutulan hallarda onlardan müəyyən müddətə və qismən istifadə etməyə qoyulan məhdudiyyət anlaşılır. Referendum aktında söhbət birinci haldan gedir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31