“219-cu auditoriya”

... Onda 20 yaşım var idi. Rus məktəbini bitirmiş gənc olaraq, Azərbaycan ədəbiyyatı ilə yenicə təmas yaradırdım. İlk tərcümə təcrübələrim mütəxəssislərin nəzərini cəlb etməkdə idi... Fikrət Mursaqulovun, Məmməd Nazimoğlunun, Vladimir Qafarovun və Rəhman Orxanın dəyərli fikirləri düz yolda olduğumu təsdiqləməkdə idi...

 və ya: 

Yenidən doğulan Bəxtiyar

... Onda 20 yaşım var idi. Rus məktəbini bitirmiş gənc olaraq, Azərbaycan ədəbiyyatı ilə yenicə təmas yaradırdım. İlk tərcümə təcrübələrim mütəxəssislərin nəzərini cəlb etməkdə idi... Fikrət Mursaqulovun, Məmməd Nazimoğlunun, Vladimir Qafarovun və Rəhman Orxanın dəyərli fikirləri düz yolda olduğumu təsdiqləməkdə idi...

Bəxtiyar Vahabzadə ilə məni Əli Kərimin tərcümələri "görüşdürdü": 1981-ci il idi. Aktyorlar Evində 50 illik yubileyi keçirilirdi mərhum şairin. Fasilə zamanı mənə bir kişi yanaşıb: "Oğlum, şeirlərimi tərcümə edərsinizmi?" - dedi və nəvazişlə xəfifcə çiynimə toxundu. Həmin kişi Bəxtiyar Vahabzadə idi. Etiraf edim ki, o vaxtlarda "söz səltənətinin qüdrətli sahibi"nin yaradıcılığı ilə tanışlığım belə yox idi. Fikrət Mursaqulovun ruhu şad olsun - milli ədəbiyyatın "canlı ensiklopediyası" olan bu şəxs bir çox Azərbaycan şair və yazıçıları ilə yanaşı, Bəxtiyar Vahabzadənin söz xəzinəsi ilə də tanış etdi məni. Beləcə, qarşımda bütün zənginliyi, alovlu mübarizliyi ilə, fəlsəfi məna tutumu ilə dolu bir poeziya dünyası açıldı...

... Ötən əsrin azadlıq hərəkatı Azərbaycanı təlatümə salan 20 yanvaröncəsi olaylar Bəxtiyar Vahabzadə vətəndaşlığını hamıya sübut etdi: "Gülüstan"la rus imperiyasına və fars şovinizminə meydan oxuyan, ədəbi gəncliyin "uğurlu yol"ları ilə əlindən tutan, Ali Sovetin sessiyalarında kəskin və cəsarətli çıxışları ilə yaddaşlara köçən - nəhayət, ölümü göz altına alıb, imperiya generalının üzünə tüpürən O idi - BƏXTİYAR VAHABZADƏ!

... Son zamanlar Şəkidəki doğma evinə sığınıb yaşayırdı Bəxtiyar müəllim. Yanına gələn tele-jurnalistlərin aldıqları video-müsahibələr vasitəsilə "görüşürdük" onunla.

Müxənnət fələk, qocalıqla xəstəlik, əcəllə "əlbir olub" da Haqq dərgahına apardılar bu söz nəhəngini. Mübariz, sözü üzə şax deyən, poeziyası fəlsəfi don geyən böyük ədəbiyyat "yetim qaldı", "Bəxtiyarsızlaşdı və fağırlaşdı". Beləliklə də, əbədiyaşarlıq qazandı Bəxtiyar Vahabzadə!...

Amma nə yaxşı ki, qədirbilən insanlar var bu dünyada - unutqanlığa sədd çəkənlər, minnətdarlıq toxumu əkənlər. Belə insanlardan biri də dostumuz, qardaşımız Osman Əhmədoğludur. Onun "219-cu auditorya"sını müəllim-tələbə tondeminin əxlaq kodeksi də adlandırmaq olar. Hələ 2011-2012-ci illərdə "Elimiz.Günümüz" qəzetində 21 silsilə yazı şəklində çap edilən "219-cu auditoriya: Bəxtiyar Vahabzadə dərsləri"ndən bir kitab boy göstərirdi. Özü də sanballı bir kitab...

Kitabın sanbalı səhifə çoxluğunda deyil, səmimiyyətin, saflığın, əqidə təmizliyinin, təmənnasız minnətdarlığın və qəlb çırpıntılarının çoxluğundadır. Bu səbəbdən də, "219-cu auditoriya" hələ işıq üzü görməmiş uğura "məhkum oldu". Çünki Müəllim Bəxtiyar, Alim Bəxtiyar, Şair və Vətəndaş Bəxtiyar tələbə Osmanın, alovlu publisist Osmanın, şair Osmanın, vətənpərvər Dərviş Osmanın təmənna qatqısı olmayan xatirələri vasitəsilə oxuculara, ədəbiyyat salnaməçilərinə çatdırılır... Olduğu kimi!

Bəxtiyarın İnsan və Şəxsiyyət portretinə güzgü tutan "219-cu auditoriya" işıq üzü görməsilə Bəxtiyar Vahabzadənin yeni - ikinci doğum gününü təyin etmiş oldu.

Ad günün mübarək, USTAD!

Oxuculara gəlincə, vurğulaya bilərik ki, Osmanın hayqıran səsindən, Qiymət Məhərrəmlinin isti nəfəsindən yaranan bu kitabı oxuyun və özünüz üçün yenidən doğulan Bəxtiyarı kəşf edin - ölməz Bəxtiyarı!

Giya Paçxataşvili,

Şəki-Bakı.

P.S.: Kitabın ərsəyə gəlməsində əvəzsiz xidmət göstərən nəcib və təmənnasız insan Hüseyn Artıkoğluya, eləcə də tədqiqatçı-alim Əli Şamilə təşəkkürün ən böyük payı düşür - sağ olsunlar, var olsunlar!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31