Cahangir Hacıyevin dövlətə vurduğu milyonlarla manat zərbə

Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə sekorunda baş verən arzuedilməz proseslər bir sıra gizli mətləblərin üzə çıxmasına yol açdı.

Keçmiş bankir Avropada çirkli pulların yuyulması ilə tanına şəxslərlə də əlaqədə olub

Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə sekorunda baş verən arzuedilməz proseslər bir sıra gizli mətləblərin üzə çıxmasına yol açdı. Yaranmış müvəqqəti kritik vəziyyət belə bir mənzərəni ortaya çıxardı ki, ölkənin maliyyə, bank sektorunda mühüm post tutan şəxslər əslində Azərbaycanda maliyyə sabitliyinin təmin olunması, ölkənin valyuta ehtiyatlarının qorunub saxlanması deyil, əlllərində olan imkanlardan maksimum dərəcədə istifadə etməklə dövlətə iqtisadi cəhətdən zərbə vurmaq xətti tutublar. Elə bu səbəbdəndir ki, ötən ilin sonlarında Azərbaycanda baş verən devalvasiya prosesi ciddi mənfi fəsadlara yol açdı. Düzdür, neft qiymətlərinin aşağı düşməsi və dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycanda da devalvasiya prosesinin olacağı qaçılmaz görünürdü. Lakin prosesin bu qədər ciddi təsir, effekt doğuracağı o qədər də inandırıcı səslənmirdi. Nədən ki, həm ölkə rəhbərliyi, həm hökumət, həm də xalq dövlətin maliyyə sektorunda qərar tutan şəxslərin maliyyə sabitliyinin təmin olunacağı istiqamətində ciddi addımlar atacağını, yaranmış vəziyyətin tezliklə nizama salınacağını düşünürdü. Ancaq situsiya tamamilə fərqli idi. Göstərilən etimaddan sui-istifadə edən şəxslər dövlət büdcəsini talamaq yolunu tutaraq daha çox özlərinin, yaxın ətraflarının, qohum-əqrəbalarının varlanması istiqamətində çalışırdılar. Hər halda Azərbaycan Beynəlxalq Bankı, onun rəhbərliyi ilə bağlı üzə çıxan faktlar, davam edən məhkəmə işi belə deməyə əsas verir. Məlum olduğu kimi Azərbaycan Beynəlxalaq Bankının sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev və onunla birgə təqsirləndirilən 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Məhkəmə prosesində üzə çıxan bir çox məqamlar Cahangir Hacıyevin malik olduğu imkanlar hesabına Azərbaycanı, onun valyuta ehtiyatlarını necə taladığını aydınlaşdırır. Məlumat üçün qeyd edək ki, Cahangir Hacıyev və onun yaxın adamları mütəşəkkil dəstə yaratmaqla, vəzifə səlahiyyətlərini aşmaqla dövlət büdcəsindən külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar. Ayrı-ayrı şəxslərin adına bankın müxtəlif filiallarından milyonlarla manat dəyərində nağd şəkildə və plastik kartlar vasitəsi ilə pullar çıxarılıb. Maraqlı nüanslardan biri ondan ibarətdir ki, adına kredit yazılan şəxslər ya Cahangir Hacyevin ailə üzvləri və dostları, ya da bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security" MMC-nin işçiləri olub. Bir qayda olaraq banklar vətəndaşlara ən yaxşı halda 5 min dollara qədər kredit verə bilirlər. Vətəndaş həmin krediti alana qədər isə çoxlu sayda aşılmaz sədlər keçməli, banka onlarla, hətta bəzən yüzlərlə sənəd təqdim etməli olur. Ancaq Azərbaycan Beynəlxalq Bankının tərkibində fəaliyyət göstərən "İnter Security" MMC-nin sıravi işçilərinə belə 300-500 min, hətta bəzi hallarda 1 milyon dollar kreditin hansı

meyarlarla verildiyi şübhə doğurur. Yaxud "İnter Security" MMC-nin mühafizəçilərindən birinə 1 milyon dolların nəyə lazım olduğu qaranlıq qalır. Sirr deyil ki, cəmiyyət işçilərinin adlarına götürülən kreditlər Cahangir Hacıyevin şəxsi biznesinin inkişaf etdirilməsinə sərf olunub. Cahangir Hacıyevin vəkilinin məhkəmədə həmin pulların müxtəlif layihələrin icrasına yönəldildiyini söyləməsi dolayısıyla milyonlarla dollar vəsaitlərin keçmiş bankir tərəfindən mənimsənildiyini təsdiqləmiş olur. Ümumilikdə Azərbaycan Beynəlxalq Bankından 49 nəfərin adına 53 halda kredit rəsmiləşdirilib ki, bunun da ümumi məbləği 17.240.555 dollar, yaxud 33.253.907 manat təşkil edib. Nağd kreditlərlə yanaşı C.Hacıyevin ailə üzvlərinin adına plastik kartlar açılıb. Açılan hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 30.628.727 dollar və 9.368.007 avro, 3.433.931 ingilis funt sterlinq, eləcə də 8.616.062 manat mənimsənilib. Həmin kart hesablarından Azərbaycan və müxtəlif xarici ölkələrin ərazisində yerləşən bankomatlardan, bankın mərkəzi filialının və "Bank "MBA-Moskva" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassalarından mütəmadi olaraq nağd şəkildə çıxartma yolu, eləcə də POS terminallar vasitəsi ilə və internet üzərindən, habelə özünün və ailə üzvlərinin təyayrə biletlərinin, qızıl-zinət və sair şəxsi əşyaların alınması, təhsil haqqı xərclərinin ödənilməsi, ABŞ və Avropanın iri ticarət, gözəllik, sağlamlıq və istirahət mərkəzləri, mehmanxana restoranlar və digər yerlərdə şəxsi məqsədləri üçün özü, arvadı Zamirə Hacıyeva və qeyriləri tərəfindən aparılan əməliyyatlar nəticəsində ona etibar edilmiş külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəyiblər.

Keçmiş bankirin idman sahəsindən də külli miqdarda vəsait mənimsədiyiehtimalı da zaman-zaman səsləndirilib. Buna səbəb isə bir vaxtlar Cahangir Hacıyevin iki futbol komandasına himayəçilik etməsi olub. Onun Bakının "İnter" və Zaqatalanının "Simurq" komandalarını maliyyələşdirdiyi zaman-zaman səsləndirilirdi. Təsadüfi deyil ki, Azərbaycan futbol komandaları arasında oyun alqı-satqısı ilə bağlı söz-söhbətlər gündəmə gələrkən ilk növbədə qeyd edilən iki komandanın adı çəkilirdi. Hətta Cahangir Hacıyevin göstərişi ilə "Simurq"un tən turnirlərdən birində bilərəkdən "İnter"ə uduzduğu da söylənilirdi. Cahangir Hacıyevin Beynəlxalq Bankdan mənimsədiyi milyonlarla dolların hara sərf edildiyi barədə araşdırma aparılarkən maraqlı məqam da ortaya çıxıb. Məlum olub ki, keçmiş bakir Azərbaycanın maliyyə sistemini iflic vəziyyətinə salmaqla əldə etdiyi pullar hesabına Gürcüstan futbol komandası üçün futbolçu yetişdirib. Cahangir Hacıyevin nəzarəitndə olan komandalara baş məşqçi seçimi edəndə də, özü kimi çirkli pulların yuyulması ilə ad çıxarmış şəxslərdən istifadə edib. Belə ki, "İnter"in prezidenti olan bolqarıstanlı Georgi Nikolovun Avropada çirkli pulların yuyulması üzrə "mütəxəssis" kimi tanındığı bildirilir.

Göründüyü kimi Cahangir Hacıyev hər bir addımını, işini məhz özü kimi korrupsioner, çirkli pulların yuyulması ilə məşğul olan xaricilərlə atıb.

Araşdırmalar davam etdikcə yeni faktların üzə çıxacağı və Cahangir Hacıyevin daha kimlərlə əlbir olub Azərbaycanın dövlət büdcəsinə külli miqdarda zərbə vurduğu üzə çıxacaq.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31