Bu il AzTU-ya 1803 tələbə qəbul olunub

Azərbaycan Texniki Universitetində (AzTU) 2016-2017-ci dərs ilinin başlanmasına və Bilik gününə həsr edilən təntənəli tədbir keçirilib.

Azərbaycan Texniki Universitetində (AzTU) 2016-2017-ci dərs ilinin başlanmasına və Bilik gününə həsr edilən təntənəli tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, AzTU-nun prorektoru Xalıq Yahudov tələbələri, professor-müəllim heyətini və qonaqları Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. O, çıxışında bu il Azərbaycan Texniki Universitetinə bakalavriat səviyyəsinə 1803, magistratura səviyyəsinə isə 203 tələbənin qəbul olduğunu bildirib və universitetdə təhsilin təşkilinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizdə ali təhsil sisteminin inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından ətraflı söz açıb. Xalıq Yahudov bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi yüksək bilik və bacarığa malik, intellektual səviyyəli gənc mühəndis kadrlardan çox asılıdır. Tədbirdə qeyd edilib ki, hazırki mərhələdə elm və istehsalatın yeni-yeni sahələri yaradılır. Həmin sahələrə yüksək intellektual səviyyəli, bilikli, bacarıqlı, təşkilatçılıq qabiliyyəti olan mühəndis kadrlar tələb olunur. Belə kadrlar məhz Azərbaycan Texniki Universitetində və respublikanın digər ali məktəblərində hazırlanır. Tələbə adını qazanan gəncləri təbrik etmək üçün müxtəlif təşkilatlardan tədbirə qatılan qonaqlar da çıxış edərək yeni tələbələrə təhsildə və həyatda uğurlar arzulayıblar. Tədbir qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri və tələbə biletlərinin təqdim edilməsi ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31