Vətəndaşların müraciətlərinə baxılmasında daha bir yenilik
Ölkədə vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə baxılması istiqamətində ildən-ilə müsbət tendensiya müşahidə edilməkdədir. Xüsusilə, dövlət başçısının istər paytaxtda, istərsə də əyalətlərdə keçirdiyi görüşlərdə yerli məmurlara bu barədə ciddi tapşırıq verməsi prosesin sürətləndirilməsinə təkan verən amillərdəndir. Artıq əksər mərkəzi və yerli icra orqanlarında vətəndaşların ərizə və şikayətlərinə baxmaq üçün “qaynar xətt” telefon xidməti, yaxud vətəndaşların müraciət mərkəzləri kimi qurumlar fəaliyyət göstərir. Müntəzəm olaraq müxtəlif dövlət qurumları tərəfindən açıqlanan hesabatlardan da aydın olur ki, həmin xidmətlərdən kifayət qədər insan istifadə edir.
14 Sentyabr 2016 12:55 SosialÖlkədə vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə baxılması istiqamətində ildən-ilə müsbət tendensiya müşahidə edilməkdədir. Xüsusilə, dövlət başçısının istər paytaxtda, istərsə də əyalətlərdə keçirdiyi görüşlərdə yerli məmurlara bu barədə ciddi tapşırıq verməsi prosesin sürətləndirilməsinə təkan verən amillərdəndir. Artıq əksər mərkəzi və yerli icra orqanlarında vətəndaşların ərizə və şikayətlərinə baxmaq üçün "qaynar xətt" telefon xidməti, yaxud vətəndaşların müraciət mərkəzləri kimi qurumlar fəaliyyət göstərir. Müntəzəm olaraq müxtəlif dövlət qurumları tərəfindən açıqlanan hesabatlardan da aydın olur ki, həmin xidmətlərdən kifayət qədər insan istifadə edir.
Bu günlərdə isə vətəndaşların müraciətlərinə baxılması istiqamətində daha bir yeniliyə imza atılıb. Belə ki, telefon vasitəsi ilə vətəndaşların müraciətlərinə baxılma qaydası təsdiq edilib. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, şifahi müraciətlərin qəbulunu təmin etmək üçün xüsusi şəhər telefon nömrəsi ayrılır və bu nömrəyə edilən bütün zəngləri kargüzarlıq xidmətinin bu məqsəd üçün ayrılan əməkdaşı qəbul edir. Bu zaman kargüzarlıq xidmətinin əməkdaşı soyadını və adını deyərək özünü təqdim edir.
Tətbiq edilən yeniliklə bağlı fikirlərini bölüşən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Asif Abdullayev deyib ki,
vətəndaşlar yalnız iş günlərində və iş vaxtında telefon müraciət xidməti vasitəsilə müraciət etmək hüququna malikdirlər. İstirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, həmçinin iş vaxtından sonra edilən zənglər qəbul olunmur. Onun sözlərinə görə,
vətəndaşın şifahi müraciətini qəbul edən kargüzarlıq xidmətinin əməkdaşı bir sıra zəruri tələblərə cavab verməlidir: "Birinci növbədə, Azərbaycan dilində səlis danışmaq, yazmaq və oxumağı bilməli, kompüterdə işləmək bacarığı olmalı, subyektin fəaliyyət istiqamətlərinə dair normativ hüquqi aktlarla bağlı biliklərə malik olmalıdır. Bununla yanaşı stressədavamlı və operativ olmaq; etik davranış qaydalarına əməl etmək vacibdir. Şifahi müraciətin birbaşa cavablandırılması vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydasının 4.5-ci bəndinə uyğun olaraq təmin edilir. Müraciət edən şəxsə verilən cavab konkret, aydın və ədəbi dilin rəsmi-işgüzar üslubuna uyğun olmalıdır. Şifahi müraciətin birbaşa cavablandırılması mümkün olmadıqda, kargüzarlıq xidmətinin əməkdaşı onun araşdırmaya qəbul edilərək sonradan cavablandırılması məqsədi ilə müraciət vərəqəsi tərtib edir və kargüzarlıq xidmətinin rəhbərinə təqdim edir. Müraciət vərəqəsi zəruri məlumatları, eləcə də müraciətin qəbulu və cavablandırılmasınadək olan prosesləri özündə əks etdirir". Asif Abdullayev qeyd edib ki, kargüzarlıq xidmətinin əməkdaşı müraciət vərəqəsi tərtib edildikdən sonra 1 iş günündən gec olmayaraq, müraciət vərəqəsindəki əlaqə nömrəsinə zəng edərək müraciət edənlə əlaqə yaratmalı və onun müraciətinə baxan struktur bölmə barədə məlumat
verməlidir. Vəkil deyib ki, bu mümkün olmadıqda, 3 iş günü ərzində hər gün ən azı 2 dəfə müxtəlif saatlarda müraciət edənlə əlaqə yaratmağa çalışmalı və bu barədə müraciət vərəqəsində qeydlər aparmalıdır: "Müraciət vərəqəsi tərtib olunan şifahi müraciətin cavablandırılması zamanı müraciətə baxan struktur bölmənin əməkdaşı əlaqə telefonu ilə əlaqə yaradarkən özünü təqdim etdikdən sonra, danışılan şəxsin şəxsiyyətini müəyyən etməli və danışılan şəxs müraciət edən şəxsin özü olduqda, hazırlanmış cavabı ona təqdim etməli, əks halda, müraciət edən şəxslə nə zaman əlaqə saxlaya biləcəyini dəqiqləşdirməli və bu barədə müraciət vərəqəsində qeydlər aparmalıdır. Qeyd edim ki, təsdiq edilmiş qaydalar dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına, həmçinin Qanunun 5.8-ci maddəsinə əsasən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir".
Süleyman İsmayılbəyli