İsmayıllı rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilmişdir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.
9 Sentyabr 2016 13:01 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.
Xəbər verdiyimiz kimi, sentyabr ayının 4-də İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilmişdir. Reyd zamanı İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu tərəfindən İsmayıllı rayonunun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında çəkisi 300 kq miqdarında olan kəsilmiş 3 baş at cəmdəyi aşkar edilmişdir.
Aşkarlanmış at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilmişdir.
Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilmişdir.
Qərara uyğun olaraq sentyabrın 9-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında İsmayıllı rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.