Azərbaycanlı alim Yaponiyada xüsusi mükafata layiq görülüb

Maye Kristal Displey (LCD) texnologiyaları sahəsində uğurlu tədqiqatları ilə tanınmış azərbaycanlı alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri Xəlil Kələntər Yaponiya Maye Kristal Cəmiyyətinin (JLCS) xüsusi “Texnoloji İnkişaf Mükafatı”na layiq görülüb.Cəmiyyətin Osaka şəhərində təşkil edilən Beynəlxalq Maye Kristal Texnologiyaları Konfransında mükafat həmyerlimizə təqdim edilib.

Maye Kristal Displey (LCD) texnologiyaları sahəsində uğurlu tədqiqatları ilə tanınmış azərbaycanlı alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri Xəlil Kələntər Yaponiya Maye Kristal Cəmiyyətinin (JLCS) xüsusi "Texnoloji İnkişaf Mükafatı"na layiq görülüb.Cəmiyyətin Osaka şəhərində təşkil edilən Beynəlxalq Maye Kristal Texnologiyaları Konfransında mükafat həmyerlimizə təqdim edilib. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, konfransda əvəllcə Xəlil Kələntər LCD texnologiyaları sahəsində apardığı tədqiqatlara dair təqdimatla çıxış edib. JLCS-nin prezidenti Hiroşi Şimizu bildirib ki, Xəlil Kələntər apardığı araşdırmalarla yalnız Yaponiyada deyil, eyni zamanda Amerika və Avropada da yaxşı tanınır. O, 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın nüfuzlu "Society for Information Display" (SID) Cəmiyyətinin fəxri üzvü seçilib, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür. X.Kələntər hazırda "Global Optical Solutions" şirkətinin və CEREBA-nın (Yeni Nəsil Kimyəvi Materialların Araşdırılması Elmi-Tədqiqat İnstitutu) baş tədqiqatçısıdır. Bundan əlavə, soydaşımız "Journal of SID" elmi jurnalının xüsusi buraxılışının redaktoru, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin də üzvüdür. H.Şimizu əlavə edib ki, X.Kələntər həmin uğurlarına görə Cəmiyyətin xüsusi "Texnoloji İnkişaf Mükafatı"na layiq görülüb. Mükafat və müşayiətedici sənəd həmyerlimizə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31