Dilinizi dinc saxlayın...

Hər il olduğu kimi yenə də Qurban bayramının gəlişini “qoyunsevərlər” qəzəblə qarşılayırlar. Guya ki, qoyunların kütləvi surətdə kəsilməsi qəddarlıqdı, vəhşilikdi, insanlığa sığmayan hərəkətdi. Yenə də sosial şəbəkələrdə hər kəs öz xarakterinə uyğun fikir, rəy və digər rəngarəng yanaşmalar sərgiləyir. Hətta eləsi tapılır ki, qoyun kəsməyi az qala cinayət hesab edir.

Hər il olduğu kimi yenə də Qurban bayramının gəlişini "qoyunsevərlər" qəzəblə qarşılayırlar. Guya ki, qoyunların kütləvi surətdə kəsilməsi qəddarlıqdı, vəhşilikdi, insanlığa sığmayan hərəkətdi. Yenə də sosial şəbəkələrdə hər kəs öz xarakterinə uyğun fikir, rəy və digər rəngarəng yanaşmalar sərgiləyir. Hətta eləsi tapılır ki, qoyun kəsməyi az qala cinayət hesab edir.

Sözün düzü, belə adamları başa düşmək həm asandı, həm də çətin. Asandı ona görə ki, İslamdan, peyğəmbərdən, Allahın dediklərindən, Quranda yazılanlardan xəbərləri yoxdu. Dini savadsızlıqları imkan verir ki, qoyunun müdafiəsinə qalxsınlar. Çətindi ona görə ki, bu adamlar qətiyyən vegeterian deyil, bəlkə də hər gün evində qoyun əti bişirib yeyənlərdi. Hətta ona da əminəm ki, "qoyunsevərlər" həmin gün onlara verilən qurbanlıq əti sevə-sevə bişirib yeyirlər.

Qurban bayramının tarixini və vacibliyini, onun yalnız xeyirxahlıqdan, mərhəmətdən, mehribanlıq və şəfqətdən irəli gəldiyini yazmaqdan vaz keçərək Allahın dediyini xatırladıram: "Məlum günlərdə Allahın ruzi olaraq verdiyi qurbanlıqları kəsərkən ansınlar Allahın adını. Bunlardan özünüz də yeyin, zavallı yoxsullara da yedizdirin" (Hacc surəsi, ayə 27-28). Allah özünün yaratdığı heyvanı qurbanlıq olaraq təqdim edirsə, bəndə nəkarədir ki, bu bayramın əksinə getsin, rişxənd edərək onu lağlağıya çevirsin?

Heyvanları sevmək, onlara mərhəmətlə yanaşmaq, qayğısına qalmaq insanlığın yaxşı tərəfidir. Ancaq bu, o demək deyil ki, yüz illikləri aşıb gəlmiş inamın və etiqadın müqəddəsliyinə dil uzadaraq, insanların dini heysiyyatı ilə oynayasan. Eyni məntiqlə mən də soruşuram: onlarla, yüzlərlə qoyun Qurban bayramında kəsilib təmənnasız olaraq kasıba, yoxsula, həmçinin də başqa ehtiyacı olana, qohum-əqrəbaya verilir. Amma hər gün kütləvi surətdə dənizlərdən, çaylardan balıq ovlanır. Özü də təkcə müsəlmanlar yox, xristianlar, yəhudilər, buddistlər, nə bilim daha kimlər balıq ovuna çox həvəslə gedir və bu işdən zövq alırlar. Elə biz də balıq ətini daha qiymətli, daha hörmətli hesab edirik. Bəs, buna niyə etiraz etmirsiniz? Əksinə dükan- bazarda bir gün balıq olmasa dünyanı dağıdarsınız. "Qarın qardaşdan irəlidi" axı.

Allah qoyunu yaratdığı kimi balığı da su heyvanı olaraq yaradıb. Hələ onu demirəm ki, balığın özü bir yana, marketlərdən az qala qızıl qiymətinə aldığımız kürüsünü də ləzzətlə yeyirik. Təkrar soruşuram: bu, balıqların qırğını deyilmi? Xəzərdəki nərə balıqları 10-20 ildən sonra nəsil verir. Amma insanlar onun artmasına imkan vermirlər. Kürüsünü satışa çıxarır, siz də od qiymətinə alıb yeyirsiniz. Etiraz edin, əlaqədar qurumların qapısını sındırın ki, nərə balığın nəslinin kəsilməsinə qarşı biganə qalmasınlar. Səsinizi niyə çıxarmırsınız? Qoyunların kəsilməsini cinayət hesab edən, "heyvansevərlər", bu fakta da SOS deyin.

Daha bir məsələ. Hər gün nə qədər ceyran, cüyür, turac, bülbül ovlanır. Xüsusilə də ov mövsümündə bu, kütləvi xarakter daşıyır. Toylarda balıq, qaşqaldaq, turac, hətta bülbül əti olmayanda toyu toy hesab etməyənlər var. Bunlar heyvan deyilmi? Niyə dinmirsiniz? Ovçulardanmı çəkinirsiniz?

Ölkədə çoxlu sayda maldarlıq təsərrüfatı var. Həmin təsərrüfatlarda fermerler ətlik mal-qara yetişdirib satışa çıxarırlar. Hər gün qəssab dükanlarından, marketlərdən həm mal əti, həm də qoyun əti alırıq. Bəs, bu, kütləvi heyvan qırğını deyilmi? Yoxsa, siz qoyun əti yemirsiniz, mal ətinə qarşı allergiyanız var?

Yaxud da quşçuluq təsərrüfatlarında yetişdirilən toyuqlar... onlara sözünüz nədi? Ölkədəki broylerlərdə hər gün minlərlə toyuq kəsilir, marketlərdə istənilən qədər yerli toyuq əti var. Hardandı sizdə qoyunsevərlik? Qoyunlara olan sevginizdən bir az da göydə uçan, yerdə gəzən, suda üzən quşlara, meşədə yaşayan heyvanlara, "Qırmızı Kitab"a düşən canlılara ayırın, bir zəhmət.

Əslində "qoyunsevərlərin" belə hay-həşiri o heyvana olan sevgidən irəli gəlmir, nə də dinsizlikdən, imansızlıqdan deyil. Məsələnin kökü insanların dini hisslərinə toxunaraq, onlara qarşı xoş olmayan münasibət sərgiləməkdədir. Milli adət-ənənə və bayramlardan fərqli olaraq dini bayramları kimsə icad etməyib, müqəddəs Quranda təsbit olunub. İslamın müsəlmanlara bəxş etdiyi fərqli günlər, ibadətllər, bayramlar müzakirə olunmamalıdı. Çünki onlar heç kimin nə şəxsi mülkü, nə də ata-babasından qalan əmlak deyil. Bunlar Allahın toxunulmaz - tabu elan etdiyi əxlaq normasıdı. Quranda bu normanı aşanlar üçün belə deyilir: "Onların nə ətini, nə də qanını sizdən istəməz Allah. Sizdən istədiyi təkcə təqva duyğusudu" ( Həcc surəsi, ayə 37).

Bəli, təqvalı olmağı bacarmasaq da, məncə, dilimizi dinc saxlaya bilərik. Bu da bir ibadətdi.

Qurbanlıq qoyunların müdafiəsinə qalxmağa gərək yoxdu. Onlar kəsilmək üçündü...

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31