Rus məktəblərinə maraq haradan qaynaqlanır?
Valideynlər külli miqdarda vəsait xərcləyərək övladlarını savadsızlaşdırırlar Son illər Azərbaycanda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Xüsusilə rusdilli olmayan ailələrin rus bölməsinə müraciət etməsi paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı yaradıb. Məlumat üçün qeyd edək ki, əgər 1990-cı illərin sonlarında rus bölməsində təxminən 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7 faizə çatırdısa, hazırda ölkənin rus bölməsi 300-ə yaxın ümumtəhsil məktəbində oxuyan ümumi şagird payının 15 faizini təşkil edir. Bəs rus bölməsinə marağın artmasının səbəbləri nələrdir? Valideynlər niyə övladlarının Azərbaycan dilində təhsil almasını istəmirlər?
9 Sentyabr 2016 13:21 SosialValideynlər külli miqdarda vəsait xərcləyərək övladlarını savadsızlaşdırırlar
Son illər Azərbaycanda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Xüsusilə rusdilli olmayan ailələrin rus bölməsinə müraciət etməsi paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı yaradıb. Məlumat üçün qeyd edək ki, əgər 1990-cı illərin sonlarında rus bölməsində təxminən 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7 faizə çatırdısa, hazırda ölkənin rus bölməsi 300-ə yaxın ümumtəhsil məktəbində oxuyan ümumi şagird payının 15 faizini təşkil edir.
Bəs rus bölməsinə marağın artmasının səbəbləri nələrdir? Valideynlər niyə övladlarının Azərbaycan dilində təhsil almasını istəmirlər?
Bəli, etiraf edilməlidir ki, son 5-6 ildə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə, evində rus dilində danışmayan ailələrin də övladlarını rus məktəblərinə verməsi bu sahədə problemlər yaradır və paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir. Əgər məktəblərin Azərbaycan bölmələrində bir sinifdə 23-24 şagird olursa, rus bölmələrində şagird sayı 40-a çatır. Bakı şəhər Təhsil İdarəsinə tabe olan məktəblərdə 355247 nəfər şagird var və onların 55775 nəfəri, yəni 15,7 faizi rus bölməsində oxuyur. Birinci siniflərdə isə vəziyyət daha gərgindir, 44168 nəfər şagirdin 7666 nəfəri, yəni 17,4%-i rus bölməsində oxuyur. Göründüyü kimi, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər yüksəkdir. Azərbaycan üzrə də rəqəmlər təxminən buna uyğundur. Ölkənin rus bölməsi mövcud olan 300-ə yaxın ümumtəhsil məktəbinini rus bölməsində 170 minə yaxın şagird oxuyur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə ciddi artım yarandığını görmək olur. 1990-cı illərin sonlarında rus bölməsində 107 min şagird oxuyurdu və onların payı ümumi şagird sayında 7%-ə çatırdı. Ən dəhşətli vəziyyət isə Bakının 15 elitar məktəbindədir. Təhsil Nazirliyinin yaydığı məlumata görə, 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə, yəni Bakıda birbaşa nazirliyə tabe olan 15 məktəbdə ümumilikdə, 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub. Göründüyü kimi, rus bölməsinin payı 51,5%-dir və paytaxt elitasının övladlarının təhsil aldığı məktəblərdə artıq Azərbaycan bölməsi tarixə qovuşmağa doğru gedir.
Rus dilini bilməyənlər iş tapa bilmirlər
Pedoqoqlar hesab edir ki, rus bölməsinə marağın artmasının başlıca səbəbi Azərbaycan bölməsində təhsilin istənilən səviyyədə olmamasıdır. Başqa faktor isə bunun bir dəb halını almasıdır. Bəzi ailələrdə valideynlər özləri rus dilini bilməsə də, övladının rus bölməsində oxumasını istəyir. Qeyd edək ki, valideynlər arasında rus bölməsində təhsilin səviyyəsinin daha yüksək olması ilə bağlı fikir olsa da, qəbul imtahanlarının nəticələri onu göstərir ki, ən yüksək bal toplayan abituriyentlərin əksəriyyəti məhz Azərbaycan dilində təhsil alanlardır. Onu da nəzərə almaq lazımdır ki, rus bölmələrində artan şagird sayını pedoqoji kadrlarla təmin etmək mümkün deyil. Bakı şəhər Təhsil İdarəsinin ali təhsil məktəblərinin məzunları arasında apardığı sorğu nəticəsində məlum olub ki, pedoqoji ixtisasların rus bölməsini bitirənlərin yalnız 5%-i orta məktəblərdə müəllim işləməyə hazırdır. Qalan məzunlar isə iş həyatını başqa sektorlarla bağlamaq istədiklərini bildiriblər. Səbəb də aydındır - indi Bakıda bütün şirkət və qurumlarda işçi götürən zaman üç dildə - rus, ingilis və Azərbaycan dillərində sərbəst danışmaq, yazıb-pozmaq tələb edilir. Yəni məzunların daha rahat və gəlirli iş tapmaq şansı yüksəkdir.
Bəlkə də, elə bu məsələ Azərbaycanda rusca təhsili yenidən dəbə salan amillərdən biridir.
Rusca bilməyən ailələr də uşaqlarını rus məktəblərinə qoyurlar
Məlumata görə, rus dilinə maraq o dərəcədə artıb ki, hətta rayon qeydiyyatında olan və rusca bilməyən ailələr də uşaqlarını rus məktəblərinə qoymaq istəyirlər. Sanki 1960-70-ci illərin imperiya dövrünü yaşayırıq. Nəyin bahasına olursa-olsun övladına rus dili öyrətmək istəyən valideynlər uşaqlarına kiçik yaşlarından rus dili öyrətməyə çalışırlar, onları rus dilli bağçalara qoyurlar. Bunun nəticəsidir ki, Bakıdakı özəl bağçalarda Azərbaycan bölməsini bitirənlərə yer tapılmır. Valideynlər bağçaya ayda 400 manata qədər xərcləyərək uşaqlarının rus dilini öyrənməsinə çalışırlar. Azərbaycanın kəndlərindən gəlmiş valideynlər övladlarını rus məktəblərinə yerləşdirmək üçün hər cüt üsullara əl atırlar. Bəziləri bir ilədn sonra Rusiyaya köçəcəklərini iddia edirlər. Ekspertlər isə hesab edirlər ki, ailələri rus dilində təhsilə meylləndirən əsas səbəblərdin biri rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlıdır. Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, rus bölməsinin müəllimləri müasir üsullarla tədrisi daha asan mənimsəyirlər. Azərbaycan bölməsində isə vəziyyət fərqlidir, kurrikulum və s. kimi yenilikləri mənimsəməkdə çətinlik çəkirlər. Həm də Rusiya ilə əlaqələr artıqca rus dilinə ehtiyac da artır". Məlumata görə, uşaqların rus bölməsinə yerlşdirilməsinin digər bir səbəbi də ali məktəbə qəbul zamanı bu qəbildən olan abiturientlərə edilən güzəştlə bağlıdır. Belə ki, eyni ixtisas üzrə seçim zamanı Azərbaycan və rus bölmələrini bitirən abiturientlərin seçim imkanları ən azı 50 bal fərqində olur. Məsələn, hüquq fakultəsinə Azərbaycan bölməsini bitirənlər üçün 500 baldan artıq, rus bölməsini bitirənlər üçün isə 400 bal toplamaq kifayət edir. Onu da qeyd edək ki, külli miqdarda vəsait xərcləyərək övladına yarımçıq rus dili öyrətməklə onu Azərbaycan mədəniyyətindən uzaq salmağa nə dərəcədə ehtiyac var? Sirr deyil ki, indi Azərbaycanda rus bölməsini bitirənlərin əksəriyyəti rusca normal danışa bilmirlər. Rusca akademik səviyyədə bilməyən bu şagirdlərin əksəriyyəti digər fənləri də öyrənə bilmirlər. Yəni valideynlər külli miqdarda vəsait xərcləyərək həm də övladlarını savadsızlaşdırırlar. Nəticədə, rus bölmələrinin məzunları Rusiya bazarları üçün potensial ucuz işçi qüvvəsinə çevrilirlər.
Nurlan