Ölkədən şəxsi məqsəd üçün kapital ixracının qarşısı alınmalıdır
“Həftə ərzində valyuta bazarında məlum vəziyyəti aradan qaldırmaq və yaxud dəqiq desək, nisbətən yumşaltmaq məqsədilə müəyyən addımlar atılacağı gözlənilirdi.
8 Sentyabr 2016 14:14 Sosial"Həftə ərzində valyuta bazarında məlum vəziyyəti aradan qaldırmaq və yaxud dəqiq desək, nisbətən yumşaltmaq məqsədilə müəyyən addımlar atılacağı gözlənilirdi. Lakin, hər həftə olduğu kimi bu gün keçirilən ənənəvi məlum hərraca Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən birincisi 200 milyon, ikincisinin isə 100 milyon olmaqla cəmi 300 milyon ABŞ dolları məbləğində vəsaitin çıxarılması özü də müsbət addımdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri iqtisadçı ekspert Pərviz Heydərov səsləndirib. O, bildirib ki, indiyədək 50 milyon çıxarılırdı: "Hesab edirəm ki, bu, ölkədə xarici valyutaya qarşı yaranmış kəskin ehtiyacı əhəmiyyətli şəkildə qarşılamaqla yanaşı, bankların da həqiqi tələbatını müəyyən mənada üzə çıxartmağa dolayı yolla yardım edəcək. Bununla belə, yenə düşünürəm ki, məsələnin strateji baxımdan həlli üçün istənilən halda inzibati tədbirlər də vacibdir və mütləq həyata keçirilməlidir. Belə ki, ölkədən şəxsi məqsəd üçün - geri qayıtmayan kapital ixracının qarşısı alınmalıdır. Bu, səfərə gedən, xaricdə tələbə oxutduran və xəstəsi olan vətəndaşlarımıza aid deyil".