Hansı tibbi xidmətlər pulsuzdur?

Aparılan araşdırmalar deməyə əsas verir ki, ölkə vətəndaşları hansı xəstəliyin müayinə və müalicəsinin pulsuz olması barədə kifayət qədər bilgiyə malik deyillər. Azərbaycanda dövlət və özəl tibb nüəssisələri fəaliyyət göstərdiyindən bir sıra tibbi yardımın dəyəri pasientlər üçün qaranlıq qalır. Elə bu səbəbdən də son vaxtlar redaksiyamıza narazılıq dolu məktublar daxil olmaqdadır.

Dövlət tibb müəssisələrində tibbi yardımlar təmənnasızdır
 

Aparılan araşdırmalar deməyə əsas verir ki, ölkə vətəndaşları hansı xəstəliyin müayinə və müalicəsinin pulsuz olması barədə kifayət qədər bilgiyə malik deyillər. Azərbaycanda dövlət və özəl tibb nüəssisələri fəaliyyət göstərdiyindən bir sıra tibbi yardımın dəyəri pasientlər üçün qaranlıq qalır. Elə bu səbəbdən də son vaxtlar redaksiyamıza narazılıq dolu məktublar daxil olmaqdadır. Məlumat üçün qeyd edək ki, Azərbaycanda vətəndaşlarla tibb müəssisələri arasında yaranan münasibətlər qanunla tənzimlənir. Məlum olduğu kimi 26 iyun 1997-ci il tarixdə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanıb. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Qanuna uyğun olaraq əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Əhalinin sanitariya-epidemioloji salamatlığı dövlət sanitariya-epidemioloji xidmətinin nəzarəti altında bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik tədbirlər kompleksini həyata keçirməklə, müvafiq qanunvericiliyə uyğun olaraq təmin edilir.
    

***

Bir daha xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) tərəfindən müəyyən edilir. Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır. Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. Vətəndaşların könüllü tibbi sığorta əsasında, eləcə də müəssisələrin, təşkilatların ayrı-ayrı şəxslərin vəsaitləri və qanunvericilikdə qadağan edilməyən digər mənbələr hesabına tibbi yardım almaq və digər əlavə tibbi xidmət növləri ilə təmin olunmaq hüququ vardır. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir.
   Pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək, tibbi müdaxilədən imtina etmək, hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaq və öz mənafeyi baxımından bu məlumatı vermək mümkün olan şəxsi seçmək, daxili qaydalar pozulmamaq şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüquqları vardır. Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.
    

***

Yeri gəlmişkən qeyd edək ki, 15 iyul 1997-ci il tarixli "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq hökumət bir sıra vacib qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabineti tərəfindən "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin Siyahısı", "Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı", "İctimai təhlükəli xəstəliklərin Siyahısı" və "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası", "Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair Tələblər" və "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı" təsdiq edilib. Məhz sadalanan nornativ aktlarda əhaliyə göstərilən pulsuz tibbi xidmətlərin siyahısı əksini tapıb. 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31