Quru Qoşunlarının hərbçisi vətəndaşa vurduğu ziyanı ödəmir

İldən-ilə idarəetmə sahəsində aparılan islahatlar, bu istiqamətdə görülən məqsədyönlü işlər, eləcə də əyalət məmurları qarşısında qoyulan qəti tələb yerlərdə vətəndaşların üzləşdiyi problemlərin, haqlı narazılıqların həllinə öz müsbət təsirinbi göstərsə də, lakin hələ də bir çox yerlərdə müəyyən problemlər qalmaqdadır.

Şixəli Xocabəyzidov KİV-lərə müraciət edib

İldən-ilə idarəetmə sahəsində aparılan islahatlar, bu istiqamətdə görülən məqsədyönlü işlər, eləcə də əyalət məmurları qarşısında qoyulan qəti tələb yerlərdə vətəndaşların üzləşdiyi problemlərin, haqlı narazılıqların həllinə öz müsbət təsirinbi göstərsə də, lakin hələ də bir çox yerlərdə müəyyən problemlər qalmaqdadır. Yaşadığı şəhər və rayonda şikayətinıə, haqlı narazılığına baxılmadığını görən vətəndaş məcburiyyət qarşısında qalaraq paytaxta üz tutur, üzləşdiyi çətinliyi, haqsızlığı kütləvi informasiya vasitələri ilə daha yuxarı instansiyalar çatdırmağa çalışır. Elə hakim Yeni Azərbaycan Partiyasının üzvü, ikinci qrup əlil, Xaçmaz rayonu Dadaş Bünyadzadə küçəsi ev 32 a sakini Şixəli Xocabəyzidovu da KİV-lərə müraciət etməyə vadar edən yerli səviyyədə üzləşdiyi haqsızlıqdır. Şixəli Xocabəyzidov tərəfindən redaksiyaya daxil olan məktubdan məlum olur ki, o, Azərbaycan Quru Qoşunlarının Qusar rayonunda yerləşən hərbi hissəsinin sürücüsü -müddətdən artıq xidmətdə olan çavuş Rasim Əliyevdən şikayətçidir. Şikayət müəllifi qeyd edir ki, Rasim Əliyev cari ilin avqust ayının 23-də idarə etdiyi ,hərbi hissəyə məxsus K-923-QQ dövlət nömrə nişanlı "MAZ" markalı yük maşını ilə Şixəli Xocabəyzidovun idarə etdiyi və ona məxsus olan "Mersedes-230" markalı, 27-BC-910 nömrəli avtomobili arxadan vurub. Nəticədə maşının qanadı zədələnib və arxa işığı qırılıb: "Bir sözlə maşınıma 100 manata qədər ziyan dəyib. Lakin Rasim Əliyev indiyə qədər mənə dəyən zərəri ödəməyib və belə başa düşürəm ki, ödəmək fikri də yoxdur. Dəyən ziyan çox olmasa da mənim üçün az miqdar deyil. Üstəlik mənə təsir edən bu adamın günahkar ola-ola məni aldatması, telefon zənglərimə cavab verməməsi və məsələyə laqeyd yanaşmasıdır". Şixəli Xocabəyzidov hadisə nəticəsində psixoloji sarsıntı keçirdiyini də qeyd edib: "Qəzada mənim heç bir günahım olmayıb. Belə ki, həmin vaxt mən Bakı-Quba yolu ilə, sürət həddini aşmadan sol yolla hərəkət edirdim. Rasim Əliyev isə yol-hərəkəti qaydalarına görə yük maşınlarının saatda 60/70 km sürətlə getməyə icazə verilən sağ yolla getmək əvəzinə, sol yolla hərəkət edirdi. Ən əsası isə mənə onu keçib ötməyə imkan vemirdi. Mən isə vacib iş üçün Bakıya getdiyimdən tələsirdim. 10 dəqiqə ərzində müxtəlif işarələrlə, siqnalla, işıq faraları ilə mənə yol verməsini istədim. Amma o, buna heç cür imkan vermirdi. Vəziyyəti belə görüb Sitalçay körpüsünə az qalmış qərara aldım ki, özüm sağ yola keçim. Lakin bunu edərkən, o da gözlənilmədən sağ yola keçdi və avtomobili ilə arxadan maşınıma çırpıldı. Qəza baş verəndən sonra o maşından düşərək məndən dönə-dönə xahiş etdi ki, polisə xəbər verməyim. Söz verdi ki, dəyən ziyanı görüşüb ödəyəcək. Hətta bildirdi "mən hərbçiyəm, kişi kimi söz verirəm. Mənim yalanla aram yoxdur, narahat olma" . Şikayətçi qeyd edir ki, qəza zamanı Rasim Əliyevin yanında gizir də olub və o da əmin edib ki, Rasim Əliyev dəymiş ziyanı ödəyəcək: "Rasim Əliyev Bakıdan hərbi hissə üçün ərzaq gətircəyini və bazar, yaxud bazar ertəsi görüşərək dəymiş ziyanı ödəyəcəyini dedi. Yəni o da qəbul etdi ki, günah

özündə olub. Mən də hadisə zamanı nə qarşı tərəfə, nə mənə, eləcə də maşında olan digərlərinə heç bir xəsarət dəymədiyini nəzərə alıb onunla razılaşdım. Lakin sonradan məlum oldu ki, o məni aldadırmış. Rasim Əliyev nəinki dediyi vaxt mənə zəng edərək mənimlə görüşdü, heç mənə verdiyi möbil nömrəyə də (077-526-20-39) cavab vermədi. Məcbur qalıb hadisə ilə bağlı onun xidmət etdiyi hərbi hissəyə, Müdafiə Nazirliyinə məlumat verəcəyim barədə telefonuna ismarıc yazsam da, lakin Rasim Əliyevdən heç bir reaksiya gəlmədi". Şikayətçi deyir ki, əlacsız qalaraq Qusarda həmin hərbi hissəyə gedib: "Növbətçi Natiq İbrahimovdan Rasim Əliyevi soruşsam da, o, belə bir adam tanımadığını bildirdi. Quru qoşunların Təhlükəzlik Xidmətinin Qaynar Xəttinə zəng edəndən sonra məni içəri çağırdılar və polkovnik-leytenant olan bir hərbçi Qaynar Xəttə şikayət etməyimi mənə irad tutdu..Bildirdi ki. onu da zənglə bu məsələyə görə çağırıblar. Sonradan qapıda duran növbətçi Rasim Əliyevin həmin hərbi hissədə xidmət etdiyini boynuna aldı. Sonda mənə bildirildi ki, Rasimin pulu qaytarmağa imkanı yoxdur, yalnız 30-40 manat verə bilər. Mən isə bununla razılaşmadım. Çünki həmin məbləğ dəyən ziyanı ödəmirdi. Həmçinin bu cür saymamazlıq insan kimi mənə xoş deyildi". Şikayət müəllifinin sözlərinə görə, ola bilsin Rasim Əliyev kimlərəsə arxayındır və bu səbəbdən haqsızlıq edir: "Ancaq mən qanunlarımıza və dövlətimizə arxalanıram".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31