Siqaretin qiyməti niyə bahalaşır?
Artıq bir neçə gündür ki, Azərbaycanda siqaretlərin qiymətlərində yenidən artım müşahidə edilir. Belə ki, satışa çıxarılan bəzi növ siqaretlər hətta 20-30 qəpik bahalaşıb.
8 Sentyabr 2016 13:17 SosialEkspertlərin fikrincə bunun üçün iqtisadi əsas yoxdur
Artıq bir neçə gündür ki, Azərbaycanda siqaretlərin qiymətlərində yenidən artım müşahidə edilir. Belə ki, satışa çıxarılan bəzi növ siqaretlər hətta 20-30 qəpik bahalaşıb. Heç də təsadüfi deyil ki, yaranmış vəziyyət insanlar arasında narahatlığa rəvac verib. Xatırladaq ki, hazırda dünya bazarında siqaretlərin qiymətlərində elə bir artım yoxdur ki, ölkəyə idxal edilən məhsulların qiymətinə təsir etsin. Əksinə, qaçaqmal yolu ilə Azərbaycana gətirilən siqaretlər uğuz qiymətə realizə edilir. Belə halda, Azərbaycanda siqaretlərin bahalaşması nə ilə əlaqədardır? Sözügedən bahalaşma siqaret çəkən ailələrin büdcəsinə hansı formada mənfi təsirini göstərəcək? Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, bu gün dünya bazarında bütün mal və məhsulların qiymətlərində çox ciddi ucuzlaşma var. Belə bir şəraitdə Azərbaycan sanki dünya bazarından təcrid olunub: "Respublikamızda gedən iqtisadi proseslər həm qiymət, həm keyfiyyət, həm də digər kriteriyalar baxımından dünya bazarında gedən proseslərdən tamamilə fərqlidir. Ölkəmizdə siqaretin qiymətinin artırılmasının heç bir iqtisadi əsası yoxdur. Bu məsələdə yalnız siqaret sahəsini inhisara alan məmurların marağı var. Belə ki, inhisarçılar yaranmış fürsətdən istifadə edərək daha çox gəlir əldə etmək istəyirlər. Düzdür, onlar bu məhsulları dollarla əldə edirlər. Ancaq buna baxmayaraq, Azərbaycana gətirilən siqaretlər kifayət qədər baha qiymətə satılır. Burada digər bir məsələ də var. Hökumət istəyir ki, spirtli içkilərin, siqaretin qiymətini artırmaqla dövlət büdcəsinin gəlirlərini artırsın. Bu gün məqsəd məhz budur". Ekspert qeyd edir ki, Azərbaycanda tütün istehsal olunur və bu gün ölkəmiz idxal etdiyi həcmdə də tütün məmulatları ixrac edir. Onun dediyinə görə, respublikamızda tütün istehsalı ilə bağlı heç bir problem yoxdur və tütün istehsalını artırmaq mümkündür: "İş burasındadır ki, yalnız istehsalla bu məsələ bitmir. Siqaretin tərkibində kifayət qədər komponetlər var və onlar ya ölkəmizdə istehsalı olmalı, ya da xaricdən gətirilməlidir. Hər halda həmin komponentlərin Azərbaycanda istehsalı mümkündür və bu məsələdə problem yaşanacağına inanmıram. Hazırda Azərbaycanda siqaret istehsalçılarının sayı günbəgün artır. Təəssüflər olsun ki, biz indi dünyanın ən çox siqaret istehlak edən ölkələri sırasında yer alırıq.
***
Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində adambaşına 50 qutudan çox, yəni 75 qutuya yaxın siqaret düşür. Azərbaycan daxili istehsal hesabına tütün məmulatlarına olan tələbatını tam şəkildə ödəyə bilər. Bu, həm də uçuz baş gələ bilər. Bir daha qeyd edirəm ki, burada heç bir problem yoxdır. Sadəcə idxalda marağı olan bəzi qüvvələr var. Hətta bəzilərinin xaricdə fəaliyyət göstərən siqaret fabriklərində səhmləri ola bilər. Bunu dəqiq deyə bilmərəm. Ancaq idxalda olan maraq onu düşünməyə əsas verir". V. Məhərrəmov əlavə edir ki, əvvəllər ölkəmizdə tütünçülüyə fikir verilməyib. Bu sahəyə kredit verilməsi qadağan edilmişdi. Dünya Bankı bu sahənin inkişafını arzuedilməz hesab etmişdi. Nəticədə də respublikamız bu sahədə gerilədi. Ona görə də idxaldan asılı vəziyyətə düşmüşük. Azərbaycanda tütünçülüyün inkişafı üçün elədə ciddi kapital qoyuluşuna ehtiyac yoxdur. Bu gün hansı istehsal sahələrinə ehtiyac varsa, dövlət o sahə üzrə öz üzərinə düşən vəzifəni həyata keçirməlidir: "Məsələn, su ilə təminat olduqca bərbad haldadır. Tütün də enliyarpaqlı bitkidir, suya daha çox tələbatı olan bitkidir. Su problemi olanda, su təminatı olmayanda məsuldarlıq aşağı, maya dəyəri isə yuxarı olur. Üstəlik, keyfiyyət də aşağı düşür. Məhsulda keyfiyyət amili önəmli amildir. Digər tərəfdən, tütün münbüt torpağı sevən bitkidir. Əgər torpaqda münbütlük aşağıdırsa, məhsuldarlıq aşağı olur. Təəssüflər olsun ki, ölkəyə keyfiyyətsiz və az miqdarda mineral gübrə gətirilir. Dövlət bu sahədə müəyyən addımlar atmalıdır. Ola bilsin ki, emal müəssisələri ilə fermerlər arasında əvvəlcədən müqavilə şərtlərinə uyğun olaraq müəyyən qədər maliyyə ayrılmalıdır. Hətta, dövlət aşağı faizlə kreditin verilməsini təmin edə bilər. Bu sahə ilə bağlı subsidiyanın ayrılması buna önəm verə bilər. Dövlətin əlində kifayət qədər maliyyə riçaqları var. Bu sahə müasir tələblərə uyğun inkişaf etdirilməlidir. Dövlət proqramı qəbul olunmalıdır. Əgər sadaladığım problemlər öz həllini taparsa, istehlak bazarında daxili tələbata uyğun şəkildə siqaret istehsalı mümkünləşər". İqtisadçı-ekspert Vuqar Bayramova görə, bu artımlar dünya bazarında qiymətlərin bahalaşması ilə bağlıdır: "Azərbaycanda siqaret istehlakı idxaldan asılıdır. Belə ki, son illər daxildə siqaret istehsalı da azalıb. Nəticədə siqaretin idxaldan asılılığı artıb. 2010-cu ildə ölkəyə 228 min ABS dolları həcmində tütün və tütünün sənaye əvəzediciləri idxal olunub. Bu isə ümumi idxalın 3.4%-ni təşkil edib". V.Bayramovun sözlərindən bəlli olur ki, siqaretin qiyməti dünya bazarında siqaret məhsullarının qiymətindən asılı olaraq dəyişir: "Son günlər müşahidə olunan bahalaşma da məhz bu səbəbdəndir. Aparılan təhlillər bəzi ölkələrdə də siqaretin qiymətinin artdığını göstərir. Bu artımlar dünyada tütün və siqaret istehsalının azalması ilə bağlıdır". Azərbaycanda təxminən hər 3 nəfərdən birinin siqaret çəkdiyini deyən mütəxəssis hesab edir ki, bahalaşma siqaret çəkənlərin maliyyə durumuna mənfi təsir göstərir: "Qiymətləndirmələrə əsasən ölkədə siqaret çəkənlər orta hesabla gün ərzində siqaretə 1,5 manat xərcləyirlər. Bu da siqaret çəkən vətəndaşın il ərzində siqaretə 548 manat xərcləməsi deməkdir. Orta siqaret çəkmə müddətini 40 il götürsək deməli vətəndaş həyatı boyu siqaretin alınmasına 22 min manat xərcləyir. Bu da kifayət qədər böyük rəqəmdir. Siqaretin qiymətinin artmasının iqtisadi tərəflərini nəzərə alaraq siqaret təklifində idxaldan asılılığın aradan qaldırılmasdına zərurət var. Tütün sektorunun inkişafı ilə bağlı addımlar atılmalıdır".
Nurlan