Konstitusiyaya dəyişiklikləri ölkənin daha güclü olmasına şərait yaradacaq
“Artıq referendum keçirilməsi üzrə çox aktiv bir fazaya qədəm qoymuşuq. Bu günə qədər müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, Azərbaycan bu prosesi də çox uğurla başa vuracaq.
7 Sentyabr 2016 14:19 Sosial"Artıq referendum keçirilməsi üzrə çox aktiv bir fazaya qədəm qoymuşuq. Bu günə qədər müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, Azərbaycan bu prosesi də çox uğurla başa vuracaq. Dəyişiklikləri şərtləndirən amillərə gəlincə, əlbəttə, Azərbaycan dövləti sürətlə inkişaf edir və son 12 ilin iqtisadi göstəriciləri kifayət qədər yüksəkdir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova səsləndirib. O, bildirib ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatı dəfələrlə böyüyüb: "Buna paralel olaraq, uğurlu sosial siyasət nəticəsində insanların da həyat şəraiti yüksəlib, yeni sosial şərtlər meydana çıxıb. Azərbaycanın beynəlxalq əlaqələri də kifayət qədər genişlənib, beynəlxalq təşkilatlarda təmsilçiliyi yüksəlib, ölkəmiz bir çox yeni beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq əməkdaşlıqla bağlı mühüm qərarlar qəbul olunub. Eyni zamanda, ölkə qanunvericiliyi də təkmilləşdirilir, yeni mütərəqqi qanunlar qəbul olunur". Onun sözlərinə görə, Azərbaycan bu gün sürətli islahatlar dövrünü yaşayır: "Digər tərəfdən, regionda və dünyada baş verən hadisələr hamımızın gözünün qabağındadır. Milli dövlətlərin təhlükəsizliyinə qarşı mövcud olan hədələr hər kəsi qabaqlayıcı tədbirlər görməyə sövq edir. Təbii ki, Azərbaycan dünyada cərəyan edən hadisələr fonunda öz sabitliyini, müstəqilliyini möhkəmləndirə bilib. Bununla belə, qeyd etdiyimiz kimi, yeni şəraitdə daha əhatəli tədbirlər görməyə ehtiyac yaranır. Ona görə də, biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq".