52 yaşlı ermənini məğlub edən 22 yaşlı azərbaycanlı gənc

Bu günlərdə ölkəmizdə keçirilən Ümumdünya Şahmat Olimpiadası Azərbaycanı bir daha dünyaya idman ölkəsi kimi tanıtdı. Dünyanın müxtəlif ölkələrindən güclü şahmatçıların iştirak etdiyi Olimpiadada xarici ölkələrdə yaşayan azərbaycanlı idmançılar da mübarizə apardı. Onlardan biri də İtaliyada yaşayan azərbaycanlı gənc Mirağa Ağayevdir.

Mirağa Ağayev: "Biz İtaliyaya gedəndə Azərbaycanı heç kim tanımırdı"

"Yarışlarda oynayanda azərbaycanlı olduğumu deyəndə, bizdən xəritədə bu ölkəni göstərməyimzi istəyirdilər"

Bu günlərdə ölkəmizdə keçirilən Ümumdünya Şahmat Olimpiadası Azərbaycanı bir daha dünyaya idman ölkəsi kimi tanıtdı. Dünyanın müxtəlif ölkələrindən güclü şahmatçıların iştirak etdiyi Olimpiadada xarici ölkələrdə yaşayan azərbaycanlı idmançılar da mübarizə apardı. Onlardan biri də İtaliyada yaşayan azərbaycanlı gənc Mirağa Ağayevdir.

Qeyd edək ki, Mirağa Ağayev hazırda Romada Sapienza Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin 3-cü kurs tələbəsidir. Həmyerlimiz İtaliyada və digər ölkələrdə keçirilən beynəlxalq şahmat yarışlarının iştirakçısı və qalibi olub. Mirağa Ağayev şahmata olan marağından, bu günə qədər sözügedən idman növündə əldə etdiyi nailiyyətlərdən danışıb: "Uşaq vaxtı mən çox sakit olmuşam. Atam da fikirləşdi ki, sakitəm deyə, çox yaxşı şahmatçı ola bilərəm. Ona görə də atam məni hələ bağça yaşımda Ucarda şahmat məktəbinə yazdırdı. Mən o zaman həm də uşaq bağçasına gedirdim. Bizdə də şahmat məktəbi ilə uşaq bağçası bir-birinə çox yaxın idi. Şahmat məktəbinin pəncərəsi bağçanın həyətinə açılırdı. Bağçadan yatmağı xoşlamırdım. Uşaqlar yatanda bağça müəllimələri məni pəncərədən verirdilər şahmat məktəbinin müəllimlərinə. Bağçada uşaqlar oyananda isə şahmat məktəbinin müəllimləri məni bağçaya geri qaytarırdılar. Bir sözlə, mənim uşaq vaxtı oyuncaqlarım şahmat fiqurları olub. Orta məktəbdə oxuyanda da şahmat üzrə zona və respublika yarışlarında iştirak edirdim. 2003-cü ildə biz ailəvi olaraq İtaliyaya köçdük. Biz öncə Milanda yaşadıq. Orada da şahmat məktəbinə gedirdim. Artıq 10 yaşım var idi, birinci dərəcə kimi oynayırdım. Məktəbdə qrossmeyster var idi. O dedi ki, dünyada mənim kimi uşaqlar çox azdır. Sonra biz İtaliyanın Kaneli şəhərinə köçdük. Orada da yarışlarımı davam etdirdim. Kaneli kiçik şəhər olduğuna görə şahmat az oynadım. Çünki orada şahmat məktəbi yox idi. Şahmat orada ancaq klublarda oynanılırdı. Sonradan oyunlarımı intensivləşdirdim və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib oldum. Daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etdim. İtaliyada keçirilən çox yarışlarda iştirak etmişəm. Şimaldan cənuba İtaliyanın bütün şəhərlərində yarışlarda olmuşam. Ümumiyyətlə, təkcə İtaliyada deyil, bir çox ölkələrdə keçirilən beynəlxalq yarışlarda iştirak etmişəm2. Həmyerlimiz indiyə qədər əldə etdiyi nailiyyətlərdən də danışıb. Bildirib ki, 2013-cü ildə Fidemaster adına layiq görülüb: "Şahmatda Beynəlxalq usta olmaq üçün norma yığmalısan. Mən də normanı yığıb nəhayət Beynəlxalq usta dərəcəsini aldım. Bu da şahmatda ikinci ən böyük dərəcədir. Bundan sonra hədəfim qrossmeyster adını qazanmaqdır". Mirağa Ağayev İtaliyaya getdiyi ilk illərdə heç də hər şeyin asan olmadığını da etiraf edib: "Biz İtaliyaya gedəndə Azərbaycanı heç kim tanımırdı. Yarışlarda oynayanda azərbaycanlı olduğumu deyəndə, bizdən xəritədə ölkəni göstərməyimzi istəyirdilər. Mən qalib olandan sonra İtaliya qəzetlərinin birində "Bakıdan gələn oğlan" başlıqlı məqalə dərc olundu. Getdikcə orda Azərbaycanı tanımağa başladılar. Bu, əlbəttə ki, tək mənə görə deyildi. Son zamanlar Azərbaycan-İtaliya münasibətləri daha da möhkəmlənib. Səfirliyimiz də mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlər keçirir. Bütün bunların da Azərbaycanın İtaliyada tanınmasında mühüm rolu var. Bu da bizdə böyük qürür hissi yaradır. İtaliya mediası da hər zaman mənim uğurlarımı işıqlandırır. Bir çox hallarda bizim xəbərimiz olmadan onlar mənim haqqımda yazı verirlər. Hətta bir dəfə atam səhər kafedə qəzetləri vərəqləyərkən təsadüfən qəzetdə mənim haqqımda yazını görmüşdü. Elə bir həftə bundan əvvəl İtaliyanın məşhur jurnalistlərindən biri olan Gaia Ferraris mənimlə əlaqə saxlayıb "La Stampa" qəzeti üçün haqqımda yazı yazmaq istədiyini bildirdi". Mirağa Ağayev deyib ki, İtaliyanın məşhur şahmatçılarının hamsı ilə əlaqəsi var: " Olardan Mikela Qodina, Sabinu Brunellu, Daniel Vokaturonun adını çəkə bilərəm. Azərbaycan şahmatçılarından da çoxunu tanıyıram. Burada şahmatçı dostlarım da var. Rəhmətlik Vüqar Həşimovla çox yaxın münasibətimiz var idi. Onunla virtual olaraq çox yazışıb, danışırdıq. Bakıda da görüşmüşdük. Çox gözəl insan idi". Həmyerlimiz Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadası ilə bağlı təəssüratlarını da blüşüb: "Məni bu Olimpiadaya İtaliya Şahmat Federasiyası göndərib. Mən İtaliya vətəndaşı olmadığım üçün burada oyunçu kimi iştirak etmirəm. Burada həm İtaliya komandasında qızların məşqçi və köməkçisi, həm də İtaliya Şahmat Federasiyasının prezidentinin tərcüməçisiyəm". Mirağa Ağayev sonda ermənilərlə keçirdiyi yarışlar və onlar üzərində əldə etdiyi qələbə barədə danışıb: "Keçən il İtaliyanın Bratto şəhərində keçirilən yarışda mən Beynəlxalq usta norması üçün oynayırdım. Axırıncı turda rəqibim 52 yaşlı erməni Karen Movsisyan idi. O, Ermənistanın baş məşqçisi olmuşdu və qrossmeyster idi. Yarışda birinci dərəcə üçün oynayırdı. Əgər heç-heçə etsə idi, birinci yerə çıxırdı. Məni isə heç-heçə qane etmirdi. Oyun 4-5 saat davam etdi. Sonda mən onu uddum. O, üzümə baxmadan, əl vermədən saatı saxlayıb əsəbi şəkildə fiquru aşırıb getdi. Hansı ki, etiket qaydalarına görə, uduzan əl verməldir, fiqurları yerinə qoymaldır və s. Ona çox təsir etdi ki, 52 yaşında 22 yaşlı azərbaycanlı gəncə uduzub. Onun reytinqi cədvəldə birinci yerdən 6- yerə düşdü. Mən isə Beynəlxalq usta normasını yığıb 2-ci yerə çıxdım".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31