“Ödənişli təcili yardım xidmətini təsəvvür edə bilmirəm”

Ölkədə təcili tibbi yardımın pullu olacağı ilə bağlı yayılan xəbər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta məsələyə qarşı çıxaraq hələlik Azərbaycanda buna ehtiyac olmadığı qənaətinə gələn millət vəkilləri də fikirlərini açıqlayıblar. Xatırladaq ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev mətbuata açıqlamasında bildirmişdi ki, gün ərzində təcili yardıma daxil olan 2 minə yaxın müraciətdən yalnız 40 faizi onlara aiddir.

Deputat: "Tibbi sığorta bu problemləri həll edəcək"
 

Ölkədə təcili tibbi yardımın pullu olacağı ilə bağlı yayılan xəbər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta məsələyə qarşı çıxaraq hələlik Azərbaycanda buna ehtiyac olmadığı qənaətinə gələn millət vəkilləri də fikirlərini açıqlayıblar. Xatırladaq ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev mətbuata açıqlamasında bildirmişdi ki, gün ərzində təcili yardıma daxil olan 2 minə yaxın müraciətdən yalnız 40 faizi onlara aiddir. Qalan hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində poliklinika və xəstəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur". Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyib. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyevin bəzi çağırışların ödənişli edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Deputat bunun mümkünsüz olduğunu açıqlayıb: "Baş həkimin dediyi kimi onlara aid olmayan, yaxud təkrar çağırışlara, VİP xidmətlərinə görə xidmət pullu ola bilər. Amma bizim qanunvericiliyə görə səhiyyə xidmətləri pulsuzdur və dövlət vəsaiti hesabına həyata keçirilir. Amma bu sadalananları hansı şəkildə ödənişli edəcəklərini düşünə bilmirəm. Özəl tibbi xidmət yaratmaq mümkündür ki, özəl qaydada fəaliyyət göstərsin. Amma bu gün dövlətdə bütün tibbi xidmətlər pulsuzdur. Müəyyən dövrlərdə poliklinikalarda müayinələr pullu olsa da, sonradan onlar da ləğv edildi. Əsassız çağırışlara nəzarət etmək üçün elektron hökumət səviyyəsində formalar tapmaq mümkündür. Yəni, hər bir xəstənin ambulator kartasında olan məlumatları hər hansı cip vasitəsilə əlaqələndirə bilər və təkrar çağırışın nə ilə bağlı olduğunu aydınlaşdıra bilərlər. Amma ilkin, təcili təxirəsalınmaz çağırışlarda "sən pul ödə, mən gəlim xidmət göstərim" mümkün deyil və bunu doğru da hesab etmirəm". M.Quliyev icbari tibbi sığortanın tətbiqindən sonra bu məsələlərin öz həllini tapacağını deyib: "Yaxın vaxtlarda icbari tibbi sığortanı qəbul edəcəyik. Bu zaman isə təkrar və ixtisaslaşmış çağırışlar paketə daxil ediləcək. Ümumilikdə təcili yardımla bağlı pullu xidməti mən təsəvvür edə bilmirəm. Bu, həm qanunvericiliyə uyğun gəlmir, həm də insanların sosial vəziyyəti buna imkan vermir. Azərbaycan sosial dövlətdir, təcili və təxirəslınmaz yardımlar həmişə dövlətin vəsaiti hesabına həyata keçirilməlidir". M.Quliyev R.Nağıyevin "İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir" fikrinə cavab olaraq deyib ki, bu hesablanma mexanizmi ona qəribə görünür: "Bunu necə hesablayıblar?! Mənə çox maraqlıdır. Yəni, belə çıxır ki, bura həkim və tibb bacısının zəhmət haqqını, istifadə olunan dərmanların, nəqliyyatın xərcini daxil ediblər. Amma belə bir hesablama sistemi yoxdur. Ola bilər ki, baş həkim özəl tibb müəssisəsinin təcili yardımı ilə müqayisəli bunu deyib. Amma bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda təcili tibbi yardım pulsuz olduğuna görə, onun özəl qaydada kalkulyasiyası mümkünsüzdür".
 Yeri gəlmişkən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev təcili tibbi yardımın pullu olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Bu gün Azərbaycanda təcili yardımın pullu olması real deyil. Hazırda təcili yardımın bütün xərcləri dövlət hesabına təmin olunur. Bizim tərəfimizdən hər hansı rəsmi təklif hazırlanaraq dövlət qurumlarına təqdim edilməyib. Təcili yardıma əsassız daxil olan müraciətlərlə bağlı səsləndirilən fikirlər sadəcə, şifahi formada edilən təkliflərdir. Bununla bağlı dövlət tərəfindən qanun qəbul edilməsə, onun icrası mümkünsüzdür". R. Nağıyev xatırladıb ki, stansiya dövlət büdcəsindən maliyyələşən müəssisədir. Onun sözlərinə görə, təcili yardımdan sui-istifadə edən vətəndaş bilməlidir ki, dövlət büdcəsinə ziyan vurur: "Çünki hər bir çağırış dövlət tərəfindən qiymətləndirilir. Təcili yardım xidməti büdcədən istər sığortalı təbabət, istərsə də digər formada pulsuzdur. Bu gün əsassız müraciətlər Bakı şəhəri üzrə çağırışların 60%-ni təşkil edir. Müraciətlərin cəmi 40%-i təcili yardıma aid olan çağırışlardır. Vətəndaş bilməlidir ki, əgər təcili yardımdan sui-istifadə edirsə, buna görə məsuliyyət daşımalıdır. Büdcədən təcili yardıma ayrılan vəsait qanunauyğun şəkildə, bərabər qaydada xərclənməlidir. Əsassız çağırışların ucbatından digər daha önəmli çağırışları icra edə bilmirik. Ağır xəstələr olur ki, nəticədə onlara gecikmə ilə yardım göstərilir. Vətəndaş gecə yata bilmir və ya qızdırması 37-dən biraz qalxan kimi (təcili yardım qızdırma 38-ə qalxana qədər heç bir müdaxilə etməməlidir) təcili yardım çağırır". Baş həkim qeyd edib ki, vətəndaş əsassız müraciət etdiyi halda, buna görə məsuliyyət daşımalıdır. Digər ölkələrdə olduğu kimi, ayrılan xərcin həmin vətəndaşın özü tərəfindən ödənməli olduğunu söyləyən R. Nağıyev bildirib ki, əsassız müraciət digər vacib və daha ağır xəstələrə zərər verə, bu da ölümlə nəticələnə bilər.

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31