Təcili tibbi yardım ödənişli olacaq
Dünyada, eləcə də Azərbaycanda çətin, lakin şərəfli hesab olunan sahələrdən biri də təcili tibbi yardım xidmətidir. Etiraf edilməlidir ki, bu peşə sahibləri isti-soyuq, yağış-qar, gecə-gündüz, yaxın-uzaq bilmədən əhalinin xidmətindədirlər.
6 Sentyabr 2016 12:49 SosialBu məqsədlə vahid elektron sistem yaradılacaq
Dünyada, eləcə də Azərbaycanda çətin, lakin şərəfli hesab olunan sahələrdən biri də təcili tibbi yardım xidmətidir. Etiraf edilməlidir ki, bu peşə sahibləri isti-soyuq, yağış-qar, gecə-gündüz, yaxın-uzaq bilmədən əhalinin xidmətindədirlər. O da xüsusilə qeyd edilməlidir ki, son illər ərzində Azərbaycanda bu sahə xeyli dərəcədə təkmilləşdirilib. Lakin bütün görülən işlərə, həyata keçirilən islahatlara baxmayaraq hələ də təcili tibbi yardım sahəsində mövcud olan nöqsanları köklü şəkildə aradan qaldırmaq mümkün olmayıb. Məhz bu kimi hallar nəzərə alınaraq ölkədə təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə islahatlar davam etdirilir. Nəzərdə tutulan yeniliklərdən biri də sözügedən xidmət sahəsinin ödənişli olması ilə bağlıdır. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistemin yaradılması vacib şərtdir. Artıq bu məqsədlə aktiv naviqasiya sisteminin formalaşması ilə bağlı proqram hazırlanıb. Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Karta müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Bu da əlavə suallara yer qoymur. Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər informasiyalar toplanacaq. Həmin məlumatlar əsasən, poliklinikalardan alınacaq. Məlumatlardan dərhal yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya sistemi həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək. R.Nağıyevin sözlərinə görə, yardım almaq üçün təcili tibbi yardım stansiyasına zəng edən şəxsin elektron sistemdəki məlumatları dərhal həkimin planşetinə ötürüləcək. "Həmin informasiyalar əsasında artıq həkim hətta yolda olarkən xəstə ilə bağlı qərar qəbul edə biləcək. Bu, vaxt itkisinin qarşını almağa və keyfiyyətli təcili tibbi yardım göstərməyə imkan verəcək". Baş həkim bildirib ki, yeni naviqasiya sistemini işə salmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub. Bununla bağlı xüsusi razılıq alındıqdan sonra sistem qurulmağa başlayacaq. Yeni elektron sistem icbari tibbi sığortanın tətbiqini də asanlaşdıracaq. Belə ki, həmin baza məlumatları əsasında Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müqaviləsi olacaq. Təcili Tibbi Yardım stansiyalarından göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə Agentliyə məlumat veriləcək. Nəticədə göstərilən tibbi xidmətlər təhlil olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına ödənişlər ediləcək. R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edir. "Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində polikliniya və xəstəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur". Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyir: "İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir".
***
Məlumat üçün qeyd edək ki, təcili tibbi yardımın pullu olması ilə bağlı məlumat ictimaiyyət tərəfindən birmənalı qarşılanmasa da mütəxəssislər bunun bir sıra problemləri həll edəcəyinə əmindirlər. Ekspertlər hesab edirlər ki, yeni naviqasiya sisteminin və icbari tibbi sığortanın fəaliyyətə başlaması ilə elektron sağlamlıq kartlarının işə düşməsi gözlənilir. Xatırladaq ki, 2007-ci ildən əsasən, yeni doğulan uşaqlara və 2000-ci illərdə doğulanlara verilən elektron kartlar indiyədək istifadə olunmayıb. Səhiyyə Nazirliyindən bildiriblər ki, indiyə qədər təxminən 1 200 000 ədəd kart paylanılıb. Ancaq onlardan nə qədərinin real olaraq istifadə olunması barədə suala cavab verilməyib. Təcrübə göstərir ki, kifayət qədər dövlət vəsaiti sərf edilən həmin kartlar istifadəsiz qalıb. Halbuki, sağlamlıq kartlarını elektron hökumət portalı vasitəsilə oradakı məlumatları istənilən səhiyyə müəssisəsindən əldə etmək olar. Kartda vətəndaşın şəxsi, tibbi müayinə, müalicə, peyvənd, qəbul etdiyi dərmanlar və s. barədə məlumatlar toplanıb. Gələcəkdə isə sığorta məlumatlarının da oraya daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təcili tibbi yardımın pullu olması beynəlxalq təcrübə də mövcuddur. Məsələn, Çində təcili tibbi yardım maşınlarına taksi sayğacları quraşdırılır və qət olunan yola görə haqq ödənilir. Bakı şəhər sakini Tural Abasov deyir ki, təcili tibbi yardımın pullu olması onun keyfiyyətinin artmasına səbəb ola bilər: "Onsuz da istər-istəməz pasiyentlər təcili tibbi yardıma müəyyən məbləqdə vəsait ödəyirlər. Lakin bu qeyri-leqal olduğundan pasientlər heç nə tələb edə bilmirlər. Elə vaxt olur ki, təcili tibbi yardım gecikir, özünü xəstəyə vaxtında yetirə bilmir. Bəzən isə uzaq ərazilərə gəlməkdən imtina edirlər. Əgər təcili tibbi yardım pullu olsa, bu kimi problemlər aradan qalxmış olar". Paytaxt sakini Nəzirə Bayramova deyir ki, təcili tibbi yardımın pullu olması əhalinin kasıb təbəqəsinin maddi vəziyyətinə mənfi təsir göstərə bilər: "Heç olmasa indi təcili tibbi yardım konkret məbləğ tələb etmir. Nə verirsən onunla qane olurlar. Rəsmi şəkildə məbləğ müəyyən edilsə xeyli insanların onu ödəməyə imkanı çatmaya bilər. Birdə ki, təcili tibbi yardım dövlət müəssisəsidir, dövlət büdcədən onun saxlanması üçün kifayət qədər vəsait ayırır. Belə halda niyə təcili tibbi yardım pullu olmalıdır?"
Nurlan