Elçin Hüseynbəyli yazır... Balıq sevdası...
-Mən yaxşı balıq yeri bilirəm. Belə-belə ağ balıqlar, - əl-qolunu ölçə-ölçə dedi, - xəşəm, usaç... Klanis (yəni klyanus-and içirəm).
6 Sentyabr 2016 12:21 SosialElçin Hüseynbəyli
Balıq sevdası...
-Mən yaxşı balıq yeri bilirəm. Belə-belə ağ balıqlar, - əl-qolunu ölçə-ölçə dedi, - xəşəm, usaç... Klanis (yəni klyanus-and içirəm).
Həşim əsgərlikdən təzə gəldiyinə görə tez-tez rus sözləri işlədirdi. Orta məktəbi yarıya qədər oxumuşdu. Bəlkə ona görə də özünü çoxbilmiş kimi göstərirdi. Yəni az oxumağıma baxmayın, sizdən də çox bilirəm. Hətta mal nobatına gedəndə də "Ay inək hara!?" əvəzinə "Ay inək kuda!?" deyirdi.
Bu sözləri deyəndən sonra o bir müddət üzümüzə baxdı və bizi inandırmaq üçün:
-Orası pisdi ki, naqqa da (naxa) var.
Biz tərəflərdə naqqanı sevməzlər. Deyirlər ki, balıq pulsuzdursa, deməli, mundardır. Yəni donuz kimi bir məxluqdur...
Biz hamımız Həşimin sözlərinə məhəttəl qaldıq. Çünki heç zaman onu balıq tutan görməmişdik. Bəzilərimiz ona ağzımızı büzdük, bəzilərimizi maraq götürdü. O bunu hiss elədi, anladı ki, ona inanmırıq.
-İstəsəniz sizə göstərrəm, - deyə Həşim bizi əmin eləmək üçün bir az da irəli getdi
Bu söhbət ən çox məni maraqlandırdı. Çünki balıq tutmağı sevirdim. Mən:
-Hardadır ki? -deyə soruşdum.
O bir az ürəkləndi və əli ilə İran sərhəddini göstərdi.
-O dey orda...
Hamımız güldük. Bunu bir zarafat sandıq.
-Ora heç kimi buraxmırlar, -dedim, - bəlkə heyvanları otarmaq üçün əsgərlərdən icazə alasan, onda...
Burda bir haşiyə çıxım: Onun, yəni Həşimin göstərdiyi ərazi sərhəd zolağıdır. Arazboyu kəndlərlə İranı o zolaq ayırır. Demək olar ki, meşəliyə, cəngəlliyə dönüb. Sovetlər vaxtı heç kimi ora buraxmırdılar, amma yenidənqurmadan sonra mal-heyvanı otarmaq, ipək qurdu üçün yarpaq qırmaq üçün ora girməyə icazə verirdilər.
Həşim:
-Mən icazə alaram, - dedi, -iki gün sonra bizim nobatımızdı, qarmaqlarınızı hazırlıyın, həmin yeri sizə göstərəjəm, belə-belə balıqlar var, -deyə o yenidən əl-qolunu ölçdü.
Həşim deyən günü "zastava"nın (el arasında sərhəd qapısına belə deyirdilər) qarşısına toplaşdıq. Əsgərlər mal-qaranı sərhəddən içəri buraxmaq üçün bir tut arağı, iki çolpa, bir büküm çörəklə kifayətləndilər, yəni "taksaları" beləydi.
Yoldaşlarımızdan Sərdar fikrini dəyişdi:
-Mən o dey orda - sərhədin qırağında balıq tutacam, həmişəki yerimizdə.
Əvvəlcə onun bu hərəkətinə təəccüblənsək də, sonradan unutduq, çünki mal-heyvanla birgə özümüzü sərhəd zolağına dürtmüşdük.
Heyvanlar örüşə girən kimi ot-ələfə girşdilər. Onları qorumağın, ya otarmağın mənası yoxuydu, çünki hər tərərf bağlıydı, heç yerə qaçası deyildilər.
Həşim bizə dedi ki, Araza tərəf getməyimizi nə gərək bizimkilər görsün, nə də İran tərəfi, ona görə də kəşfiyyatçılar kimi hərəkət eləmək lazımdı.
Cığırla hürkə-hürkə bir az yol gedəndən sonra Həşim əli ilə bizə işarə elədi:
-Stoy (yəni dayan)!
Dayandıq.
-İndi sürünə-sürünə getməliyik, düşmənləri duyuq salmaq olmaz!
"Düşmənləri" e!
Onun bu sözlərinə qımışdıq, amma büruza vermədik. Araza tərəf bir az sürünə-sürünə getdik. Adam getməyən keçilməz yollar cəngəlliyi xatırladırdı. Üz-gözümüzü kol-kos tamam dalamışdı, bəzilərimizin köynəyi də böyürtkən kollarına ilişib cırılmışdı. Həşimin bu oyunu bizə maraqlı gəlirdi, özümüzü, doğrudan da kəşfiyyatçı kimi hiss edirdik.
Bir azdan Həşim sağ əlini yuxarı qaldırdı, yəni ki, dayanmaq lazımdı, qarşıda təhlükə var. Bir müddət hamımız dinşədik, amma yarpaqların xışıltısından başqa heç nə eşidilmirdi.
-Sağa! - deyə o, handan-hana əmr elədi.
Biz sağa burulduq, yenə də bir neçə metr süründük, amma Arazı tapa bilmədik.
-Nəhlət sənə kor şeytan! -deyə Həşim ucadan dedi. Kəşfiyyatda olduğunu tamam unutdu və təzə bir əmr verdi:
-Geriyə!
Biz geriyə tərəf süründük və talaya çatıb dayandıq.
-Buna bax, a tarı (tanrı), keçən dəfə Bilalın oğlu yekə-yekə balıq tutmuşdu, deyirdi ki, Arazdan tutub. Bəs hanı Araz!? -deyə Həşim öz-özünə sual elədi və biz kor-peşman heyvanların yanına qayıtdıq.
İndi oturub axşamın düşməsini gözləməliydik, çünki əsgərlər qapını bir də axşam, günbatandan sonra açacaqdılar.
Axşama kimi başımızı qatmaq üçün Həşimin əsgərlik barədə sayıqlamalarını dinləməli olduq və doyunca güldük.
Balıq sevdamız beləcə başa çatdı. Düzü, bilmədim, Həşim bizə yalan deməklə özünə nobat üçün yoldaş axtarırdı, yoxsa Bilalın oğlu onu aldatmışdı...
Axşam heyvanları sərhəddən çıxarıb kəndə gətirəndə Sərdarı gördük. O, tutduğu balıqları ilğın budağına keçirmişdi və tozlu-torpaqlı yolla kəndə tərəf yürüyürdü.
Balıqlar quruduğundan bizim süründüyümüz sərhəd zolağı kimi əyri-üyrüydülər...
Sentyabrın əvvəli 2016