Manyak
Başqa millətlərin nümayəndələri qocalanda müdrikləşir, həyata baxışları, insana münasibəti daha da ağıllı olur, yaxşını-pisi bəsirət gözü ilə seçə bilir. Bizimkilərdə isə bir çox hallarda bu dəyərləri görmək üçün “samanlıqda iynə axtarmaq” durumuna düşməli olursan. Xüsusilə də azərbaycanlı kişilərin bəziləri yaşının üstünə yaş gəldikcə xərifləyir. Kimsə dediklərimə etiraz etməsin. Əlimdə əlahəzrət fakt var. Bu yazını yazmağımın səbəbi də məhz həmin fakt - xərifləyən “kişinin” insanlığa sığmayan iyrənc əməlidi.
2 Sentyabr 2016 17:24 SosialVicdansız adam, sən başqa ölkəyə "ayran içməyə getmisən, yoxsa ara açmağa"?
Başqa millətlərin nümayəndələri qocalanda müdrikləşir, həyata baxışları, insana münasibəti daha da ağıllı olur, yaxşını-pisi bəsirət gözü ilə seçə bilir. Bizimkilərdə isə bir çox hallarda bu dəyərləri görmək üçün "samanlıqda iynə axtarmaq" durumuna düşməli olursan. Xüsusilə də azərbaycanlı kişilərin bəziləri yaşının üstünə yaş gəldikcə xərifləyir. Kimsə dediklərimə etiraz etməsin. Əlimdə əlahəzrət fakt var. Bu yazını yazmağımın səbəbi də məhz həmin fakt - xərifləyən "kişinin" insanlığa sığmayan iyrənc əməlidi.
Yüz illər öncə Azərbaycanda ağır-ağır kişilər olub. Müdruk sözləri, samballı hərəkətləri ilə ətrafındakılara nümunə olan həmin kişilərin - babalarımızın sözü təkcə ailəsində deyil, həm də bütün kənddə, eldə-obada, üstəlik ətraf yerlərdə də hörmətli tutulub, bəzən də həlledici olub. Çünki onların ədəb-ərkanında, oturuşunda-duruşunda, verdiyi tərbiyədə, danışdığı sözdə xeyir-bərəkət olub. Yaşlı dədə-babalarımızın əxlaqı böyüklüyün, müdrikliyin, dünyagörüşünün açıq ifadəsindən xəbər verib.
Amma bu gün əyninə kişi şalvarı geyinməklə özünü kişi sayan Azər Vəliyev kimiləri qədim kişilərin adına-sanına ləkə salır, təkcə ailəsinə deyil, bütünlükdə Azərbaycan xalqına üzqarası gətirir. Kişi şalvarı geyinmək hələ kişilik demək deyil. Kişilik mərdlikdi, böyük məsuliyyətdi, əxlaqdı, abır-həyadı, güvəncdi, etibardı. Vay o gündən ki, kişi olan bəndə bunlardan məhrumdu... o zaman onun insanlığı da sıfıra bərabər olur. Qısası, həmin bu Azər Vəliyev Ukraynaya gedib Azərbaycan kişilərinin "papağını yerə soxub". Hadisə barədə məlumatı olmayanların "Necə soxub?" sualina mətbuatda yazılan yazı ilə cavab verməyim, məncə, daha doğru olar.
Ukraynanın Zaporojye şəhərində fəaliyyət göstərən və sosial şəbəkələrdə azyaşlılarla əxlaqsız hərəkət edənlərə qarşı mübarizə aparan "Nasledie. Oxota na pedofilov" ("İrs. Uşaqbazların ovu") təşkilatının yeni "ov"u Vkontakte sosial şəbəkəsində 13 yaşlı qızı və 14 yaşlı oğlanı tovlamağa çalışan Azərbaycan vətəndaşı olub. Özünü Bakı sakini, 62 yaşlı Azər Həsən oğlu Vəliyev kimi təqdim edən şəxs Vkontakte-də tanış olduğu 13 yaşlı Daşa adlı qız və 14 yaşlı Aleksandr adlı istifadəçiyə cinsi əlaqə təklif edib. Sonra da onlara Şevçenko bulvarında görüş təyin edib. Görüşə
gələn bu mənfur həmyerlimiz sürprizlə qarşılaşıb. Çünki həmin istifadəçilər "İrs"in üzvləri olublar və özlərini sosial şəbəkələrdə azyaşlı kimi təqdim edərək uşaqbazları ifşa etməklə məşğuldurlar. İfşa olunan bakılı Vəliyevin dediyinə görə o, təqaüdçüdür.
Deyən lazımdır ki, ay adam, "sən bura ayran içməyə gəlmisən, yoxsa ara açmağa"? Yüzlərlə kilometr məsafəni ona görə qət etmisən ki, heyvani hisslərini, vəhşi şəhvətini azyaşlı uşaqların üzərində söndürəsən? Görünən odur ki, onun əxlaqı insanlıq kateqoriyasına daxil deyil. Halbuki bu yaşda kişinin davranışı uşaqlara nümunə olmalıdır. Çürük mənəviyyat sahibi olan bu adamın dediyinə görə Ukraynaya müalicəyə gedibmiş.
Baxıram video görüntüsü yayımlanan Azər Vəliyevin sifətinə şeytani xisləti və manyaklığı üz cizgilərində aydın görünür. Hansısa fiziki, yaxud da bioloji xəstəliyinin olması qətiyyən hiss olunmur. Bunun xəstəliyi əxlaqsızlıqdı, alçaqlıqdı. Əminəm ki, oraya da məhz həmin "xəstəliyinin" müalicəsi üçün gedibmiş. Elə bilib ki, gizli qalacaq, heç kimin xəbəri olmayacaq. Ona da inanıram ki, indi bu adamın ailə üzvləri, qohumları insan arasına çıxmağa xəcalət çəkirlər. Kimlərinsə atası, əmisi, dayısı, bir başqalarının qardaşı, hansısa qadının əri olan bu yaramaz adamın əxlaqsızlığını üzə çıxaran həmin video görüntünü minlərlə adam izləyib. Bütün bunlardan sonra bu manyak adam yaşadığı şəhərdə baş qaldırıb gəzə biləcəkmi?
Özü deyir ki, guya çox utanır, yalvarır ki, videonu yayımlamasınlar. Amma unudur ki, əməlinin üzə çıxdığı yer Azərbaycan deyil, xarici ölkədir. Beləsinə orda nə aman var, nə də halına acıyan, yalvarıb-yaxarmağı əhəmiyyət daşımır. Onun kimilərini güllələmək lazımdı ki, başqalarına da dərs olsun. Videodakı bu rəzil adama baxanda öncə utandım, sonra qəzəbləndim. Hətta ağlamağım tutdu ki, İlahi, beləsini nədən yaratmısan? Bir millətin adına ləkə olsunmu deyə Ukrayna torpağında ifşa olunmasına şərait yaratmısan? Çox pis ləkədi - insanlığa da, kişiliyə də, Azərbaycan millətinə də.
Yeri gəlmişkən Ukraynada uşaqbazlığa qarşı mübarizə aparmaq üçün bu cür könüllü cəmiyyət yaradıblar. Avropada uşaqbazlıq - pedofiliya seksual cinayətlərin ən ağırı hesab olunur. Ümumiyyətlə bütün dünyada cinsi istismarın ən ağır forması olan uşaqbazlığa qarşı mübarizə cəmiyyətin əsas vəsifələrindən biridi. Bu mübarizə üsulları beynəlxalq təşkilatların rəsmi sənədlərində yer alıb. Azərbaycanda da belə bir cəmiyyət, təşkilat, yaxud da hansısa bir dövlət qurumu, QHT varmı? Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsində uşaqbazlığın cəzası belə təsbit olunub: "Beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə".
Mənə qalsa bu, çox yüngül cəzadı. Uşaq şəxsiyyətini tapdalayan, onu alçaldan, gələcəyini məhv edən adamın özünü elə "tapdalamaq" lazımdır ki, bir daha ayağa qalxa bilməsin. Doğrudur bəzi ictimai təşkilatlar, QHT-lər, eləcə də Ombudsman aparatı da bu istiqamətdə müəyyən layihələr həyata keçirirlər. Amma maariflənmə xarakterli bu işlər çox da nəzəri cəlb etmir. Əhali arasında, eləcə də ictimaiyyətdə uşaqbazlarla mübarizə barədə məlumatı olanları bəlkə də barmaqla saymaq olar..
Kim təminat verə bilər ki, Azər Vəliyev kimi adamlar Azərbaycanda yoxdu? Kim təminat verə bilər ki, bu adam eyni hərəkəti burda da etməyib? Görünən o ki, bu "seks xəstəsi"nə indiyə kimi "dur" deyən olmayıb, nə də özünün vicdanı, əxlaqı heyvani hisslərinin qabağına keçməyib. Bu adam heç kimi inandıra bilməz ki, ilk dəfədir cinsi istismara cəhd edib. Bəlkə də bu və bunun kimilərinin ucbatından neçə-neçə uşaq pedofilliyin qurbanına çevrilib, bəlkə intihar edənlər də olub. Kim bilir?..
Cəmiyyət belələrindən xilas olunmalıdı. Amma necə? Ən vacibi ölkədə fəaliyyət göstərən uşaq təşkilatları, QHT-lər orta məktəblərdə maariflənmə işini sürətləndirməlidirlər. İctimaiyyət, həmçinin də sıravi vətəndaşlar bu cür manyakların üzə çıxarılıb ifşa olunması, daha ağır formada cəzalanmaları üçün fəallıq nümayiş etdirməlidirlər.
İnternetin olmadığı vaxtlarda bəlkə də cinsi istismara məruz qalan azyaşlı uşaqlar, onların valideynləri utanmasınlar deyə belə manyakların ifşası gizli saxlanılırdı. Amma indi gizlətmək mümkün deyil. Az qala kompüteri, video kameranı, digər səsyazma cihazlarını əvəz edən cib telefonları olan bu günkü dünyada heç nə gizli qalmır. Ona görə də valideynlər azyaşlı uşaqlarına internetdən istifadə etməyi qadağan etməli, yaxud da ciddi nəzarət etməlidirlər. Bəlkə o zaman Azər Vəliyev kimi "xəstələrin" iyrənc əməlləri qismən də olsa azalmış olar.
Züleyxa Nadir