Sumqayıtda məktəbin yerində yaşayış binası tikiləcək? – Təhsil idarəsindən AÇIQLAMA
11:57 SosialSumqayıt şəhərində fəaliyyət göstərən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdləri artıq iki ildir ki, öz məktəb binalarında təhsil ala bilmirlər. Buna səbəb kimi binada təmir işlərinin aparılması göstərilsə də, valideynlərin sözlərinə görə, bu müddət ərzində məktəbdə nə əsaslı təmir aparılıb, nə də söküntü işlərinə başlanılıb.
Musavat.com-un redaksiyasına daxil olan şikayətdə bildirilir ki, iki il əvvəl gimnaziyanın fəaliyyəti dayandırılıb və şagirdlərin başqa təhsil müəssisələrində yerləşdirilməsinə qərar verilib. İlk il uşaqlara İstedad liseyinin binasında yer ayrılıb. Lakin sinif otaqlarının darlığı və mövcud şərait səbəbindən şagirdlər çətinliklə təhsil almağa məcbur olublar.
Bu tədris ilində isə gimnaziyanın şagirdləri İstək liseyinin binasına köçürülüb. Valideynlərin iddiasına görə, həmin binanın da vəziyyəti qənaətbəxş deyil, baxımsızlıq səbəbindən uşaqların normal təhsil alması üçün lazımi şərait yoxdur.
Şikayətçilər bildirirlər ki, valideynlər özləri vəziyyəti yaxşılaşdırmaq, heç olmasa, uşaqların normal binada və uyğun şəraitdə dərs keçməsini təmin etmək üçün müxtəlif təşəbbüslər göstərməyə çalışırlar.
Valideynləri narahat edən digər məsələ isə gimnaziyanın əvvəlki binasına qayıdıb-qayıtmayacağının hələ də məlum olmamasıdır. Onların sözlərinə görə, son günlər gimnaziyanın yerləşdiyi ərazinin plana düşdüyü, burada söküntü işlərinin aparılacağı və yerində yeni hündürmərtəbəli yaşayış binalarının tikiləcəyi barədə məlumatlar yayılıb. Hətta ərazinin hansısa MTK-ya satıldığı da iddia olunur.
Bu məlumatlar valideynlərdə ciddi narahatlıq yaradıb. Əgər gimnaziyanın yerləşdiyi ərazi sökülərək yaşayış binalarının tikintisinə veriləcəksə, təhsil müəssisəsinin gələcək taleyi necə olacaq? İxtisaslaşmış gimnaziyanın fəaliyyəti hansı binada davam etdiriləcək? Şagirdlərin daimi təhsil məkanı nə vaxt müəyyənləşdiriləcək? Abşeron -Xızı Regional Təhsil İdarəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın binası qəzalı vəziyyətdə olduğundan təhsil müəssisəsinin həmin binada fəaliyyəti müvəqqəti olaraq dayandırılmış, şagird və müəllim kollektivi əvvəllər fəaliyyəti dayandırılmış liseylərdən birinin binasına köçürülüb
"Köçürülmə zamanı tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də şagirdlərin və təhsilverənlərin sağlamlığının və təhlükəsizliyinin qorunması əsas götürülüb Müvəqqəti yerləşdirildikləri binada tədrisin təşkili, şagirdlərin sağlam və təhlükəsiz şəraitdə təhsil almaları, müəllimlərin isə pedaqoji fəaliyyətlərini normal şəkildə həyata keçirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edirik ki, gimnaziyanın əvvəlki binasında əsaslı təmir işləri aparılacaq, binanın qəzalı vəziyyəti tam aradan qaldırıldıqdan sonra təhsil müəssisəsinin fəaliyyəti yenidən əvvəlki ünvanında davam etdiriləcək".