Fransanın simasında reallıqlarla barışmaq istəməyən dövlət görürük- ÖZƏL

"Sözügedən məsələyə münasibət bildirərkən, təəssüf hissi ilə ilk növbədə bunu qeyd etməliyəm ki, Fransanın Azərbaycana münasibətdə formalaşmış mövqeyi artıq diplomatik fikir ayrılığı çərçivəsini tamamilə aşır. Bu, uzun illərdir artıq kök salmış mövqedir. Biz burada siyasi qərəz, ikili standartlar tətbiq edən və baş vermiş reallıqlarla barışmaq istəməyən bir dövlət görürük." Bu  sözləri   Olaylar.az-a   açıqlamasında   Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib: 

"Fransaya ünvanlanmalı ilk sual ondan ibarətdir ki, beynəlxalq hüquq yalnız Fransa, Ermənistan və yaxud da hansısa seçilmiş dövlətlər üçün işləyir, yoxsa ümumilik və universallıq prinsiplərini ehtiva edir?

2023-cü ilin sentyabr ayında Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazilərində konstitusiya quruluşunu bərpa etdi və bununla da dövlət suverenliyini təmin etdi. Şübhəsiz ki, bunun beynəlxalq hüququn pozulması kimi təqdim edilməsi cəhdi, əslində, elə selektiv yanaşmadan xəbər verir.

Digər paradoksal məqam ondan ibarətdir ki, Fransa humanitar məsələlərə münasibətdə də qərəz nümayiş etdirir. Azərbaycanlılar onilliklər ərzində öz doğma yurd-yuvalarından qovuldular, şəhərlərimiz və kəndlərimiz dağıdıldı, məscidlərimiz və qəbiristanlıqlarımız təhqir və məhv edildi. Fransa bir dəfə olsun belə səsini çıxarmadı. Azərbaycanlılar da təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtmalıdırlar. Lakin bu məsələ Fransanın gündəliyində yer belə almır. Bu, insan hüquqlarına prinsipial yanaşma deyil. Bu, seçici yanaşma deməkdir.

Düşünürəm ki, bu gün Fransa öz daxili problemlərinə diqqət yetirməli və məhz bu məsələlərə fokuslanmalıdır. Polis etirazçılara qarşı güc tətbiq edir, azyaşlılar xəsarət alır. Dövlət institutlarının hesabatlılığı ilə bağlı aydın bir nəticə ortaya qoyulmur. Məsələ isə sadəcə daxili problemlərin mövcudluğundan ibarət deyil. Əgər Fransa özünə bir standart, başqa bir dövlətə isə tamamilə fərqli standart müəyyənləşdirir və bunu tətbiq edirsə, problem məhz orada başlayır.

Fransa artıq anlamalıdır ki, Azərbaycan öz siyasətini hansısa dövlətin göstərişi və ya sifarişi ilə qurmur, kiminsə gözləntilərinə uyğun hərəkət etmir. Azərbaycanın siyasəti müstəqil siyasətdir, milli maraqlar üzərində qurulan siyasətdir və Azərbaycan regionda yaranmış yeni reallığın əsas iştirakçılarından biridir.

Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanın məhkəmə sisteminə ciddi şəkildə müdaxilə edilir. Qanun hər kəs üçün qanundur. Dövlətin hüquq sisteminə və məhkəmə suverenliyinə hörmət nümayiş etdirilməlidir. Bir dövlətin başqa bir dövlətin məhkəməsinə siyasi sifariş verməsi yolverilməzdir.

Ermənistanla Azərbaycan normallaşma prosesindədir. İki dövlət və xalq arasında əsrlər boyu davam edən ədavətə son qoyulması istiqamətində göstərilən meyillər təqdir edilməli və alqışlanmalıdır. Bunun əksinə olaraq, revanşist meyillər stimullaşdırılır və siyasi gərginlik bilərəkdən saxlanılırsa, problem yenə də həmin yerdən başlayır.

Düşünürəm ki, Fransanın narahatlığı Azərbaycanın artan statusu ilə bağlıdır. Uzun müddət özünü regionumuzda siyasi proseslərə istiqamət verən aktor hesab edən Fransanın yaranmış yeni reallıqlardan sonra kənarda qalması onu narahat edir. Reallıq qəbul edilməli, ənənəvi siyasi yanaşmalardan, kök salmış haqsız mövqedən əl çəkilməlidir.

Azərbaycanla münasibətlər qarşılıqlı hörmətə, suverenliyə ehtirama və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykənə bilər. Düşünürəm ki, təzyiq, siyasi şantaj, selektiv münasibət və daxili işlərə müdaxilə cəhdi Azərbaycanı heç bir halda öz yolundan döndərməyəcək."

İbrahim  Məmmədli  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31