Valideynlərin diqqətinə: Bağçalarda ən çox bu xəstəlik yayılır

2025-ci ildə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində uşaqlar arasında 55 min 445 xəstələnmə halı qeydə alınıb. Bu halların böyük hissəsi qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyalarının payına düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" statistik məcmuəsində məlumat verilib.

Məlumata əsasən, ötən il məktəbəqədər təhsil müəssisələrində qeydə alınan xəstələnmə hallarının 32 min 694-ü qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyaları ilə bağlı olub. Onlardan 31 min 429-u dövlət, 1 265-i isə qeyri-dövlət təhsil müəssisələrinin payına düşüb.

Bundan başqa, uşaqlar arasında 15 min 810 angina (kəskin tonzillit), 595 bakterial dizenteriya, 532 pnevmoniya, 184 skarlatina, 81 bədbəxt hadisə, zəhərlənmə və zədələnmə halı qeydə alınıb.

Statistikaya görə, 4 min 135 xəstələnmə halı digər xəstəliklərlə əlaqəli olub.

Qeyd edək ki, 2026-cı ilin əvvəlinə Azərbaycanda ümumilikdə 1 874 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Onlardan 1 702-si dövlət, 172-si isə qeyri-dövlət müəssisəsidir.

Həmin müəssisələrdə ümumilikdə 116 min 789 uşaq təhsil alıb. Onların 108 min 53-ü dövlət, 8 min 736-sı isə qeyri-dövlət bağçalarının payına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31