Paytaxtın içməli su təminatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir.
30 Avqust 2016 16:29 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi "Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi" layihəsi çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a verilən məlumata görə. Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla reallaşdırılır. Qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün "Alatava" mərkəzi su anbarının imkanlarından istifadə olunacaq. Həmin anbardan suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 mm diametrli polad borularla 9,8 km uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilmiş və indiyə qədər kəmərin 4 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılmışdır. Magistral kəmərin uzunmüddətli istismarını təmin etmək üçün tikintidə istifadə olunan boruların üzəri korroziyaya qarşı izolyasiya olunmuşdur. Kəmərlə axıdılacaq içməli suyun keyfiyyət göstəricilərinin sabit saxlanılması üçün borular daxildən qida sənayesində istifadəsinə icazə verilən xüsusi boyalarla izolyasiya edilmişdir. Kəmərin inşası ilə paralel "Alatava" su anbarındakı mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri həyata keçirilir. Hazırda qəsəbə ərazisində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri də davam etdirilir.