Biz əvvələr bunu yazmışdıq... Sabirabad hadisələrində nurçu izi

İyunun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin vəhabi təriqətinin təbliğatını aparması ətrafda etiraza səbəb olub. Nəticədə şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal ərazini tərk etməsini tələb edib.

 

İyunun 4-də Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin vəhabi təriqətinin təbliğatını aparması ətrafda etiraza səbəb olub. Nəticədə şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında münaqişə baş verib. Rəmzi Cavanşirin saqqalından tutaraq ondan insanların etirazına səbəb olan söhbətinə son qoymasını və dərhal ərazini tərk etməsini tələb edib. Nəticədə isə məlum hadisə baş verib: Rəmzi vəhabi olduğu iddia olunan Cavanşirin saqqalını kəsib. Məsələ media tərəfindən ictimailəşdiriləndən dərhal sonra "ən-Nüsra" terror təşkilatı tərəfindən hadisəyə reaksiya gəlib. Suriyada Əsədə qarşı vuruşan "ən-Nüsra" adından Azərbaycan hədələnib. Suriyada döyüşən azərbaycanlıların sözçüsü kimi tanınan Furkan Azəri adlı şəxs "Tvitter" vasitəsilə Azərbaycanı bu cür hədələyib: "Azərbaycanın Sabirabad şəhərində zorla saqqalı kəsilən qardaşımızı əsla unutmayacağıq və unutdurmayacağıq. Qisasını alacağıq". Məsələ təkcə, "ən-Nüsra" ilə yekunlaşmayıb. Sabirabaddakı sələfilər də dərhal rayon ərazisində etiraz yürüşünə başlayıblar. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra sələfilərin qarşısını almaq mümkün olub. "Feysbuk"da vəhabilərə çağırışı ilə tanınan Abdu Abdurrahman adlı şəxsin yazdığı status da səs-küyə səbəb olub. O, statusunda Sabirabad sakinlərini ölümlə hədələyib.

Suriyadan Sabirabada mesaj

Hadisədən ortaya çıxan təhlükəli məqam problemin məzhəblərarası məcraya sürüklənməsidir. Bəzi mətbuat orqanları vəhhabi Zərbəliyevi döyən Zeynalovu şiə, digər qismi isə sünni məzhəbinə aid etdi. Bu çox səhv yanaşmadır. Ölkədə məzhəblərarası qarşıdurmanın yaranmasına rəvac verə bilər. Milli təhlükəsizliyə zidd hərəkətdir. Digər tərəfdən "Sabirabad hadisəsi"nin ən maraqlı tərəfi təqsirkar şəxs Rəmzi Zeynalovla bağlıdır. Məsələ ictimailəşdirilən kimi Zeynalovun sosial şəbəkələrdə şəkilləri yayılmağa başladı. Rəmzinin ən maraqlı şəkili isə sözsüz ki, vəhabilərlə olandır. Onda "Sabirabad hadisəsi"ndən ortaya çıxan nəticə budur ki, plan əvvəlcədən hazırlanıb və Zeynalovla Zərbəliyev eyni komandanın üzvləridir. Məqsəd İŞİD və "ən-Nüsra" kimi terror təşkilatlarının Azərbaycana gətirilməsinə zəmin yaratmaqdır. Hadisənin baş verməsindən dərhal sonra Furkan Azəri adlı şəxsin "ən-Nüsra"nın adından Azərbaycanı təhdid etməsi də təsadüfi deyil. İŞİD də bir müddət əvvəl Azərbaycana gələcəyilə əlaqədar bəyanat səsləndirdi. Lakin Zeynalov Zərbəliyevlə eyni komandada oynamaya da bilər. Çünki Sabirabaddan əvvəl Gəncə və Sumqayıt şəhərlərində, eyni zamanda Bakıda bu tip hadisələr baş verib. Lakin indiki kimi ictimailəşməmişdi, məsələ ümumiyyətlə mətbuata çıxmamışdı. İŞİD kimi radikal vəhabi təşkilatlarının müsəlman ölkələrini təhdid etdiyi bir vaxt adi bir hadisənin qloballaşdırılması isə təsadüfi deyil. Bu versiyada diqqət çəkən əsas məsələ bəzi mətbuat orqanları və internet portalları ilə bağlıdır. Problemin az qala dünya səviyyəsində qloballaşmasında onların da xüsusi payları var. Həmin orqanlar sanki təbliğat maşını funksiyasını yerinə yetirirlər. Problemin başqa tərəfi isə hər iki tərəfin eyni mərkəzlərə xidmət etməsi məsələsi də ola bilər. Yəni ki, Zərbəliyev, Zeynalov və həmin mətbu orqanlar bir hədəfə vururlar: Azərbaycanı sələfilərin terror təşkilatlarının siyahısına salmaq. İŞİD-in ardından "ən-Nüsra"nın Azərbaycanı təhdid etməsi yaxşı hal deyil. Məsələ ilə əlaqədar ortada olan bəzi dəlillər Azərbaycanın da qlobal güclərin geosiyasi məqsədləri üçün istifadə etdikləri terror təşkilatlarının siyahısında olmasını sübut edir.

"Sabirabad hadisəsi"ndə nurçu izi

Suriya və İraqda sürətlə mövqeyini məhkəmləndirən İŞİD dərhal Azərbaycanı, Kipri və Türkiyəni təhdid etdi. Rus və yunan mənbələrinin məlumatına görə, İŞİD Azərbaycan, Kipr və Türkiyədə möhkəmlənmək üçün 5000 nəfərdən ibarət "cihadçı dəstə" ayırıb. "Financial Times" qəzeti də eyni iddianı irəli sürüb. Təşkilat həmin dəstə vasitəsilə qeyd edilən ölkələrdə qərargahlar yaratmağı hədəfə alıb. Məqsəd Aralıq və Xəzər dənizləri arasında şəriət dövləti yaratmaqdır. Avropa İttifaqının Terrorla Mübarizə İdarəsinin koordinatoru Gilles de Kerçov Avropanın da İŞİD-in hücumuna məruz qalacağını istisna etməyib. Kerçovun sözlərinə görə, Avropa ölkələrindən Suriya və İraqa getmiş 2000 nəfər bu məqsədlə İŞİD-in beyin mərkəzləri tərəfindən yetişdirilir. Təşkilat eyni zamanda Afrikanın da böyük hissəsini ələ keçirmək istəyir. "ABNA"-nın əldə etdiyi məlumata görə isə, Səudiyyə Ərəbistanı və BƏƏ tərəfindən maliyyələşdirilən radikal sələfi qruplaşmalarının üzvləri Özbəkistan, Qazaxıstan, Azərbaycan, Tatarıstan, Gürcüstan, Çeçenistan, Belarusiya, Bolqarıstan, Rumıniya və Ukrayna kimi ölkələrə göndərilirlər. Sələfilər burada təriqətlərini genişlədirmək üçün qadınlarla ailə həyatı qurub çoxalmağı qarşılarına məqsəd qoyublar. Digər məqsəd isə 20 il ərzində Rusiya və keçmiş Sovet respublikalarında sürətli şəkildə yayılmaqdır. İddialara görə, bəzi xarici qüvvələr vəhhabiliyi Azərbaycanda yaymaq üçün xüsusi səylə çalışırlar. Səudiyyə Ərəbistanı, "Gülən camaatı" (nurçular), BƏƏ bu proseslərdə aktiv fəaliyyətə sahibdirlər. "Sabirabad hadisəsi"ndə nurçuların əlinin olması iddiası daha məntiqi olmalıdır. Təriqət üzvlərinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və səfirliklərindən, eyni zamanda dövlət strukturlarından uzaqlaşdırıldığı bir vaxt belə bir hadisənin ortaya çıxması təsadüfi olmaya bilər. Məqsəd qisas almaqdır. Bu tip məlumatların yayıldığı bir vaxt məlum "Sabirabad hadisəsi"nin ictimailəşdirilməsi yaxşı deyil. Azərbaycanın təhlükəsizlik orqanlarının (Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri), eyni zamanda sadə vətəndaşların da üzərlərinə böyük vəzifələr düşür. Qarşılıqlı şəkildə işbirliyində təhlükədən sığortalanmaq mümkündür.

Ömər Zamin

"Olaylar" qəzeti, 8 İyul 2014

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31