Türk birliyinə daha bir töhfə

Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyası (TDVCF) yaradılır

Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyası (TDVCF) yaradılır

Məqsəd türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət tşkilatları arasında əməkdaşlığı gücləndirmək, həmrəylik nümayiş etdirməkdir

Son illərdə Türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində müsbət bir tendensiya müşahidə edilməkdədir. İstər ictimai-siyasi, istər iqtisadi, istərsə də mədəni, humanitar sahələrdə yaradılan birliklər, təşkilatlar türkdilli ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə öz bəhrəsini verir. Bu günlərdə isə türk dövlətlərinin vətəndaş cəmiyyəti institutlarını özündə birləşdirəcək yeni bir qurumun yaradılması istiqamətində addımlar atılır. Yeni yaradılacaq qurum Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyası (TDVCF) adlanacaq. Federasiyanın təşəbbüs qrupunun rəhbəri, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, Avrasiya İnformasiya Agentliyinin təsisçisi Cavid Şahverdiyev bildirib ki, sözügedən qurumu yaratmaqda məqsəd türk dövlətlərində fəaliyyət göstərən qeyri-hökumət tşkilatları arasında əməkdaşlığı gücləndirmək, genişləndirmək, birgə layihələri həyata keçirmək, fikir və təcrübə mübadilələri aparmaq, həmrəylik nümayiş etdirməkdir: "Təkilf bizdən gəlib və əməkdaşlıq etdiyim türk dövlətləri QHT rəhbərləri tərəfindən dəstəklənib. Sözün açığı, Federasiyanın mərkəzi ofisinin Türkiyədə, Qırğızıstanda və yaxud da Qazaxıstanda olması təklifləri irəli sürülüb. Sonda qərara alınıb ki, təklif və ideya Bakıdan gəlibsə, elə baş ofis də Bakıda olsun". Cavid Şahverdiyev onu da qeyd edib ki, türk dövlətləri dedikdə ancaq Türkiyə və müstəqillik əldə edən keçmiş türkdilli sovet respublikaları nəzərdə tutulmur: "Onlarla kifayətlənmək olmaz. Təkcə Rusiyanın özündə onlarla türk vilayət və muxtar respublikası var. Yeni dünya düzənində türk dövlətləri arasında birlik və həmrəylik nə qədər vacibdirsə, bir o qədər də vətəndaş cəmiyyətləri arasında əlaqələri möhkəmlənməsi zəruridir. Nə vaxta qədər antitürk mövqedən çıxış edən Qərbin ermənipərəst beynəlxlaq təşkilatlarının böhtan və qərəzli hesabatları ilə üz-üzə qalacağıq. Federasiyanı yaratmaqda əsas məqsədlərimizdən biri də haqq səsimizi, gerçəkliyi və reallığı dünyaya çatdırmaqdır". Federasiyanın Təşəbbüs Qrupunun rəhbəri yeni təşkilatın bütün türk dövlətlərində təmsilçiliklərinin yaradılacağını bildirib: "Həm Azərbaycanda, həm də digər türkdilli dövlətlərdə qeyri-hökumət təşkilatları sektorunda çalışan yüksək ixtisaslı mütəxəssislərimiz var ki, qarşımıza qoyduğumuz vəzifələri həyata keçirmək imkanına malikdirlər. Türk dövlətləri vətəndaş cəmiyyəti sahəsində müxtəlif layihələrin həyata keçirilməsini, təhlil və araşdırmaların aparılmasını nəzərdə tutmuşuq. Təşkilat hələ yaranma, təşkilatlanma prosesindədir. Heç şübhəsiz ki, müəyyən əskiklərimiz, çatışmayan cəhətlərimiz, problemlərimiz olacaq. Hamının dəstəyinə, fikrinə və təkliflərinə böyük ehtiyacımız var. Yetər ki, bütün bunlar türk dövlətlərinin güclənməsinə, türk milli-mənəvi dəyərlərin, mədəniyyətinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, türk dünyasına qarşı bütün maneələrin dəf edilməsinə xidmət etsin". Təşkilata üzvlük məsələsinə gəlincə, Cavid Şahverdiyev bildirib ki, təşkilatlanma işləri yekunlaşandan sonra Bakıda böyük toplantının keçiriləcəyini nəzərdə tutulub: "Toplantı türk dövlətlərindən QHT sektorunda çalışan nümayəndlərin iştirakı ilə baş tutacaq. Bütün bu kimi məsələlər orada həll olunacaq. Ondan sonra sənədlər Ədliyyə Nazirliyinə təqdim ediləcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31