“Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.
26 Avqust 2016 15:39 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dövlət-din münasibətləri" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə və təşkilatların rəhbərləri, təhsil, mədəni-maarif müəssisələrinin işçiləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov multikulturalizmin hökm sürdüyü Azərbaycanda, o cümlədən Lənkəranda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə tam cavab verən şəkildə tənzimləndiyini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin olunduğunu deyib. O, bütün bunların Ulu Öndər Heydər Əliyevin müdrik düşüncəsinin, cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin misilsiz bəhrəsi olduğunu xüsusi vurğulayıb. Konfransda çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bölgənin hazırkı dini durumu barədə məlumat verərək ölkəmizin zəngin milli-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olduğunu, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh, qardaşlıq şəraitində yaşadıqlarını, ölkəmizdə tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələrinin və milli-mənəvi dəyərlərin yüksək səviyyədə mövcudluğunu diqqətə çatdırıb.