“Dini radikalizmə qarşı mübarizədə medianın rolu”

Mətbuat Şurasında media qurumları rəhbərlərinin iştirakı ilə tədbir keçirilib

Mətbuat Şurasında media qurumları rəhbərlərinin iştirakı ilə tədbir keçirilib

Bu gün Mətbuat Şurasında "Dini radikalizmə qarşı mübarizədə medianın rolu" mövzusunda tədbir keçirilib. 

Tədbirdə ilk çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov mövzunun aktual olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan demokratik, dini məsələlərdə dözümlü, tolerant ölkədir: "Ölkəmizdə bu dəyərlərin olması, digər ölkələr üçün örnək kimi təqdim edilir. Azərbaycan Konstitusiyasında da dini etiqad azadlığı təsbit olunub və dini radikalimzlə mübarizə ilə bağlı qanunlar qüvvədədir. Ölkəmizdə hər bir insan azad şəkildə öz sözünün deyə bilir. Təbii ki, bütün bunların cəmiyyət arasında təbliğ olunmasında medianın rolu böyükdür. Azərbaycan mediası mahiyyətcə milli və vətənpərvərdir. Çox az hallarda milli mediada dini ayrı-seçkiliklə bağlı yazılara rast gəlmək olur. Peşə davranış qaydalarında da birmənalı şəkildə qeyd edilib ki, dini ayrı-seçkiliyə yol vermək olmaz. Dini məsələdə insanlar azaddır və onları buna görə bir-birindən ayırmaq olmaz. Amma nədənsə bəzi hallarda bu cür ayrı-seçkiliyə yol verilir ki, buna yol vermək olmaz".

Ə.Amaşov qeyd edib ki, Azərbaycan mediasında "Hizmət hərəkatı" və "gülənçilər"lə bağlı araşdırmalar aparılmalıdır: "Azərbaycanla Türkiyə arasında güclü əlaqələr mövcüddur.  Bizi düşündürən məqamlardan biri Türkiyədə dövlət çevrilişi baş tutsaydı ölkəmizdə nələr baş verə bilərdi, sualıdır. Bundan əlavə, nurçu ilə gülənçi arasında fərq nədən ibarətdir? Media qurumları bunları araşdıraraq öz səhifələrində yerləşdirə bilər. Yerdə qalan məsələlər hüquq-mühafizə orqanlarının işidir".

Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov qeyd edib ki, sözügedən dini cərəyanlara qarşı təkcə dövlət və hüquq mühafizə orqanları deyil, mətbuat da mübarizə aparmalıdır. Bütün dünyada bu proseslərdə medianın rolu böyükdür  və bizdə də  media bu kimi məsələlərdə  fəal olmalıdır.

Tarixçi alim, millət vəkili  Musa Qasımlı  söyləyib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir: "Mətbuat güclü maarifləndirmə işi aparmalıdır. Biz dini radikalizmə qarşı mübarizə aparmalı, həmin cərəyanları ifşa etməliyik. Bakı İslam Universitetinin faəliyyəti güclənməli, din xadimləri Azərbaycanda hazırlanmalıdır".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sözgedən məsələnin cəmiyyəti narahat etdiyini bildirib. O söyləyib ki, radikal dini cərəyanlar siyasi məqsədlərə malikdir və onların arxasında beynəlxalq güclər dayanır: "Dövlət tərəfindən həmin cərəyanlara qarşı mübarizə aparılır. Media da öz növbəsində dövlətçiliklə bağlı məsələlərdə var gücü ilə çalışmalıdır. Mətbuat daim dövlətin yanındadır, bizim fəaliyyətimizin əsasında dövlətçilik dayanır. Azərbaycan mətbuatı bu məsələlərdə daha diqqətli olmalı, cəmiyyətin terrorçu qrupların iç üzünü görməsi üçün maarifləndirici məlumatlar verməlidir".

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev isə çıxışında bildirib ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda yaranan xaosdan istifadə edən gülənçilər, nurçular və digər dini cərəyanlar ölkəmizə ayaq açmağa başladılar: "Onların ilkin planı Bakı Dövlət Universitetində ilahiyyat fakultəsinin yaradılması oldu. Məhz Türkiyədən gələn nurçuların ciddi cəhdindən, apardığı təbliğat işindən sonra bu fakultə fəaliyyətə başladı. Onlar 25-30 illik hədəfə hesablanan strategiyaya malik idilər. Bunu Fətullah Gülənin özü də müsahibələrinin birində etiraf edib. Onların əsas stretegiyası şagirdləri məktəbdən götürüb, ona təhsil verib, daha sonra ali məktəbdə tam hazırladıqdan sonra digər ölkələrdə yetişdirməkdən ibarət olub. Bunların hamısı məqədli şəkildə həyata keçirilən böyük planın tərkib hissəsidir. Bəzən hədəf görünür, lakin onun üzərinə getməyə çətinlik çəkirik. Lazımi məqamda dövlətçilik, ümummilli maraqlar naminə birləşməyi bacarmalıyıq. Türkiyə iyunun 15-də bunu bir daha bütün dünyaya nümayiş etdirdi. Qardaş ölkənin prezidenti vaxtilə Ulu Öndərin həyata keçirdiyi metoddan istifadə etdi və xalqı meydanlara səsləməklə dövlət çevrilişinin qarşısını qəti şəkildə aldı".

B.Quliyev təəssüflə bildirib ki, bəzən mətbu orqanlarında dini radikalizmlə dini cərəyanlar səhv salınır: "Radikalizm dağıdıcılıqla, terrorçuluqla sonuclanır. Multikultural dəyərlərlə dini radikalizm bir-biri ilə tam ziddiyyət təşkil edir və onların sərhədləri kəskin olaraq fərqlənir. Bu baxımdan mətbuat belə incə məqamlara toxunan zaman sərhədləri ayırd etməyi bacarmalıdır".

Tədbir müzakirələr əsasında davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31