Nazir Azad Rəhimov Britaniya Parlament üzvləri ilə görüşüb
Gənclər və idman naziri Azad Rəhimov Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, GİN-də baş tutan görüşdə Mühafizəkarlar, Leyborist və Liberal demokrat partiyalarını təmsil edən 11 parlament üzvü iştirak edib.
28 İyul 2016 12:18 SosialGənclər və idman naziri Azad Rəhimov Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, GİN-də baş tutan görüşdə Mühafizəkarlar, Leyborist və Liberal demokrat partiyalarını təmsil edən 11 parlament üzvü iştirak edib. Görüş zamanı ilk olaraq nazir Azad Rəhimov Gənclər və idman nazirliyinin yaranma tarixi, gənclər və idman sahələrində görülən işlər, ölkədə fəaliyyət göstərən QHT-lər, qəbul olunan Dövlət Proqramları və s haqda söz açıb. Nazir eyni zamanda, idman sahəsində Azərbaycanın çox böyük layihələrə ev sahibliyi etdiyini diqqətə çatdırıb, buna misal olaraq ölkəmizdə I Avropa oyunları, Formula 1 Grand Prix kimi mötəbər turnirlərin keçirildiyini, bununla yanaşı sentyabr ayında paytaxtda Beynəlxalq Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəyliyi oyunlarının baş tutacağını nümunə gətirib.
İngiltərə Parlamentinin Azərbaycan qrupunun üzvləri hər iki sahədə Azərbaycanda həyata keçirilən tədbirlərin, beynəlxalq səviyyəli nüfuzlu yarışların ölkənin imicinə çox müsbət təsir göstərdiyini, son illər isə bu təsirin daha əyani şəkildə göründüyünü bildiriblər. Qonaqlar Britaniya ilə Azərbaycan arasında istər gənclər, istərsə də idman sahələrində maraqlı layihələrin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb, birgə əməkdaşlığın hər iki ölkə arasında əlaqələrin daha sıx olmasına şərait yaradacağını qeyd ediblər.