Azərbaycana 345 milyon zərər vuran şirkətlə bağlı şok faktlar
Adı korrupsiya qalmaqallarında hallanan, dəfələrlə məhkəməyə verilən «AMEC Services Limited” Bakıda rahat fəaliyyət göstərirNHMT bu kompaniyanın fəaliyyətinin yoxlanılmasını vacib sayır
11 May 2016 13:47 SosialÖtən saylarımızda Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın "AMEC Services Limited" şirkətinin ölkə büdcəsinə 345 milyon dollar zərər vurması haqda yazmışdıq. Qeyd edək ki, bu şirkət Azərbaycanda Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində neft müqavilələrində işləyən şirkətdir. Hətta Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin TEKFEN şirkəti ilə birgə ATA (Azfen-Tekfen-AMEC) Konsorsium təsis edilib, birgə iri-neft qaz layihələrinin icrasında iştirak edirlər. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi (NHMT İB) "AMEC" şirkətinin dünyada işgüzar nüfuzunun müəyyənləşdirilməsi istiqamətində xarici kütləvi informasiya vasitələrinin monitorinqini keçirib. Əldə olunan məlumatlardan aydın olur ki, ingilis şirkəti korrupsiyaya bulaşmış bir şirkətdir və dünyanın bir çox ölkəsində dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Təşkilat faktlardan biri kimi ABŞ-da qeydiyyata alınan "AMEC" şirkətinin dələduzluq əməliyyatlarını qeyd edir: "1994-1995-ci illərdə "AMEC" şirkəti GSA ilə (ABŞ-ın Ümumi Təyinat Xidmətlərinin İdarəsi ilə) dörd federal tikinti müqaviləsi bağlayıb. Bu federal tikinti müqavilələri Missuri ştatının Sent-Luis şəhərində, Kaliforniya ştatının San-Fransisko və Sakramento şəhərlərində federal məhkəmə binalarının tikinti məsələlərini tənzimləyirdilər. Daha sonra Baş Müfəttiş İdarəsinin istintaq şöbəsi "AMEC" şirkətinin Kanzas-Sitidə yerləşən baş gərargahında yoxlamanı apararaq, tikinti zəmanəti üzrə hesabların ödənilməsi ilə bağlı "AMEC" şirkətinin dələduzluq əməliyyatlarını, saxtalaşdırılmış sənədləşməni və saxta maliyyə cədvəllərini aşkar etmişdi. Bundan başqa, yoxlama əsnasında müəyyən olunub ki, "AMEC" şirkəti onun maraqlarını qoruyan vasitəçi agentdən komissiya haqları üzrə qeyri-rəsmi ödənişləri alırdı.
2007-ci ildə yuxarıda qeyd olunan məsələ ilə bağlı aparılan məhkəmə çəkişməsi nəticəsində məhkəmənin çıxardığı hökmə əsasən, ingilis şirkətinə qarşı cəzalandırılıb və şirkətindən 10 milyon 560 min 139,88 ABŞ dolları məbləğində vəsait müsadirə olunub".
Daha bir fakt isə "AMEC" şirkətinin Mərkəzi Amerikanın Beliz ölkəsində ətraf mühitə vurduğu ziyanla bağlı məlumatları saxtalaşdırması olub: "Kanadanın Beynəlxalq İnkişaf Agentliyinin (CİDA) sifarişinə əsasən, "AMEC" şirkəti Belizdə Çalilo çayı üzərində tikilməsi ehtimal olunan su bəndi layihəsi çərçivəsində "Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi" işini yerinə yetirib. 500 min Kanada dolları məbləğində əsas müqavilə vəsaitindən başqa CİDA "AMEC" şirkətinə ətraf mühit haqqında hesabatın saxtalaşdırılması müqabilində xəlvətcə əlavə 250 min Kanada dollarını ödəyib.
Bununla bağlı, Beliz ekoloqları ölkənin Ali Məhkəməsində iddia qaldırıb Böyük Britaniya şirkətinin qiymətləndirmə hesabatını saxtalaşdırılmış sənəd kimi tanınmasını və Çalilo çayı üzərində su bəndinin tikilməsinin dayandırılmasını tələb edirdilər. Ali Məhkəmə ekoloqların qaldırdığı iddianı təmin edib və 2009-cu ildə Beliz höküməti ölkənin faunasına və tarixi dəyərlərinə vurulmuş ziyanı əsas gətirərək layihənin bağlanılması haqqında qərar çıxarıb. Bu cür qalmaqalın yaranmasının əsas müqəssiri "AMEC" şirkəti idi. Şirkətin səhlənkarlığı, səriştəsizliyi və qeyri-qanuni əməlləri nəticəsində nəinki sifarişçi maliyyə itkilərinə məruz qalıb, ümumiyyətlə, ölkənin rifahı təhlükə altında qalıb". NHMT-nin ekspertlərinə görə, sözügedən şirkətin Cənubi Koreyada da korrupsiya fəaliyyətləri aşkar olunub. Belə ki, şirkət dövlət-özəl tərəfdaşlığı çərçivəsində Cənubi Koreyanın Tikinti Nazirliyi ilə Sondo və İnçxon şəhərlərini birləşdirən Könqiman boğazı üzərində körpünün tikilməsi ilə bağlı saziş bağlayıb. 2009-cu ildə məhkəmə çəkişməsinin nəticəsində İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi "AMEC" şirkətindən 9 milyon ABŞ dolları (5.5 milyon funt sterlinq) məbləğində vəsaitin cərimə şəklində alınması ilə bağlı məhkəmə əmrini alıb. "AMEC" şirkətinin sifarişçiyə saxtalaşdırılmış hesab-fakturaların göndərilməsi və 2005-2007-ci illərdə "AMEC Plc" şirkətinin Baş Ofisi tərəfindən qeyri-qanuni ödənişlərin alınması faktları ifşa olunub. Məhkəmə hökmünə əsasən, "AMEC" şirkəti 5 milyon funt sterlinq məbləğində cəriməni, habelə məhkəmə çəkişməsinin xərclərini ödəməyə məcbur edilib və ümumiyyətlə, 5.5 milyon funt sterlinq məbləğində vəsaiti ödəyib. "AMEC" şirkətinin həyata keçirtdiyi fırıldaqlarının aşkar olunması nəticəsində İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi şirkəti etik və qanun normalarına riayət etmə dərəcəsini və mühasibat uçotunun standartlarını qaldırmağa məcbur edib. NHMT "AMEC" şirkətinin dünyada etimadsız işgüzar nüfuzunu və tədqiqat zamanı aşkar edilən maliyyə fırıldaqları və ölkəmizə dəymiş zərəri nəzərə alaraq, bu kompaniyanın fəaliyyətinin dövlətin müvafiq orqanları tərəfindən yoxlanılmasını vacib sayır.
Vüsalə Rüstəmova