U-16 YUNİSEF qızlar liqası başa çatıb
11 May 2016 12:47 Sosial"Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası U-16 YUNİSEF qızlar liqasının çempionu adına layiq görülüb. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2015-2016-cı il mövsümündə YUNİSEF qızlar liqası Azərbaycan çempionatı 2 region üzrə 10 komandanın iştirakı ilə 6 dövrədə keçirilib. "Təhsil" Respublika İdman Mərkəzinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası 1/2 final mərhələsində Zaqatala komandası ilə qarşılaşıb və 4:0 hesabı ilə qələbə qazanaraq, final mərhələsinə vəsiqəni təmin edib. "Binə" stadionunda keçirilən final qarşılaşmasında "Təhsil" RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası "Qax" Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri ilə görüşüb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda "Təhsil" RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası 2:0 hesabı ilə qələbə qazanaraq, Azərbaycan çempionu olub. 2015-2016-cı il mövsümü U-16 YUNİSEF qızlar liqası Azərbaycan çempionatında 26 top vuran "Təhsil" RİM İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yetirməsi Nərmin Həsənova "Ən sərrast oyunçu" mükafatına layiq görülüb.