“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin qaliblərinə sertifikat verildi

Mustafa Babanlı: “Müsabiqəyə seçilmiş şagirdlərin gələcəkdə kimya üzrə ən aparıcı mütəxəssislər olacağına inanıram”

Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin final mərhələsi keçirilib. Tədbirdə ADNSU rektoru, professor Mustafa Babanlı başda olmaqla, Tədris işləri ürzə prorektor Qasım Məmmədov, Elm və texnika işləri üzrə prorektor Rauf Əliyarov, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, həmin təşkilatın müdir müavini Məmmədəli Kəsəmənli, müəllim, professor heyəti, qalib komandaların rəhbərləri ilə yanaşı həmin məktəblərin direktorları, tərbiyə işlər üzrə direktor mavinləri, uşaq birliyi rəhbərliyi, kimya müəllimləri və valideynlər, müsabiqənin qalibləri iştirak ediblər. Müsabiqə Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Öncə aprel ayının əvvəlində cəbhənin təmas xəttində erməni təxribatına layiqli cavab verərkən şəhidlk qazanan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rektor Mustafa Babanlı tədbiri açaraq belə bir müsabiqənin ADNSU-da keçirilməsinə görə BŞTİ-nə öz minnətdarlığını bildirib. Rektor qonaqlara universitetin əldə etdiyi uğurlar haqqında müəyyən məlumat verib və perspektivlərdən danışıb. O, müsabiqəyə seçilmiş şagirdlərin gələcəkdə kimya üzrə ən aparıcı mütəxəssislər olacağına inandığını ifadə edib. O, diqqəti universitetlə dünyanın nüfuzlu ali təhsil müəssisələri arasında qurulan əlaqələrə və burada təhsil alan tələbələr üçün yaradılan imkanlara yönəldib. Bildirib ki, Bakı şəhər təhsil idarəsinin keçirdiyi belə müsabiqələr universitetin qarşıya qoyduğu məqsədlərə stimul verəcək. M.Vəliyeva ADNSU-nun orta məktəblərlə əməkdaşlığını yüksək dəyərləndirib. O, müsabiqənin finalında iştirak edən şagirdlərin hər birini qalib kimi dəyərləndirib. Bildirib ki, 900 tələbə arasından 72 nəfərin seçilməsi özlüyündə bir uğurdur: ""Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin keçirilməsində əsas məqsəd məktəblilərin kimya elminə olan marağını daha da artırmaq, bu sahədə nəzəri və təcrübi bilikləri təkmilləşdirməklə yanaşı, şagirdləri belə bir mötəbər ali məktəblə tanış etməkdir. Musabiqə gələcəyin mütəxəssislərinin hazırlanmasında böyük əhəmiyyətə malikdir. Bu gün belə müsabiqələrdə aktiv iştirak edən şagirdlər, mütləq gələcəkdə ali məktəblərdə də uğurlar qazanacaqlar".

Tədbirdə Kimya texnologiya fakultəsinin dekanı Fəttah Həşimov çıxış edərək iştirakçılara uğurlar diləyib.
Tədbirdə qeyd olunub ki, "Gənc kimyaçılar" Bakının 12 rayonu üzrə seçilib və hər məktəbdən 2 komanda olmaqla 1-ci, 2-ci yeri tutmuş şagirdlər seminara dəvət olunub. Belə ki, "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin final mərhələsində 24 komanda - 5, 18, 27, 39, 70, 97, 102, 107, 117, 156, 160, 186, 192, 220, 225, 239, 240, 243, 253, 258, 278, 287, 299, 320 nömrəli tam orta məktəbin komandaları iştirak edib. Müsabiqənin iştirakçılarına ADNSU tərəfindən sertifikatlar verilib. Sertifikatların təqdimatı kimya elmləri doktoru, dosent Sevinc Məmmədxanova tərəfindən aparılıb.
Qeyd edək ki, müsabiqədə şagirdlər qruplar şəklində laboratoriyalarda təcrübələrdə iştirak ediblər. IX-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin final mərhələsinin tərkibi 3 nəfərdən ibarət olan komandalar, 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisəsinin proqramına uyğun olaraq kimya fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 praktiki işi yerinə yetiriblər. Laboratoriyalarda professor-müəllim heyəti tərəfindən şagirdlərə təcrübə işləri təqdim olunub. Orta məktəb proqramına uyğun olan həmin təcrübə işləri barədə izahat verilib, avadanlıqlar əyani göstərilib.
ADNSU Mətbuat Xidməti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00