Fikrət Məmmədov Avropa ədliyyə nazirlərinin konfransında iştirak edib

Bolqarıstanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Sofiyada AŞ və Bolqarıstan Hökumətinin təşkilatçılığı ilə Avropa ədliyyə nazirlərinin konfransı keçirilib. "Olaylar" xəbər verir ki, Avropa Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin, məhkəmə təsisatları rəhbərlərinin, AŞ-nın və digər beynəlxalq qurumların məsul şəxslərinin iştirak etdiyi yüksək səviyyəli konfransda ölkəmizi ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyəti ilə təmsil edib. Konfransda AŞ-nın baş katibi Turbyorn Yaqland, Bolqarıstanın Baş naziri Boyko Borisov, xarici işlər naziri Daniel Mitov və ədliyyə naziri Yekaterina Zaxariyeva giriş sözü ilə çıxış edib.Tədbirdə Avropa dövlətlərində məhkəmə sistemlərinin və hakimlərin müstəqilliyi, məhkəmələrə ictimai inamın gücləndirilməsi, bu sahədə aparılan islahatlar, habelə hakimlərin müstəqillik baxımından üzləşdiyi problemlər müzakirə olunub. Konfransda çıxış edən ədliyyə naziri F.Məmmədov tərəfindən ölkəmizdə müstəqil özünüidarə orqanı - Məhkəmə-Hüquq Şurasının təsis edilməsi, mükəmməl qanunvericilik bazasının yaradılması vurğulanıb. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin davamlı olaraq genişləndirilməsi, xüsusilə hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması səlahiyyətinin yeniliklə Şuraya həvalə olunnması, hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, onların sosial müdafiəsinin gücləndirilməsi və əmək haqlarının azaldılmasının qanunla qadağan edilməsi, sayının 2 dəfə artırılması, müasir məhkəmə infrastrukturunun yaradılması və digər müsbət qarşılanan təcrübələr barədə məlumat verilib, habelə səslənən problemlərin aradan qaldırılması üzrə tədbirlərə toxunulub. Çıxışda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində Ermənistanın atəşkəs rejimini pozaraq günahsız insanların tələfatı ilə nəticələnən təxribatlar törətməsi faktı iştirakçıların diqqətinə çatdırılıb. Çıxışın mətni tədbir iştirakçıları arasında yayılıb. Konfransda Avropa ölkələrində məhkəmə hakimiyyətlərinin müstəqilliyinin və qərəzsizliyinin gücləndirilməsi üzrə 5 illik Fəaliyyət Planı təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00