Magistr olmaq istəyənlərə AzTU-da pulsuz hazırlıq kursları
22 Aprel 2016 15:39 SosialAzərbaycan Texniki Universitetində magistratura səviyyəsinə namizəd olan tələbə və məzunlarla görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"- a bildirilib ki, gələcək magistrlarla Universitetin prorektorları, fakültə və kafedra rəhbərləri görüşüb. AzTU-nun Tədris İşləri üzrə prorektoru Xalıq Yahudov tədbir iştirakçılarına görüşün önəmini çatdırıb və Universitetdə magistr təhsili ilə bağlı məlumat verib. O, bildirib ki, AzTU-da magistratura səviyyəsində təhsil almaq üçün yüksək potensial var. Elm və Texnika üzrə prorektor İlham Pirməmmədov isə AzTU-da magistr təhsili almaq istəyənlərə müjdə verib. Prorektor bildirib ki, Universitetin magistr səviyyəsində təhsil almaq istəyən tələbələr və keçmiş məzunlar təmənasız olaraq kafedralarda yaradılan hazırlıq kurslarından yararlana biləcək. Universitetin elmi şurasında qəbul olunan bu qərarda məqsəd ölkə rəhbərliyinin təhsil siyasətinə uyğun olaraq Azərbaycanda elmi, ələxüsus texniki sahəni inkişaf etdirməkdi.
Qeyd edək ki, AzTU-da magistratura səviyyəsində təhsil almaq üçün 455 yer nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə bu yerlər üçün 1155 nəfər imtahan verib.