Cahangir Hüseynovun kitabının təqdimatı keçirildi

Bakı Avrasiya Universitetində sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynovun "Azərbaycan Nadir Əfşar Dövləti" adlı kitabının türk dilində nəşrinin təqdimatı və müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru Gülzar İbrahimova zəngin tariximizin, tarixi sərkərdələr və qəhrəmanlarımızın öyrənilməsi, onların cəmiyyətə çatdırılmasında tarixi əsərlərin yazılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, bildirib ki, bu istiqamətdə sabiq millət vəkili, tədqiqatçı alim Cahangir Hüseynovun təqdimatı keçirilən əsəri də xüsusi qeyd edilməldir.
Tədbirdə çıxış edən Cahangir Hüseynov Nadir şahın həyatı və fəaliyyəti barədə danışaraq bildirib ki, əsərin türk dilində nəşr olunmasında məqsəd Azərbaycan tarixinin Türkiyədə də təbliğ olunmasıdır. O deyib ki, kitabın Azərbaycan dilində nəşri də böyük marağa səbəb olub və geniş oxucu kütləsi qazanıb: "Mən hüquqşünas olsam da, hələ illər öncə Azərbaycan tarixinin araşdırılmasını qarşıma məqsəd qoymuşdum. 2012-ci ildə mən "Mənim siyasi fəaliyyətim" adlı ilk kitabı yazıb bitirdim. 2014-cü ildə oxuculara "Azərbaycan Nadir Əfşar Dövləti" adlı kitab təqdim olundu". Sabiq millət vəkili deyib ki, kitabın hazırlanması zamanı bir sıra ölkələrin arxivlərində olub: "İki il ərzində Təbriz, İstanbul, Ankara, Moskva, Vatikan şəhərlərinin arxivlərində işləməklə kitabın Azərbaycan dilində variantını ərsəyə gətirdim. Əfşarlar nəslinin nümayəndəsi kimi, mən dünyanın müxtəlif yerlərində olan tarixi sənədləri topladım, Nadir şahın diplomatik yazışmalarını əldə etdim". Bildirilib ki, kitabda Azərbaycan Əfşar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın şəxsi həyatı, bir dövlət adamı olaraq xarici və daxili siyasəti, sərkərdəlik fəaliyyəti, hərbi yürüşləri, ordu quruculuğu qələmə alınıb. Kitab Nadir şahın 325 və Əfşar dövlətinin 280 illiyinə həsr olunub. Kitabın Azərbaycan dillındə ilk nəşri 2014-cü ildə çap edilib. Sonra Cahangir Hüseynovun elmi yaradıcılığını əks etdirən film nümayiş olunub.
Türkoloq Seyfəddin Altaylı çıxışında Nadir şah dövrünə nəzər salaraq, onun dövlətçilik fəaliyyəti, xarici və daxili siyasəti barədə danışıb. O, Nadir şahı dünya tarixinin əvəzsiz sərkərdəsi adlandırıb. Bildirib ki, bəzən Nadir şahı Napoleonla müqayisə etmək də qüsurludur. Onun sözlərinə görə, Napoleon Rusiyada məğlubiyyətə uğrasa da, ancaq Nadir şah heç bir müşahribədə məğlub olmayıb.
Türkoloq Ədalət Tahirzadə də Nadir şahın sərkərdəlik qabiliyyətlərindən danışıb və Nadir şah barədə əsl həqiqətlərin Azərbaycan cəmiyyətinə, oxucularına çatdırılmasında Cahangir Hüseynov və Yunus Oğuzun xidmətlərini xüsusi qeyd edib.
Heydər Əliyev Fondunun sosial layihələr üzrə direktoru Vüqar Məmmədov Azərbaycan tarixi irsinin öyrənilməsində əsərin vacibliyini qeyd edib. Bildirib ki, kitab türk dünyası auditoriyası üçün də bir dəyərli əsərdir. Onun sözlərinə grə, xüsusilə gənc nəsilər üçün bu dəyərli bir töhfədir.
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz gerçək tariximizin üzə çıxarılması, onun gənclər tərəfindən öyrənilməsinin zəruriliyindən danışıb. Bildirib ki, zamanında tarixi sərkərdələrimizin, Azərbaycan şahlarının tarixi, qəhrəmanlıqları, onların keçdiyi şərəfli yol, vətənpərvərlik nümunələrini öyrənsəsəydik Qarabağda bu qədər itki verməzdik və vəziyyətimiz bu cür olmazdı: "Çoxları sual edir ki, bəs bu 25 il ərzində nə dəyişdi. Biz müəlliflərin ortaya qoyduğu əsərləri, tarixi romanları oxuyan gənc nəsillərimiz artıq tarixi sərkərdələrimiz, qəhrəmanlarımızla fəxr etməyə başladılar. Bu fəxr özünü müharibədə, aprel əməliyyatlarında göstərdi. Tarixin gücü ondandır ki, onu gələcəyə daşıya bilək". Yunus Oğuz müəllifin qeyd edilən əsərinin yazılmasında müəyyən mənada xidmətinin olduğunu da diqqətə çatdırıb. Yazıçı deyib ki, Cahangir Hüseynovla birlikdə Nadir şahı demək olar ki, Azərbaycanda reablitasiya ediblər: "Nəinki Nadir şahı, eləcə də Attila, Əmir Teymur, Təhmasib şah Azərbaycana tanıtdıq. Nadir şahın timsalında Azərbaycan xalqına öz qəhrəmanını qaytardıq. Cahangir müəllim əsərində əsas diqqəti Nadir şahın hərb diplomatiyasına yönəldib. Nadir şahın paytaxtı Məşhəd olmasına baxmayaraq o bir gündən artıq Məşhəddə oturmazdı. Onun paytaxtı yəhər idi və yalnız hərbi sevərdi. Elə bu da onun zəif cəhəti idi. Nadir şah savadı olmadığı halda çox intelektual qabiliyyətə, güclü sərkərdəliyə malik idi. O, 3 min zabitinin hamısının adını bir-bir yadında saxlayardı. Qurani-Kərimi əzbər bilirdi. Yeganə zəif cəhəti idarəetmə idi. Çünki aldığı əraziləri özü idarə etməz, kiməsə tapşırıb gedərdi". Yunus Oğuz deyib ki, Nadir şahın güclü hərb diplomatiyası olub: "Onun hərb diplomatiyasının gücünə baxın ki, Rəştdən tutmuş Dərbəndə qədər bir güllə atmadan əraziləri ələ keçirib. Həmçinin Dərbənddən də 200 kilometr o tərəfə irəliləyə bilib. Hazırda Azərbaycan hərb diplomatiyasını davam etdirir və aprel əməliyyatlarından sonra bu hərb diplomatiyası İlham Əliyevin adına yazıla bilər.
Ona görə də bu hərb diplomatiyasını dərindən öyrənmək lazımdır. Bu bizim hərb tariximizdir və onu dərindən öyrənməliyik".
"Azərbaycan Nadir Əfşar Dövləti" adlı kitabının elmi redaktoru İlham Həsənov Azərbaycan tarixində güclü sərkərdələr və tarixi şəxsiyyətlərin olduğunu deyib. Bildirib ki, zamanında həmin tarixi şəxsiyyətlər barəsində cəmiyyət məlumatlandırılması, sovet ideologiyası onları fərqli şəkildə insanlara çatdırsa da, günümüzdə yazıçı və araşdırmaçılarımız həmin tarixi şəxsiyyələri xalqa tanıda bilir. İlham Həsənov Nadir şahin güclü sərkərdə olduğunu və bir müharibədə belə məğlub olmadığını söyləyib.
Sonda çıxış edən Cahangir Hüseynov gənclərə tariximizi daha dərindən öyrənməyi, onu mənimsəməyi tövsiyyə edib. O, yaxın vaxtlarda oxucularına yeni əsərlər təqdim edəcəyini də diqqətə çatdırıb. Tədbirin sonunda müəllif kitablarını gənclərə hədiyyə edib.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00