ADU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş TEC-in illik konfransı öz işinə başladı

20 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı  öz işinə başladı.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransın plenar iclasında ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov artıq ənənə halını almış universitetin Tələbə Elmi Cəmiyyətinin illik konfransının keçirildiyini bildirdi. Ümummilli lider Heydər Əliyevin gənclərə həmişə diqqət göstərdiyini bildirən professor bu təşəbbüsün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də davam etdirildiyini və gənclərlə daima görüşlər təşkil edərək onlara hər bir sahədə qayğı göstərdiyini diqqətə çatdırdı. O, hazırda gənclərdə vətənpərvərlik hislərinin güclü olduğunu dedi. TEC-in üzvlərinin sayının ilbəil artdığını söyləyən D.Yunusov konfransda 24 bölmə üzrə 1200-dən çox məruzənin dinləniləcəyini diqqətə çatdırdı. Konfransda fərqlənən tələbələrin mükafatlandıralacağını və beynəlxalq konfransa göndəriləcəyini qeyd edən D.Yunusov  bütün tələbələri aktiv olmağa səslədi, onlara uğurlar arzuladı.
Sonra tələbələrin çıxışları dinlənildi. Pedaqoji (ingilis dili-alman dili) fakültənin ESSEX-4 qrupunun tələbəsi Səbinə Şərifova "Xarici dillərin tədrisində innovativ metod və yanaşmalar" mövzusunda məruzə ilə çıxış etdi. O, xarici dillərin tədrisinin aktuallığından söz açaraq tələbələrə aşılanan biliyin həyatda da tətbiq etməyin zəruri olduğunu diqqətə çatdırdı. S. Şərifova dilin öyrənilməsinin müəllimin seçdiyi metoddan asılı olduğunu dedi. Howard Gardnerin 1983-cü ildə əsasını qoyduğu "Multiple İntellengences" nəzəriyyəsi haqqında ətraflı məlumat verən tələbə hər bir insanın səkkiz zəka növünə sahib olduğunu, lakin onlardan yalnız birinin digərlərindən fərqləndiyini söylədi.
Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 338a qrup tələbəsi Aytən Kamandarlı  "Fransız dilində etimoloji dubletlər" mövzusunda çıxış etdi. Etimoloji dubletlərin yaranma yollarından danışan A.Kamandarlı onların eyni qrammatik kateqoriyaya aid olmasının vacibliyini bildirdi. O, etimoloji dubletlərlə yanaşı, etimoloji tripletlərin də dilin lüğət tərkibinin zənginləşməsinə xidmət etdiyini söylədi.
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin 146A qrup tələbəsi Nərmin Zamanova "Cəbəllütariqin geosiyasi xəritəsindəki mövqeyi" adlı məruzəsində adıçəkilən boğazın adının ərəb sərkərdəsi Tariq ibn Ziyadın adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Avropanı Afrikadan ayıran bu boğazın çox əlverişli coğrafi məkanda yerləşdiyini söyləyən N.Zamanova eyni zamanda onun İspaniya və Böyük Britaniya arasında münaqişəli ərazi olduğunu bildirdi. O, cari ildə keçiriləcək referendumun Cəbəllütariq boğazının siyasi statusuna təsir edəcəyini söylədi. 
Pedaqoji (ingilis dili-alman dili) fakültənin ESSEX 6 qrupunun tələbəsi Nərgiz Allahyarova "Что такое инклюзивное образование"mövzusunda məruzə ilə çıxış etdi. O, təlim-tərbiyənin erkən yaşlardan başlayaraq insanın həyatında vacib rol oynadığını dedi.
Pedaqoji (ingilis dili-alman dili) fakültənin 304 qrup tələbəsi Gülnar Xəlilova "Hüseyn Cavid yaradıcılığında qadın azadlığı problemi" mövzusunda məruzə ilə çıxış etdi. O, H.Cavidin pyeslərində qadının cəmiyyətdə və ailədə tutduğu mövqedən bəhs edərək qadın azadlığı probleminə toxundu.
Daha sonra TEC-in sədri, professor Əsgər Zeynalov konfransın gedişatı və strukturu, həmçinin bölmə iclasları haqqında məlumat verdi, tələbələrə uğurlar arzuladı.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirir.
Qeyd edək ki, üç gün ərzində davam edəcək konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək, fərqlənən tələbələr mükafatlandırılacaq.
Xatırladaq ki, tələbələrin elmi potensialının üzə çıxması, onların elm sahəsində fəallığını istiqamətləndirmək məqsədilə təsis edilən ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00