Vergilər Nazirliyi supermarket şəbəkələrində yoxlamalara başladı

Azərbaycan Vergilər Nazirliyi "Neptun" və "Grand" marketlər şəbəkələrində yoxlamalara başlayıb. Yoxlamalar bu gün səhər saatlarında başlayıb. "Report" xəbər verir ki, əməkdaşların "Neptun" marketlər şəbəkəsinin Nəcəfqulu Rəfiyev küçəsi, 25A ünvanında yerləşən "Neptun Xətai" ("Xətai" m/st. yaxınlığında) və Rəsul Rza küçəsi,29/42 ("H.Aslanov" m/st. yaxınlığında) ünvanında yerləşən "Neptun Həzi Aslanov" marketlərində, həmçinin "H.Aslanov" metrosu yaxınlığında yerləşən "Grand" marketində apardığı müşahidələr faktı təsdiq edib. "Neptun Xətai"də yoxlamalara mülki geyimli 4 vergi əməkdaşı cəlb edilib. Onlardan ikisi kassa əməliyyatlarını yoxlayır, digər ikisi isə market daxilində müşahidələr aparırlar. "Neptun Həzi Aslanov"da da səhər saatlarında müştərilər vergi işçilərinin kassa aparatlarında yoxlama apardıqlarını müşahidə ediblər.

Vergilər Nazirliyindən məsələ ilə bağlı şərh verilməyib.

Xatırladaq ki, ötən gün "Rahat", "Bizim", "Fresko", "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrinin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər. İqtisadiyyat Nazirliyindən sayta bildirilib ki, qeyd olunan yoxlamalarda Nazirliyin əməkdaşları iştirak etmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00