Laçın Rayon Təhsil Şöbəsi korrupsiya və rüşvət girdabında?

Təhsil şöbəsinin müdiri fiziki qüsurlu uşaqlara da gəlir mənbəyi kimi baxır

Son illər ölkədə müsbət istiqamətdə atılan addımlar və həyata keçirilən tədbirlər nəticəsində təhsil sektorunda da inkişaf tempi müşahidə edilməkdədir. Yeni məktəb binalarının tikintisi, tədris prosesinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi kimi müsbət tendensiyalar artıq günün tələbinə çevrilib və təkcə paytaxt deyil, eləcə də regionlarda bu irəliləyişlər müşahidə edilir. Ancaq çox təssüflər olsun ki, bir çox hallarda bu sahədə çalışan rəhbər şəxslər, səlahiyyət sahibləri təhsil sahəsini inkişaf etdirmək əvəzinə ona mane olur, ciddi nöqsanlara yol verir. Elə redaksiyamıza daxil olan şikayət məktubunda da məhz bu sahədə, daha dəqiq desək Laçın rayon təhsil şöbəsində mövcud olan nöqsanlardan bəhs edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da göndərilmiş müraciətdə Laçın rayon Şeylanlı kənd sakini Baxşeyiş Xudayarov Rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyevin özbaşnalıqları, yol verdiyi korrupsiya və rüşvətxorluq əməllərindən bəhs edir: "Laçın rayon Təhsil Şöbəsində korrupsiya və rüşvətxorluq pik nöqtəyə çatıb. Malik Vəliyev dərs ilinin əvvəlindən Azərbaycan Respublikasının Təhsil haqqında qanunları,Təhsil Nazirliyinin müvafiq əmr və sərəncamlarını kobudcasına pozub. Onun fəaliyyəti nəticəsində yerli məktəblərdən rayonumuzun orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərinə yüzlərlə şagird qeyri- qanuni qəbul edilib. Təsadüfi deyil ki, Malik Vəliyev tərəfindən 9,10,11-ci siniflərin şagirdlərinə gəlir mənbəyi kimi baxılır. O, 9,10,11-ci siniflərin şagirdlərindən direktorlar vasitəsi ilə aylıq hesab alaraq onların məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır və həmin şagirdlər repititor yanında hazırlaşırlar. Laçın rayonunda korrupsiya üzrə "mütəxəssislərdən" birincisi olan Malik Vəliyev şagirdlərin hesabına sinif komplektlərinin sayını süni surətdə artıraraq satır. Ümumiyyətlə, Laçın rayonunun bütün orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərində tədris yoxdu". Müraciət müəllifi deyir ki, dərs saatları məktəb direktorlarına qohum olan müəllimlərin adına yazılır. Məvacib alanda isə həmin vəsaitin 50 faizi Malik Vəliyevə çatır: "Bu azmış kimi Malik Vəliyev rayonun bir çox məktəblərinə digər rayonların məktəblərində çalışan və bir çox hallarda dərs saatları üst-üstə düşən müəllimləri ikinci iş yeri kimi qəbul edərək adlarına formal olaraq dərs saatları yazdırır. Alınan vəsaitin 50 faizi də bu cür mənimsənilir". Baxşeyiş Xudayarovun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən araşdırılma aparılsa bir müəllimin iki məktəbdə necə 36-48 saat dərs keçdiyi üzə çıxar: "Əgər Malik Vəliyevin rüşvət yığmaq məqsədi yoxdursa boş vakant dərs saatlarını niyə müəllimlərin işə qəbul musabiqəsinə çıxarmır?".
"Hətta Laçın rayon ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin texniki işçilərinin əksəriyyəti başqa ərazilərdə yaşayır. Ancaq onların əməkhaqqı kartı Malik Vəliyevin cibindədir. Məsələn: Bakı şəhərində yerləşən Laçın rayon 9 saylı tam orta məktəbinin təssərrüfat işləri üzrə müdiri İsmayıllı rayonunda, xadiməçisi isə Şəki rayonunda yaşayır. Hər ikisinin əmək haqqı kartı isə Malik Vəliyevin cibindədir. Təhsil Şöbəsinə öz şəxsi biznesi kimi baxan M.Vəliyev şagirdlərin sayı az olan (50-100 şagird) məktəb direktorlarından yüksək məbləğdə rüşvət alaraq şagirdlərinin sayı çox olan (350-500 şagird) məktəblərə direktor təyin edir. Bundan başqa rayon məktəblərində olan elmi dərnəklərin heç birinin fəaliyyəti yoxdur. Araşdırılma aparılsa burada ciddi maliyyə pozuntularına yol verildiyi aşkarlanar. Məsələn: rayonun 13 saylı, 35, 9 saylı və Qozlu tam orta məktəbində və s. olan elmi dərnəklərin heç birinin fəaliyyəti yoxdur. Malik Vəliyev həmçinin təhsil şöbəsinin işçilərinin adına ezamiyyələr yazdıraraq alınan vəsaiti mənimsəyir". Şikayət müəllifi bildirir ki, təhsil şöbəsinin müdiri fiziki qüsurlu uşaqlara da qazanc mənbəyi kimi baxır. Belə ki, o, fiziki qüsurlu uşaqlar üçün ayrılmış dərs saatlarını əlbir olduğu məktəb direktorları vasitəsilə direktorlara qohum olan müəllimlərin adına yazmaqla onun pulunu da mənimsəyir: "Qanunda nəzərdə tutulmuş qaydada əlil uşaqlara dərs keçirilmir. Həmin əlil uşaqları özləri üçün gəlir mənbəyinə çeviriblər. Bu uşaqlar arasında sorğu keçirilsə, uşaqların onlara dərs keçəsi olan müəllimləri tanımadıqları aşkar olar. Hətta bir çox hallarda sağlam və yüngül fiziki qüsurlu uşaqlar məktəbə gəldiyi halda onlar barəsində saxta sənədlər düzəldilir və fərdi dərs saatları yazılaraq dövlət büdcəsi bu yolla talan edilir. Bundan başqa Malik Vəliyev latın əlifbasını bilməyən, məhdud hərbi xidmətə yararlı olan, hərbi xidmət keçmiş şəxslərdən küllü miqdarda rüşət alaraq daxili əmrlə onları hərbi hazırlıq müəllimi təyin edir: "Təhsil şöbəsinin müdiri vərəm, şəkərli diabet və hepatit C xəstəlikləri ilə pensiya alan müəllimlərə 36-48 saat dərs tədris etdirir. Bunun əvəzində isə onlardan aylıq hesab alır". Baxşeyiş Xudayarov deyir ki, Malik Vəliyev Təhsil Şöbəsindəki vakansiyaları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan gizlədərək müsabiqəyə təqdim etmir və həmin vəzifələri yüksək məbləğdə rüşvət alaraq satır: "O, Laçın rayon idarə və müəssə rəhbərlərindən yüksək məbləğdə rüşvət alaraq övladlarını Təhsil şöbəsində vəzifəyə təyin edir. Malik Vəliyevin əsas gəlir mənbələrindən biri də kağız üzərində mövcud olan məktəblərdir. Məsələn: Gəncə şəhərində və İsmayıllı rayonunda "saxladığı" doqquzillik məktəblər məhz bu qəbildən olan müəssisələrdir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayonun 100-dən çox məktəbində monopoliya yaradıb". Məsələn: Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən Qozlu tam orta məktəbinin direktoru Səfərov Rəhman məktəbdə yol verdiyi ciddi qanun pozuntularına görə təhsil naziri Mikayıl Сabbarov tərəfindən işdən çıxarılmasına baxmayaraq Malik Vəliyev direktor vəzifəsinə onun gəlinini təyin edib. Ümumiyyətlə, rayon məktəblərinin əksəriyyətində məktəb direktoru və direktor müavini ər-arvad işləyir ki, bu da ciddi qanun pozuntusudur". Şikayət müəllifi deyir ki, Təhsil Nazirliyi tərəfindən rayon Təhsil Şöbəsinə verilən dərs vəsaitləri və məktəbli ləvazimatları Malik Vəliyevin rəhbərliyi altında satılır: "Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar. M.Vəliyev dərs saatlarını alver predmentinə çevirib. Bunun göstəricisidir ki, hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) iş yerləri verilmir və həmin yerlər qeyri-qanuni olaraq satılır. Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. Lakin...
Həmçinin təhsil şöbəsinin müdiri saxta diplomları olan şəxslərdən külli-miqdarda ... əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir. Sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxslərin direktor, direktor müavini vəzifələrinə yol açır". Baxşeyiş Xudayarovun sözlərindən məlum olur ki, Malik Vəliyev hər dərs ilində rayon məktəblərinin hesabatlarını qəbul edərkən sinif komplektlərinin sayından asılı olaraq (siniflərin sayı artdıqca rüşvətin məbləği də artır) bütün məktəb direktorlarından yığır: "Korrupsiyanın tüğyan elədiyi Təhsil Şöbəsində elə məktəblər var ki, qapısı aylarla açılmır. Bir çox məktəblərin müəllim və şagirdləri bir birini tanımırlar. Riyaziyyat, kimya, fizika və coğrafiya fənnləri bir çox məktəblərdə formal olaraq fiziki tərbiyyə və ibtidai sinif müəllimlərinə "tədris" etdirilir. Nəticədə təlimin və tədrisin keyfiyyəti aşağı düşür. O, Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Həmkarlar Təşkilatının büdcəsinə yığılmış pulları da əlbir olduğu direktor və müəllimlərin adına yazdıraraq mənimsəyir". Baxşeyiş Xudayarov iddia edir ki, Malik Vəliyevin təhsil şöbəsində yol verdiyi korrupsiya faktları və məmur özbaşnalığı haqqında Laçın rayon vətəndaşları tərəfindən təhsil naziri Mikayıl Cabbarova ünvanlanan mindən çox şikayət və ərizələr isə ört-basdır edilir: "Cənab Prezident inanıram ki, göstərdiyim faktların araşdırılmasına, Təhsil şöbəsinin korrupsiya girdabından xilas olunmasına və M.Vəliyevin Korrupsiya əməllərinin durdurulmasına dair aidiyati orqanlara lazımı göstərişlər verəcəksiniz". Sonda Baxşeyiş Xudayarov qeyd edir ki, Cənab Prezidentə və müvafiq dövlət orqanlarına Malik Vəliyevin Təhsil şöbəsində yol verdiyi korrupsiya faktları haqqinda etdiyi müraciətlər görə təhsil şöbəsinin müdiri onu və ailə üzvlərmi Laçın rayon Prokuroru və Laçın rayon Məhkəməsi ilə hədələyir: "Cənab Prezident, Hörmətli Mehriban xanım sizdən acizyanə xahiş edirəm. Mənim və ailə üzvlərimin Respublikanın başqa bir
rayonuna köçüb qeydiyyata düşməyimizə köməklik edəsiniz. M.Vəliyev mənə və ailə üzvlərimə şər- böhtan ataraq həbs edirəcəyi ilə hədələyir".


Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00