Əbülfəs Qarayev Küveytə səfər edib
7 Aprel 2016 17:08 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Küveyt Dövlətinin Əl-Küveyt şəhərinə səfər edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, səfər zamanı Azərbaycanın turizm potensialının təqdimatı keçirilmiş və buna həsr olunan mətbuat konfransı təşkil edilmişdir. Təqdimatda Azərbaycan turizm imkanları nümayiş olunub, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanmış və reklam çarxları göstərilib. Nazir Əbülfəs Qarayev çıxışı zamanı qeyd edib ki, ölkəmiz Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır və hər kəsi Azərbaycana dəvət edir.
Təqdimat mərasimindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Küveytin informasiya naziri şeyx Salman Sabah Salem əl-Humud əl-Sabah ilə görüşüb. Görüşdə nazir küveytli turistlər üçün Azərbaycanın turizm potensialını təbliğ etmək baxımından KİV və mədəniyyət proqramlarının rolunu qeyd edib.