Komitə sədri: "Milli maraqlarımızı, daxili bazarımızı da qorumalıyıq"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 7-də növbəti iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" sazişin təsdiq edilməsi haqqında, eləcə də "Sosial sığorta haqqında" qanununa dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub. Antidempinq haqqında qanun layihəsi ilə bağlı danışan sözügedən komitənin sədri Ziyad Səmədzadə bildirib ki, bu sənəd ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların dərinləşməsinə yönəlib: "Biz dünyəvi dövlətdə yaşayırıq, amma bununla belə, milli maraqlarımızı, daxili bazarımızı da qorumalıyıq. Odur ki, üzərində növbəti dəfə təkmilləşdirmələr aparılandan sonra bu sənədin bütövlükdə qəbuluna ciddi ehtiyac var". Eyni zamanda, "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində 14-cü maddənin 3-cü hissəsinin ikinci bəndindən sonra aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilib: "Qeyd: Bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, Həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür". Bu ilin fevralın 2-də Dubay şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" saziş isə iki ölkə arasında xarici ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. İclasın sonunda millət vəkilləri qanun layihələrini parlamentin plenar iclasına tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00