Millət vəkili: "Ay qardaşlar, bu qanunu haradan köçürmüsünüz?"

"Qanun layihəsinin dili çox qəlizdir, çox bərbaddır, heç nə başa düşmək olmur.Bunu haradan götürmüsünüz, hansı ölkənin qanunundan köçürmüsünüz?" Bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 7-də keçirilən iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı deyib."Mən dünən Milli Məclisin müvafiq şöbəsi ilə danışdım, iradlarımı bildirdim, çünki həddindən artıq qəliz yazılıb, heç nə başa düşmək olmur. Bunu elə yazın ki, biz mütəxəssislər heç olmasa, başa düşək" - deyən, millət vəkilinin sözlərinə görə, bu sənədin əslində əsas məqsədi daxili bazarı qorumaq, dempinqə məruz qalan məhsulların miqdarını azaltmaqdır: "Mən soruşmaq istəyirəm, ümumiyyətlə, Azərbaycanın dempinqə məruz qalan məhsullarının miqdarı, məbləği nə qədərdir? Hər halda müvafiq qurumlarda bunu bilənlər var. Onlar bunu açıqlasınlar. Bəlkə heç dempinqə məruz qalan məhsullarımız yoxdur? O zaman bəlkə heç bu qanuna da ehtiyacımız yoxdur?" Millət vəkili onu da deyib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmağa hazırlaşır: "O zaman bu qanun həmin təşkilatın tələblərinə uyğunlaşdırılmalıdır. Yoxsa, bizim üçün əlavə problemlər yarana bilər.Azərbaycan ümumiyyətlə, bu məsələ ilə bağlı gələcəkdə hansıa dövlətə öz tələblərini irəli sürəndə, bunu çox ciddi şəkildə əsaslandırmalıdır, yoxsa, bizi məhkəməyə verə bilərlər. Ona görə, yenə soruşuram, ay qardaşlar, bunu haradan köçürmüsünüz - Rusiyanın qanunundanmı, başqasındanmı? Mən indiki zamanda bunu ikinci oxunuşun müzakirəsinə çıxarmağın da tərəfarı deyiləm. Plenar iclasın ikinci oxunuşunun müzakirəsinə kimi, bu sənədi əməlli-başlı təkmilləşdirmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00