Cənubi Qafqazda enerji geopolitikası müzakirə ediləcək

Aprelin 7-9-da tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Dr.Vüsal Qasımlı Moldovaya səfər edəcək. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfər Avstriya Milli Müdafiə Akademiyasının (Austrian National Defence Academy) dəvəti ilə baş tutacaq. O, Avstriya Akademiyası, Avropa Geopolitika Forumu və Moldova hökumətinin təşkil etdiyi "Cənubi Qafqazda enerji geopolitikası" mövzusunda təşkil edilən regional seminarda məruzə oxuyacaq. SAM-ın şöbə müdirinin məruzəsi Cənubi Qafqaz dövlətlərinin enerji siyasəti, enerji təhlükəsizliyi, münaqişələrin enerji təhlükəsizliyinə təsiri, alternativ enerji mənbələrinin istifadə imkanları və işğal altındakı Azərbaycan torpaqlarında su resurslarının idarəedilməsi barədədir. Tədbirdə Avropa İttifaqı, Avstriya və Moldova hökümətinin nümayəndələri ilə yanaşı, həm də nüfuzlu dünya universitetlərinin və beyin mərkəzlərinin təmsilçilərinin çıxışı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00