"Qazılan səngərlər erməni qəbirlərinə çevriləcək"

2 aprel 2016-cı il tarixi Azərbaycan cəmiyyəti üçün fərqli bir mərhələnin başlanğıcıdır. Bu sözləri aznews.az-a deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc son günlər Azərbaycan-Ermənistan təmas xəttində baş verən müharibəni şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan əsgəri uzun illər Qarabağ müharibəsinin həlli yolunu axtaran müxtəlif qüvvələrə açar yolu göstərdi: "Biz yeni tarix, yeni mərhələ qarşısında olduğumuzu bir az sonra hiss edəcəyik. İndi proseslərin içində olduğumuzdan hər şeyi geniş miqyası ilə görmək iqtidarında deyilik. Mənim aləmimdə birinci Qarabağ müharibəsi uzun illər Azərbaycan xalqının həyatına, düşüncəsinə məğlubiyyətçilik, qaçqınçılıq, köçkünçülük, ayrı-ayrı insanların timsalında xəyanətlər və s. gətirmişdisə, 2 aprel fərqli bir düzən, fərqli bir mərhələ üçün başlanğıc nöqtəsi oldu. Belə düşünmək üçün mənim ciddi əsaslarım var. İlk növbədə, hamımıza bəlli oldu ki, uzun illər müxtəlif siyasi danışıqlar, ayrı-ayrı beynəlxalq qurumlar, o cümlədən politoloji dairələrin mövqeləri əsasında Qarabağ münaqişəsinin həlli yolunu axtaran qüvvələrə o yolu Azərbaycan əsgəri göstərdi.

İkinci tərəfdən 90-cı illərdən bu yana nəinki Azərbaycan, eləcə də Abxaziya-Osetiya, eləcə də Dnepryanı ərazi, hətta Yuqoslaviyanın dağılması səbəbiylə onun yerində qalan böyük xarabazarlıqlar üzərində təsis olunan dövlətlərdən həmin torpaqların 1 kv. metrinin belə qayıtdığı hadisəsinin şahidi olmamışıq. İlk dəfə idi ki, məhz Azərbaycanın tarixində bu hadisə meydana çıxdı ki, itirilmiş ərazilərin kiçik bir hissəsi geri qayıtdı. Bəli, bu 2 kənd, 8 yüksəklik deməkdir. Coğrafi olaraq onun ərazisi işğal olunan ərazilərimizin miqyasından çox kiçik ola bilər. Lakin qələbənin böyüyü-kiçiyi olmur. Torpaq - bütün hallarda Vətəndir.

Bu müharibə ilə qarşı tərəf haqqında formalaşdırılan div və əjdaha kimi nəzəriyyələr tamamilə sarsıdıldı. Azərbaycan əsgəri döyüşərək düşmənə elə bir zərbə vurdu ki, o, uzun müddət Ermənistan və Dağlıq Qarabağda yaşayan ermənilər üçün ağır nəticələr doğuracaq. Bu iki kənd bütövlükdə Qarabağ üzərində qələbənin mühüm bir vəsiləsi, mərhələsi olacaq".

Z.Oruc Azərbaycanın qələbə qazanmasında bir neçə amilin rol oynadığını vurğulayıb: "Azərbaycan 90-cı illərdən fərqli olaraq indi vahid bir siyasi elitaya və güclü liderə malikdir.

İkincisi, ordu ayrı-ayrı siyasi partiyalara, müxtəlif dəstələrə tabe deyil. Ordumuz yalnız Ali Baş Komandanın əmrinə tabedir.

Üçüncüsü, qarşı tərəf haqqında o illərdəki fikirləri demək mümkün deyil. Çünki Saakyan, Köçəryan, Sarkisyan o vaxt xalqın gözündə bir sərkərdə qiyafəsində idi. Lakin indi o adamların çağırışları o vaxtkı kimi eşidilmir. Mən bu günlər ərzində hadisələri erməni mənbələrindən izləyən adam kimi deyə bilərəm ki, gerçəkdən məlum təbliğatı bir kənara qoyduqda, ermənilərin nə qədər acınacaqlı durumda olduğu üzə çıxdı. Bəlli oldu ki, beton karkaslarla vurulan istehkamların arxasında xalq yaşamır. Erməni xalqı bu illər ərzində səssiz-səmirsiz şəkildə Qarabağı tərk edib. Mən Əsgəranda, yaxud Ağdərənin müxtəlif kəndlərində həmin çəkilişləri izləyirdim. Orada adamların təsərrüfat şəraiti necədir, sürdüyü maşın hansı markadır, yolları nə vəziyyətdədir, əhali yollarda nə qədər sıxdır kimi detallara fikir verirdim. Baxırdım ki, görək gənclər bu hadisələrə etiraz edərək meydanlara çıxıbmı, dislokasiyada adamlar necə hərəkət ediblər. Bütün bunlar göstərdi ki, ermənilər sanki qəbiristanlıqda yaşayıblar. Reallıq bundan ibarətdir".

Millət vəkilinin sözlərinə görə, son günlər baş verənlər əsl müharibə idi: "Baş verənlər bir neçə gün də davam etsəydi, bu, müharibə idi. Atəşkəsin sadəcə lokal şəkildə pozulması deyildi. Bir neçə gün də davam etsəydi erməni əsgərləri həmin silahı öz hökumət nümayəndələrinə çevirəcəkdi.

Məsələnin başqa bir tərəfi isə odur ki, ermənilər Azərbaycan ərazisində səngər qazıb orada yaşaya bilməz. Əgər qazacaqsa, o zaman qazdığı doğrudan da onun üçün qəbirə çevriləcək.

Fakt odur ki, erməni əsgərlər döyüş mövqelərini ələ verdilər. O əsgəri təkrarən həmin mövqelərə qaytarmaq üçün onun başının arxasına avtomatı dirəyən Ermənistan Prezident Administrasiyası idi, onun rəhbərliyi idi. Lakin əsgərlər də gördülər ki, yad torpağı vətənə çevirmək mümkün deyil. Erməni bilir ki, Əsgəranda qazdığı səngər onun özünün deyil".

Deputatın sözlərinə görə, üçgünlük müharibə Qarabağ münaqişəsinin canının 7 rayonda olduğunu göstərdi: "Bizim üçün bəlli oldu ki, Qarabağın canı 7 rayondadır. Niyə? Çünki Dağlıq Qarabağın inzibati ərazisi 4,38 min kv.kmdir. Yerdə qalan 7 rayon isə 13,2 min kv.kmdir. Müqayisədə gördüyünüz kimi, digər ərazilər Dağlıq Qarabağın özündən 3 dəfə artıqdır. Əhali kütləsinə görə Qarabağdan köçkün düşənlərin siyahısı 70-80 mindirsə, 7 rayondan 800 mindən yuxarıdır. Təsərrüfat, yol infrastruktu, iqtisadiyyat - hamısı göstərir ki, 7 rayon nə qədər stratejidir. Belə olan təqdirdə Azərbaycan illərlə Qarabağın çözüm yolunu arayarkən, daha yaxşı yol tapıldı. Erməni məğlubedilməzliyi mifi sarsıldı. Onlar özlərini qəhrəman kimi təqdim edən romanlar yazır, təqdim edirdilər. Bunlar sarsıldı. Azərbaycan insanı əmin oldu ki, bu ərazilərin qaytarılması ilə proses özü-öz işini görəcək. Necə ki, vaxtilə ayrı-ayrı insanlarımız sadəcə şayiələrdən ərazilərimizi tərk edirdilər, eyni vəziyyət indi ermənilərin içərisinə keçdi. Mən bu günlər ərzində ermənilərin Əsgəranda post qurması hadisəsini erməni mənbələrindən izlədim. Tarix əks-işarə ilə təkrar olundu. Ermənilər indi yad torpaqlarında saldıqları evlərdən qaçmaq məcburiyyətində oldular. Bu, qaçqınçılıq deyil, tam olaraq qaçmaqdır. Atəşkəsdən sonra yaşanan pessimizm halında bütün bu məqamaları göz önünə gətirərək qələbənin yolunda olduğumuzun fərqində olmalıyıq".

Zahid Oruc hesab edir ki, bu atəşkəs 1994-cü il atəşkəsindən tamamilə fərqlənir: "Biz bu qələbə ilə bütövlükdə Xankəndinə bayraq sancdığımızı iddia etmirik. Lakin Azərbaycan ordusunun nüfuzu bu qədər güclü olarkən, 100 minlərlə insan küçələrə çıxıb orduya öz etimadını göstərərkən biz erməni tərəfdə bunun olmadığını göz önünə gətirməliyik.

Proseslər onu göstərdi ki, digər dövlətlər prosesə qarışmadıqda, Azərbaycan meydanda Ermənistanla təkbətək qalanda öz gücünü göstərmək qabiliyyətindədir. Bu dəfə Rusiya ermənilərin gözləntisinin əksinə olaraq, prosesə fəal müdaxilə etmədi. Bu günlər ərzində neytrallığını qorudu. Bir çoxları Vladimir Putindən rus ordusunu Qarabağa yeritməyi tələb edərkən, şimal qonşumuzun rəhbərliyi haqlı olaraq 90-cı illərdəki Rusiya elitasının səhv qərarlarını təkrarlamadı və bu, bizim üçün çox vacib məqam idi.

Hazırda erməni cəmiyyətində Putinə qarşı açıq ittihamlar var. Bunların fonunda hesab edirəm ki, Ermənistan cəmiyyətində parçalanmalar dərinləşəcək. Ermənistanın xarici siyasətində qarşıdurmalar artacaq.

Çünki indi Ermənistan əhalisi itkilər barədə məlumatsızdır, mövcud iqtidar əhalidən bunu gizlədir. Lakin zaman-zaman bu məğlubiyyət haqda cəmiyyət məlumatlandıqca, Sarkisyan öz yerində rahat otura bilməyəcək. Qarabağ dalğasında hakimiyyəti zəbt eləmiş bir adam, elə Qarabağ dalğasında da iqtidarını itirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00