Təmas xəttində baş verənlər gənclərin vətənpərvərlik hisslərinin daha da artmasına təsir göstərdi

Bu günlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir qəhrəmanlıq, vətənpərvərlik dastanı yazdı. Birinci Qarabağ savaşından keçən müddət ərzində ilk dəfə Silahlı Qüvvələrimiz düşmənin mövqelərini yararaq işğal altında olan bir neçə yaşayış məntəqəsini azad etdi. Xəbərlərdən də aydın olduğu kimi aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır. Döyüşlərdə ermənilərə məxsus xeyli sayda tank, artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin  hərbi qulluqçuları da şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Cəbhə xəttində yaranmış gərgin vəziyyət səbəbindən Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxışı zamanı ölkə başçısı bildirib ki, bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır: "Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmişdir. Düşmən yerinə oturduldu.
Yəni, bunu demək istəyirəm ki, bu təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu".
Ali Baş Komandan qeyd edib ki, qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular: "Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq". Prezident vurğulayıb ki, Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil: "Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər". Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyət hər bir Azərbaycan vətəndaşında böyük ruh yüksəkliyi, əzmkarlıq yaradıb. Təsadüfi deyil ki, məhz son hərbi uğurlardan sonra minlərlə gənc Müdafiə Nazirliyinə müraciət edərək könüllü olaraq cəbhəyə getmək arzusunda olduğunu bildirib. Eləcə də Birinci Qarabağ Müharibəsinin iştirakçısı olan veteran döyüşçülər eyni arzu ilə Müdafiə Nazirliyinə müarciət ediblər. Heç şübhəsiz ki, bu da Azərbaycan xalqının, onun gənc nəslinin vətənpərvər ruhda tərbiyə olunmasının bariz nümunələrindən biridir. Bu müsbət tendensiya ölkədə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar tərəfindən də təqdir olunur.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, son günlər Azərbaycan dövlətçiliyi imtahan verdi. Bu yoxlama, təkcə Ordumuzun hazırlığının deyil, həm də cəmiyyətimizin bütövlükdə yetkinlik sınağıdır: "Dövlətin təhlükəsizliyi və güvənliyi fiziki baxımdan əsgər üzərində olsa da, müasir dünyada müharibə bütöv toplumun apardığı savaşdır. İctimaiyyətin bütün seqmentləri öz vəzifəsini düzgün dərk etməlidir. Düşmən tərəfinin təcavüz cəhdinə Ordudan gələn təpki, ibrətamizdir. Deməli, Əsgərin ruhu yüksəkdir. Buna sevinməmək olmur.
Uzun müddətdir şəxsi uğursuzluğunu millətin ayağına yazmaq istəyənlərlə polemikada olan zaman, insanlarımızın haqlı olduğunu sübut etməyə çalışırdım. Ən yaxşı cavabı bu  günlərdə vətəndaşlarımız layiqli şəkildə verdilər. Mətbuatda, sosial şəbəkələrdə, küçədə, dükan-bazarda, döyüş bölgəsində, bir sözlə küllən hamı vətənpərvərlik nümayiş etdirir. İnsanlarımızın Müdafiə Nazirliyindən döyüşə getməyə izn istəməsi, düşmənlə diz-dizə yaşayanlarımızın mətinlik nümayişi, əsgərlərimizin qocaqlığı, şəhid ailələrinin vüqarı, mətbuatımızın operativliyi və cəsarəti, səfirimiz Polad bəyin qətiyyəti, partiyalarımızın dövlətə bağlılığı, Prezidentin mövqeyi xüsusi vurğulanmalıdır. Bəlkə də dinc dövrdə bunları sezməzdik. Kritik vəziyyət "Necəyik?" sualına aydınlıq gətirdi.
Müşahidə etdiyimiz mənzərə millətin potensialını ortaya qoyan, keyfiyyətini nümayiş etdirən gözəl performansdır. Bizim uğurumuzu şiddətləndirən, düşmənə acı yaşadan həm də Türk-müsəlman dünyasından gələn dəstəkdir. İstanbulda, Təbrizdə qardaşlarımızın ayaqlanması, Ankara, və İslamabaddan gələn rəsmi dəstək, suriyalı türkmənlərin mesajları gücümüzün tərkibidir. Bizim nəslin vəzifəsi Vətəni düşməndən azad etməkdir. Bu yolda iqtidar-maxalifət yoxdur, daxili ədavət gömülməlidir, hamı bir nöqtəyə-düşmənə vurmağı bacarmalıdır".
Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı isə bildirib ki, Ermənistan və havadarları tərəfindən sürdürülən, elan olunmamış savaşda növbəti qaynar günləri yaşamaqdayıq. Atəşkəsi pozan işğalçı ölkə ordusuna ordumuzun cavab zərbələri sarsıdıcı olmuşdur: "Başını itirən Ermənistan rəsmiləri yenə qarayaxma, şayiə, böhtan kompaniyasına girişib, dünyanı və öz xalqını aldatmağa çalışır; bununla belə düşmən öz təlaşını da gizlədə bilmir. Artıq, Azərbaycanda yaranan ruh yüksəkliyinə müqabil, işğalçının, bizim Qarabağ torpaqlarında məskunlaşdırdığı, orada, demək olar, zorla tutulan "yığma komanda"sını ovundurmaq, məskunlaşma yerlərində saxlamaq belə müşkülə çevrilib. Alınan bilgilərə görə, cəbhəyanı ərazilərdən kütləvi köçün qarşısını almağa çalışan erməni hərbçiləri silaha əl atmağa məcbur qalıb. Ermənistan rəsmi orqanlarından fərqli olaraq, Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlaması ilə, itkilərimizi də etiraf edib, azad edilən yüksəklik və yaşayış məntəqələri haqqında da bilgi verib. Bilirsiz, indi həqiqəti gizlətmək çox çətindir - düşmən öz itkilərini hər nə qədər gizlətsə də, başqa-başqa qaynaqlar doğruları üzə çıxarır. Bu son olaylar daha nələri üzə çıxardı? - Xalqımızın öz ordusuna, Ali Baş Komandanına böyük güvəninə bir daha şahid olduq. Şahid olduq ki, ordumuz son illər həm vətənpərvərlik, həm də peşəkarlıq baxımından nə qədər püxtələşib. Doğrudur, bəzi KİV-lərimizin, sosial şəbəkə istifadəçilərimizin səbatsızlığını görsək də, vətəndaşlarımız, qurum və quruluşlarımız əsasən toxtaqlı, ustuflu hərəkət edərək, düşmən təxribatına uymadı, gərəksiz haray-həşir salınmadı. İşğalçı ölkəyə də, işğala məruz qalan bizə də eyni sözlərlə müraciət edən ölkələrin, qurum və quruluşların əsl üzünü bir daha görərkən, dünyanın dörd yanından haqlı davamızda bizimlə həmrəylik göstərən qardaşlarımızın varlığını da bir daha gördük. Əlbəttə, hər birimiz ayıq-sayıq olmalıyıq; ordumuza, dövlətimizə bacardığımız qədər mənəvi dəstəyimizi ararsıkəsilmədən göstərməliyik, dünyaya haqq səsimizi yaymaqda davam etməliyik. Vətən sağ olsun! Bu günlərdə azad edilmiş yüksəklik və yaşayış məntəqələri böyük qələbəmizin kiçik müjdələridir. - Əlbəttə, bizim işimiz haqq işidir - biz, əlbəttə, qalib gələcəyik".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00