Psixososial reabilitasiya məsələlərinə dair dəyirmi masa keçirilib

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində aprelin 6-da psixi sağlamlığın aktual məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə müzakirə olunan əsas məsələlərdən biri intiharlarla əlaqədar Azərbaycanda mövcud vəziyyət olmuşdur. Səhiyyə Nazirliyi xüsusilə gənclər arasında intiharların sayının azaldılmasına səy göstərir. Psixi Sağlamlıq Mərkəzində təcili psixoloji yardım şöbəsi fəaliyyət göstərir. Böhran vəziyyətlərində intihar riskinin yüksək olduğu hallarda psixoloji kömək məqsədilə şöbənin nəzdində "Qaynar Xətt" fəaliyyət göstərir. Həmçinin, tədbir zamanı intiharların və böhrana ilkin müdaxilənin profilaktikası məqsədi ilə müxtəlif sahələrarasında, o cümlədən KİV ilə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Dəyirmi masa zamanı psixi xəstəliklərdən əziyyət çəkənlərin arasında stiqmanın yayılması məsələləri müzakirə predmeti olub. Qeyd olunub ki, beynəlxalq statistik məlumatlara görə, 40-70% hallarda psixi xəstəliklərdən əziyyət çəkənlər KİV-lərdə təhlükəli və əqli çatışmazlığı olan şəxslər kimi təqdim edilir.Pasientlərin dəstəyə və tolerant münasibətə ehtiyacı olan şəxslər kimi düzgün xarakteristikası onların ictimaiyyət tərəfindən qarşılanmasını yaxşılaşdıra bilər. Həmçinin, digər vacib məsələlərdən biri psixososial reabilitasiya sisteminin inkişafının müzakirəsi olunub. Son illər Səhiyyə Nazirliyinin səyləri ilə psixi xəstəliklərdən əziyyət çəkənlər üçün uğurlu reabilitasiya proqramları tərtib olunub. Hazırda reabilitasiya tədbirlərində nəinki həkim-psixiatrların, həmçinin kliniki psixoloqların, sosial işçilərin, məşğulluq və digər sahələrdə çalışan mütəxəssislərin iştirakı üçün şərait yaradılıb. Dəyirmi masada ağır psixi pozuntulardan əziyyət çəkən şəxslərin uğurlu psixososial reabilitasiyası nümunələrinin təqdim olunmasında KİV-lərin əhəmiyyətli rolu qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00