Ordumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi
Deputat: “Qələbənin böyüyü-kiçiyi yoxdur”
6 Aprel 2016 13:41 SosialCəbhə xəttində dörd gün davam edən ağır döyüş əməliyyatından sonra atəşkəs yenidən bərpa olunub. Azərbaycan tərəfi bəyan edib ki, bütün döyüş əməliyyatlarını birtərəfli qaydada dayandırır, o şərtlə ki, qarşı tərəf bundan sui-istifadə etməsin. Son məlumatlara görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Silahlı Qüvvələrimiz tərəfindən ciddi surətdə riayət edilir.
Ermənistan tərəfi isə yenə də öz ampulasında qalaraq atəşkəs rejimini davam edir. Buna baxmayaraq, Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir. Maraqlıdır, baş verən son hadisələr zamanı Azərbaycan Ordusu üzərinə düşən vəzifənin öhdəsindən gələ bildimi? Deputat Zahid Oruc qeyd edib ki, Azərbaycan hərbçiləri öz üzərinə düşən vəzifəni yerinə yetirib: "Son olaylar hər birimizdən fərqli addımların atılmasını tələb edir. Bu da ondan ibarətdir ki, Azərbaycan siyasətçisi və vətəndaşı hərbi əməliyyatlar nəticəsində əldə edilmiş o yüksəklikləri siyasi yüksəkliklərə çevirməyi bacarmalıdır. Qələbənin böyüyü-kiçiyi yoxdur. Vətənin hər qarışı qiymətlidir. Bu uğurlar bütövlükdə qələbədir. Fakt ondan ibarətdir ki, Azərbaycan əsgəri üzərinə düşən vəzifəni icra edib və torpaqlarımızın bir qismini işğaldan azad edib". Deputat hesab edir ki, artıq bizlər bu prosesi istər hərbi, istərsə də siyasi cəhətdən irəliyə aparmağı bacarmalıyıq: "Artıq bunun üçün yeni yollar açılıb. Odur ki, biz əsgərlə eyni səngəri bölüşməliyik. Əsgərin öz missiyasi, siyasətçinin öz missiyası var və biz bu missiyanı yerinə yetirib, uğurlar əldə etməliyik. Bu gün Azərbaycan tarixində yeni səhifə başlanır. Bu gün məğlubiyyət, mərsiyyə, matəm ruhu aradan qalxan bir səhifə açılıb və bu səhifəni davam etdirmək lazımdır. Hamımız onun fərqində olmalıyıq". Z.Oruc vurğulayıb ki, 90-cı illə müqayisədə Rusiya bu gün Azərbaycanla yaxşı münasibətdədir və bundan yararlanmaq lazımdır: "Son olaylar zamanı beynəlxalq aləm də Azərbaycanı qınamayıb. Artıq bu vəziyyət erməniləri daha çox narahat etməkdədir. O baxımdam uğurlarımı davam etdirmək, qalib olmaq üçün imkanlar yaranıb və biz bundan yararlanmalıyıq. Misal üçün bu gün Belarusun Azərbaycanın mövqeyini dəstəkləməsi Ermənistan üçün mənəvi bir sarsıntı olub. Belarusun bu addımı faktiki olaraq Ermənistanın hər zaman arxa hesab etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını parçalamaq demək idi. Rusiya son proseslərə loyal yanaşır. O baxımdam biz ermənilərin Azərbaycan torpaqlarında qazdığı səngərləri onların qəbrinə çevirməliyik. Necə ki, bunu sübut etdik və bu davam etməlidir". Z. Oruc əlavə edib ki, bu gün Azərbaycandan fərqli olaraq Ermənistan bir apatiya içindədir və sanki 90-cı illərin Azərbaycanını xatırladır: "Əgər o dövrdə Azərbaycanda hərbi birləşmələr müxtəlif siyasi qruplara və ya hərəkatara bağlı idisə, bu gün Azərbaycanın güclü, Ali Baş Komandana tabe yekdil ordusu var. Siyasi elita vahiddir. Bunun əksinə isə Ermənistnda 90-cı illərin Azərbaycanın yaşayır. 90-cı illərdən fərqli olaraq Serj Sərkisyan xalqının gözündə qəhrəman və böyük lider, xilasedici kimi görünmür. O tamamailə başqa formada, necə deyərlər xalqının uçuruma aparan şəxs kimi qəbul edilir. Proses bir az da davam etdikcə, Sərkisyanın iç üzü tam ortaya çıxacaq. O zaman erməni hərbçisi silahının Azərbaycan əsgərinə qarşı deyil, "Sərkisyanlara" qarşı çevirəcək. Erməni xalqı biləcək ki, ona silahı Azərbaycan ordusu açmır. Silahı erməninin boynunun arxasına dirəyən "Sərkisyanlar" açır. Və onlar bu insanları ölümə göndərir. Yaxın zamanlarda Sərkisyana qarşı proseslərin başlanacağının şahidi olacağıq". Deputat, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan Ordusu cəbhədə baş verənlər zamanı öz hazırlığını bir daha nümayiş etdirib: "Ordumuz düşmənə layiqli cavab verdi. Bir daha sübut etdik ki, Azərbaycan Ordusu Cənubi Qafqazın, post-sovet məkanının ən güclü ordusudur. Ordunun həm texniki təchizatı, həm insan resursları, nizam-intizamı onun güclü olduğunu göstərir. Azərbaycan Ordusu digər qüvvələrin maneçiliyi olmazsa, istənilən an ərazi bütövlüyümüzü təmin edər".YAP icra katibinin müavini təmas xəttində baş verənlərə dünya dövlətlərinin münasibətinə, laqeydliyinə təəssüfləndiyini vurğulayıb: "Bunu tənqid edirəm. Hər bir məsələyə müəyyən standartla yanaşmaq lazımdır. İstər terror, istərsə də atəşkəsin pozulması hadisəsinə güc dövlətlərinin yanaşma tərzi bəşəriyyətin məhvinə aparır. Bu gün bəşəriyyətdə beynəlxalq hüquq normaları deyil, güc hüququ işləyir. Dünya dövlətlərinin bu yaxınlarda Türkiyədə baş verən terror hadisələrinə münasibətləri qənaətbəxş olmadı. Türkiyə NATO-nun üzvüdür. NATO-nun Nizamnaməsinə görə, üzv dövlətlərin hər hansı birində terror və ya ölkə ərazisinə hərbi müdaxilə olarsa, quruma üzv olan bütün dövlətlər birləşməlidir. Biz nəyi müşahidə etdik? Heç bir dövlət Türkiyəyə görə birləşmədi. Amma Brüsseldə baş verən terror aktına görə bütün Avropa dövlətləri birləşdilər və bəyanatlarını verdilər. Pakistanda da terror aktı baş verdi, xeyli insan həlak oldu. Həmin məsələyə də münasibət bildirilmədi. Məgər bunlar insan deyil? Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması nəticəsində şəhid olan hərbçilərimizə görə hamı sarsılır. Dünən Ermənistanın atəşkəsi pozması nəticəsində 12 nəfər şəhid olub. Biz bunu ürək ağrısı ilə qarşılayırıq. Çünki onların hər birinin gələcəyi vardı. Amma onların qəhrəmancasına şəhid olması nümunədir. Millət vəkili kimi ali baş komandanın əmrini gözləyirəm. Əmr verilən kimi ordumuza qoşulub çiyin-çiyinə döyüşməyə hazıram".
Alim